xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də... - TƏHLİL

14-04-2020, 14:56 66 dəfə baxılıb

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də... - TƏHLİL


Virtual aləmə və monitorlara məhkum edilən milyonlarla insan Azərbaycanın yeni neobolşeviklərinin dinləyici auditoriyasına çevrilib. İndi gerçək siyasi arena sensorlu ekranlar üzərində koronoviruslu dünyanın yeganə əlçatan ünsiyyət platformasıdır. Bir vaxtlar böyük rus şairi Puşkinin “ vəba vaxtı pir”i kimi COVİD-19 zamanı gerçək teatral salonlar bağlansa da, virtual lojalar dünya insanın gözü qarşısında taybatay açılıb. Beyin tomoqrafiyası adlandıra biləcəyimiz məkanda istənilən fərdin, sosial-siyasi qrupun hərəkətlərinin dəqiq diaqnozunu qoymaq, epikrezini çıxarmaq mümkündür.

Lakin öncə bir azərbaycanlı ananın, yol təmizliyi kimi müqəddəs və həyat üçün risqli bir əmək sahibinin bütün publik personlar üçün nümunə olacaq sözlərini xatırlatmaqda fayda var.

Beynəxalq miqyaslı tədbir qarşısında ölkənin təmiz və səliqəli görünməsi məramını özünün təhsilsiz, lakin az qala akademik fəhmi ilə yaşayan Ana barışmaz siyasi qütblər, sabiqlər və mühacirlər dəstəsi üçün vətənə əbədi xidmət devizini irəli sürür. Əlləri qabarlı qadın deyir: istərdim, Azərbaycan 1-ci olsun!

Sovetlərin ən güclü tərəflərindən biri ideoloji şüarlar və memlər istehsal etmək bacarığı idi. Müstəqillik tarixində çoxlu faciələr yaşayan və indi müharibə sözü qarşısında yenidən köhnə yaraları oyanan millətin bu dəfə 20 yanvar, 26 fevral üzərinə İtaliya, İspaniyadakı soyqırımla üzləşməməsi böyük hadisədir. Lakin vəzifə ierarxiyasında yer tutmayan sadə bir vətəndaşın “qalib Azərbaycan”dan alacağı mənəvi gücü, qürur və güvənci hər kəsin yaşaya bildiyi şərtdə mümkündür.

“Müharibə və qanun” terminlərini yanaşı işlədəndə iki min illik tarixdə ironik səslər həmişə başqa notları üstələyib. Yox, Oliver Kromvelin, yaxud Napoleon Bonapartın zamanından misal gətirmək yerinə düşməz, çünki onda 20-ci əsrin ərsəyə gətirdiyi Millətlər Liqası, yaxud BMT yox idi. Lakin son 100 ildə də tarixi müstəsna olaraq qaliblər yazıblar. Yəqin, Ermənistanın hansı hüquqa söykənib Azərbaycan torpaqlarını ələ keçirdiyini xatırlatmağa ehtiyac yoxdur. Əks halda, erməni tarixi məntiqini və Stalinin onlara qarşı əbədi pisliyini Münhen tribunasından söyləyən Nikol Paşinyanı növbəti dəfə dinləmək məcburiyyəti yaranardı.

Lakin söhbət daha həyati mətləblərdən gedir, belə ki, hökumətlərin pandemiyaya qalib gələrkən Hüquqlar Haqda Billi, Tomas Cefersonun siyasi fəlsəfi manifestini, yaxud Martin Lüter Kinqin canını verdiyi idealları gözləyib-gözləməsi bizim ölkəmizdə rəqib platformada əsas söz mövzusudur.

Gəlin, birinci cavaba elə Amerikanın dünya şöhrətli qocaman diplomatı, 96 yaşında da bəşəri idrakını itirməmiş Henri Kisincerdən başlayaq. O, planetin hər yerində özünüqoruma istinktinin bütün başqa dəyərlərdən önə çıxdığını, sərt qadağalar və cəza siyasətinin milli təhülkəsiziliyi təmin etmək üçün alternativinin olmadığını yaxşı dərk edərək deyir: ”İndi xilaskar hakimiyyətlə, hər şeyi qanunlar əsasında etmək barəsindəki min illik mübahisələr arasında seçim etmək vaxtı deyil. COVİD-19 pandemiyası dövründə bu dilemmanı həll edə bilmərik. İndi bizə özünüməhdudlaşdırma gərəkdir: istər daxili, istərsə də xarici siyasətdə”.

Dahiyanə deyilmiş fikirlərdir. Söhbət hər şeyə qadir ABŞ-ın mənafeləri üçün yaranan təhlükələrə qarşı az qala sovet liderlərinin leksionu ilə deyilən tədbirlərdən gedir. Onda görün, müstəqillik təməlləri təzə tökülən dövlətlərdən-millətlərdən söz düşəndə, hansı fövqəladə qərarları fərdi insan hüquq və azadlıqlarının üstünə çıxarmaq tələb olunur.

İxtisaslaşmış insan haqları mərkəzləri növbəti dəfə sovet dövrünün ideoloji qəliblərinə salaraq yenə də ölkəmizin adını “pandemiyanı siyasi rəqiblərinə qarşı aşırı güc tətbiqi, azadlıqların və vətəndaş haqlarının daraldılması, beynəlxlaq öhdəliklərdən imtina üçün fürsət” kimi dəyərləndirdiklərinə dair ənənəvi deklarasiyalar yayırlar. Onlar Nyu-Yorka yollanan ABŞ hərbi dəstələrinin küçələrdə sadəcə camaata təbəssüm göstərmək üçün getdiyini iddia edir, hər cür irqi-dini və faşist təmayüllərinin qurbanlarını saymır, yaxud Belçikada, İtaliyada və digər liberal dəyərlərin çiçəkləndiyi ərazilərdə silahlı əsgərlərin həkimlərə təntənəli təzimlər üçün Euronews-un arabir şərhsiz kadrlarını gerçəklik kimi qələmə verirlər. Yaradılan mənzərənin nə qədər saxta və gerçəkliyi əks etdirmədiyinin sübuta ehtiyacı yoxdur. Elə isə, Fransa küçələrindən ayaqları kəsilən “Sarı jiletlilər”i Bastiliya qalasından dünyaya göstərsinlər.

Məgər ölkəmiz cəmisi on nəfər anarxistdən ibarətdir və gizli xəfiyyəmizin də qlobal qayğılarını yalnız onlar təşkil edir? Belə iddianın müəlliflərini, Human Rights Watchun nümayəndələrini gətirib 14-cə gün Masazır Xəstəxanasında saxlayıb sosial təcridə məruz qoysaydılar, bizi 14-cü Lüdovik dövrünün leksionu ilə ittiham edərdilər. Axı onlar da demokratiyaların virusdan qorumadığını yaxşı bilirlər. ”Təhlükəsizliyi üçün azadlığını qurban verənlər sonda hər ikisini itirdilər” deyənlərin Abşeron yarımadasının son 100 ilindən xəbərləri yoxdur. Çarizmin qanlı süngüləri, fevral burjua inqilabı və ikihakimiyyətlilik, Cümhuriyyət idealları və ingilislərlə türklərin Bakıda əldən-ələ keçən ekspansiyası, Qızıl Ordunun oraqlı-çəkicli proletar diktaturası və nəhayət, müstəqilliyin qazanılması üçün ödənilən 20 faizlik torpaq haqqını bizdən alanların cəzasını “Freedom House”, “Amnesty İnternational”, “Artikle 19”, “Sərhədsiz reportyorlar” verəndə danışmağa haqq qazanarlar.

Bəli, pandemiya ilk növbədə, dövlətlər üçün dəhşətli sınağa çevrilib. Xalqı səngərə deyil, evlərə səsləyən yeni savaşın qurbanları birinci növbədə böyük ictimai təzyiq altındakı elitalardır. İlk müvazinətini itirən, yüksək səhiyyə indeksli Niderlandın Sağlıq naziri oldu, ardınca Ukraynada Hökumətin iki ali ranqlı nümayəndəsi, daha sonra sakit Avstraliyanın cərimələndiyi üçün postundan gedən İncəsənət naziri, yenə də savaşın ön cəbhəsində gərginliyə tab gətirməyən Rumıniyanın Səhiyyə rəhbəri, onlarla ölkədə təxirə salınan prezident-parlament seçkilərindən birinə misal olaraq polşalı Baş nazirin müavini, nəhayət, 2-ci dəfə istefası qəbul olunmayan türkiyəli bakan və s. Siyahını tamamlamaq günlər keçdikcə çətinləşir. Lakin qəsdən sona saxladığımız Almaniyanın Hessen torpağının Maliyyə nazirinin ölkəsinin sosial-iqtisadi çağırışlarına cavab verməkdə çətinlik çəkərək intihara əl atan Tomas Şeferdir. Uzun on illərin ağır imtahanlarından çıxan Merkel belə xəbərdən sarsıldığını dedi.

Lakin cəmisi 30 il əvvəl qeyri-sabitlik və xaos ünvanı olaraq tanınan neft Bakısında sakitlikdir, cəmiyyət rəsmi qərarlara itaət, anlayış göstərir, epizodik istehlakçı-istehsalçı spekulyasiyalarına rəğmən ərzaq-qida çatışmazlıqları yaşanmır, dövlətin effektiv idarəçiliyini sarsıtmaq mümkün olmur, ən nəhayət, ölkənin rəhbəri bütün siyasi kəsimlərin və sosial təbəqələrin birləşdirici lideri kimi çıxış edir. Necə ola bilər, cəmi bir il əvvəl bütün hakimiyyət qollarını dəyişmiş, deməli küskün əks-elitaya və narazı iqtisadi qruplara malik olduğu halda belə milli konsolidasiyaya nail olan, qonşu İran və Rusiyada pandemiyanın artan xətt üzrə yüksəldiyi şəraitdə və siyasi dayanıqlığının əsas iqtisadi təminatı sayılan London-Nyu-York birjalarından alınan dalğalı xəbərlər fonunda İlham Əliyev ayaqda möhkəm dayanmağı bacarır, hələ üstəlik regional və dünya miqyaslı təşəbbüslərin müəllifi kimi türk dövlətlərini, Şərqi Avropa ölkələrini səfərbər edir və bütün Azərbaycanı özündə simvolizə edən Heydər Əliyev Mərkəzinin əzəmətli binasından dünyaya həmrəylik və birlik qığılcımları yayır.

Cavab çox sadədir: İlham Əliyev sabitlik və təhlükəsizliyi, ona asi düşənlərsə xaosu və anarxiyanı təmsil edirlər. Fərq yalnız bundadır.

Pandemiyaya qarşı səfərbərlik elan olunarkən prezident heç bir siyasi qüvvəyə fərq qoymadan onları həmrəyliyə və birgə fəaliyyətə dəvət etdi. Obyektivlik naminə məkrdən uzaq olan onlarla partiya və hərəkat hər cür dəstəyə hazır olduğunu nümayiş etdirərək müasir dövlətçilik tariximiz üçün ibrətamiz səhifələr yazdılar. Söhbət qətiyyən Mübarizə Fonduna yardımlar siyahısında həmin təşkilatların maddi çəkisindən getmir. Düzgün təbliğat aparmaqda, yaranmış ictimai həyəcana və suallara müxtəlif tribunalarda verdikləri cavablarda, yaxud sadəcə dünya və Azərbaycan arasında paralellik apararkən qərəzsiz təhlillər verməkdə nümunəvilik göstərdilər.

Deməli, millətin faciələri üzərində siyasət qurmağın hansı fəsadlara gətirib çıxardığını yaxın keçmişimiz unutmayıb. Cəsədləri 17 may 1992-ci ildə Laçın və ondan əvvəl Şuşadan çıxarıb əskər cənazələrini Ali Sovetin binasının qabagına gətirən AXC liderləri həmin çiyinlərdə özlərinə səltənət qurub sonra yenə elə həmin adamları yeni-yeni dəfn mərasimlərinə məhkum etdilər.

Prezidentin parlamentdə yüksək kürsüdən bölüşdüyü barış və dialoq çağırışları konsensus üçün dövlətin iradəsi demək idi. Daxildə düşmən axtarmamaq və ölkədaxili çözüm tapılması üçün on illər ərzində hökm sürən milli həmrəyliyin mühüm bir komponentini-siyasi partiyalar və institutlar arasında yaratmaq, qarşılıqlı ittihamların və düşmənçiiyin əvəzinə “Yeni Kurs” başlatmaq bütövlükdə fərqli siyasi mədəniyyət mühitini formalaşdıra bilərdi ki, bu da onlarla problemin birgə həlli, eləcə də ölkədə məsuliyyətin bölüşdürülməsi və səlahiyyətlərin müəyyən nöqtələrdə paylaşdırılmasına şərait yaradardı.

Vahid cəbhə, ümumi məqsədlər və barışla böyük ideallara çatan bir milləti nümayiş etdirmək mümkün idi. Gürcüstanı hər addımda nümunə göstərən milli demokratiyamızın Mixeil Saakaşvilinin əzəli düşməni İvanişvili-Qaxariya hökumətinə münasibətini xatırlatmaq yerinə düşər. Milli Hərəkat lideri bu günkü düşməninin onun opponentləri deyil, pandemiya olduğunu söyləyərək iqtidarın qərarlarının doğru olduğunu söyləməkdən çəkinmir və bu zaman tərəfdar itkisinə məruz qalmaqdan qorxmur. Yaxud, “Gürcü arzusu”nun digər rəqibi Mamuko Xazaradze “milli konsolidasiya üçün bir masa arxasında bütün çağırışlara cavab verməyin alternativinin olmadığı”nı söyləməsi ibrətamiz hərəkətlərdir. Oturşmuş demokratiyalardan bəhs edəndə isə bizim antihakimiyyət şəbəkəsinin daha miskin obrazı gözlərimiz qarşısında canlanır. Almaniyada bütün parlament fraksiyaları sanki vahid bir partiyaya çevriliblər. Belçikada da oxşar mənzərədir. Misalların sayı onlarladır.

Dünyanın bütün idealistləri koronavirus pandemiyasını bəşəriyyətin ümumi düşməni hesab edirlər. Lakin bizim Milli Cəbhəmiz onu təkcə hakimiyyətin başağırısı sayır və qoca tarixin bizə miras qoyduğu minlərlə fürsətkeşlik səhnələri kimi iqtidarın ugursuzlugu üzərində gələcək planlar qurur. Belə günlərdə heç kəsin milli-dini-irqi-siyasi mənsubiyyətinin fərqi yoxdur, davranış kimliyi əbədi olaraq xalqın mühakiməsinə çəkilir. Kim özünü necə aparırsa, o adla da yaddaşlarda qalır. Elçibəydən miras alınan bir hərəkatın beş-on nəfərlik cəhalət və nifrət yuvasına çevrilməsi müasir Azərbaycanın pandemiyaya qədərki siyasi xəstəliyi, bəlasıdır. Onun müalicəsi isə tamam başqa tərkibli vaksinlərlə aparılmalıdır.

Son müharibə ənənəvi sosial strukturları, qlobal arxitekturları, hərbi-siyasi İttifaqları silkələdəyindən daxildə də siyasi münasibətlərin yenidən formatlanması, acı leksionları, əl-qaidəçi vizyonları və münasibətləri dəyişdirmək üçün bir fürsət idi. Kimsə bunu gizli əməkdaşlıq, düşərgə ideallarına xəyanət və satqınlıq adlandıra bilməzdi. Çünki açıq günəş altında vahid səngərdə hərəkət etməyi mədəni xalqların hər biri təşviq edir.

Əlbəttə, publikaya oynamaq siyasətçilərin vəzifəsidir. Lakin yaşıl meydanla həyat eyni deyil. Müxtəlif informasiya terrorları hesabına yığdığın auditoriya sabit və güclü tərəfdarlar ordusuna çevrilə bilmir. Məsələn, radikal dini elementlərlə birləşən və hələ də özünü inqilabi demokratik qüvvə sayanların çağırışına altı ay əvvəl 150 min insan qoşulub 28 maya dogru hərəkət etsəydi, bütün nəqliyyat arteriyaları kəsilər və millətin taleyi üçün qərarqəbuletmə çətinləşərdi. Halbuki, öyündükləri 19 oktyabr mitinqində bütün narazı kütlələri səfərbər edib ən sonda liderlərin döyüşə atıldığı səngərin bir addımlığında adamların sayı bir əlin barmaqları qədər idi. Saraya hücuma gedən sərkərdələr belə olmur.

Dezinformasiyanın, təhqirin və küçə jarqonlarının meydan suladığı müasir hibrid müharibələrinin daxildə istifadəsinə son qoyulması potensial vətəndaş toqquşlamaları və samosudlar üçün əsas olan mühiti ortadan götürməyə imkan vermir. Ayfonların düyməsini basıb kənar sözə həssas adamları qarşısına alan yalan məlumatları və şayiələr şəbəkəsini, həmçinin şarjlar, “sam sebe“ rejissuraları durdurmaq olmur. İstənilən obyektiv problem-məsələn əyalətlərdə diqqətdən kənarda qalan köçkün və yerli ailənin göz yaşları, uçuq divarları, balasının aclığı siyasətin möhtəkirliyinə dönəndə ortaya əsil qırmızı terror çıxır.

Senzuradan kənar dillə qazanılan uğur iflasa məhkumdur. Mərkəzdənqaçmaya səbəb olan və komandaxili intriqa, dedi-qoduların gerçəklik kimi qələmə verilməsi və çarizmi daxildən süquta uğradan xəbərsızdırmağa, separat müttəfiqliyə, kəşfiyyat mərkəzlərindən ötürülən məlumatların jurnalist təhqiqatları kimi qələmə verilməsinə, daim ekrandan müxtəlif rəsmi adamların linç edilməsinə öyrədilən bir mühitin içindəyik .

Dövlət başçısı ilə bağlı yayılan xəbərlərin dinamikası, ziddiyətli və bir-birini inkar edən ittihamların-infodemiyanın sürəti saatbasaat dəyişir və şəbəkə fəaliyyəti jurnalistikanın adi əxlaqi etalonlarına həqarət olan neyrolinqvistik dələduzluqlarla doludur. Birinci şəxsin səhhəti, onun səlahiyyətlərini birinc-vitse prezidentə növbəti həftədə verəcəyi ilə bağlı iddialar və “ etbarlı məlumat” priyomları baş tutmadıqca aylar sonra sabit rəy sahibi olan insanların ciddi siyasətə inamı itir.

Xəbərlərin xüsusi başlıqlarla qurşaqdan aşağı xarakterli olması müqabilində onun daha çox “şok” doğurmasına baxmayaraq, sonrakı günlər həyatın rutin qayğıları fonunda onun təsiri əriyib gedir. Əli Kərimlinin bütün media quruluşlarına sahiblik edən Qənimət Zahidin iftiralarına sambal və mötəbərlik qatmaq üçün daim ona sızdırılan məlumatlardan bəhs etməsi, yüksək rütbəli adamlardan şahidlər gətirməsi orta statistik azərbaycanlıları tryüklərin qurbanına çevirən ürəkbulandırıcı mənzərələrdir. Onların məşğul oldugu gerçək siyasətin yalnız belə bir paralel üzərində qurulduğunu görməmək mümkün deyil: nə üçün Yaxın Şərq ölkəsinin, yaxud “ərəb baharı” dalğasının səbəb olduğu çoxsaylı insan itkiləri, iqtisadi səfalət və dövlətçiliyin sarsıdılmasına bənzər hərəkətlər neft Bakısında hakimiyyətin təhvili ilə nəticələnmir. Dərindən düşünsəydilər, başlarnı sındırdıqları mətləbi özləri tapardılar. Məgər siyasi sistemi fərqli olan İtaliyanın, yaxud son əsrdə iki dəfə bölünsə də birləşməyi bacaran böyük alman xalqının lideri Angela Merkel oturuşmuş demokratiyalardan birində 4 dəfə baş nazir ola bilməsi cavab deyil?

Strasburqda, yaxud Brüsseldə illərin ev karantinində yetişdirilib üstümüzə silahla göndərilənlərlə eyni sırada dayanan bir qüvvənin rəhbəri heç olmasa çıxıb övladı olduğu torpağı tanımaq istəmir. Şamaxıda təbii fəlakətin sınağına çəkilən yüzlərlə evin-ailənin can savaşında yoxdular. Bakıdan cəmi 120 kim məsafədə adamların yenidən itikilən gələcəklərini bir başqa vətəndaşın iztirabı ilə örtmək, 80 yaşlı Saray nənənin əlindən tutmaq faciə üzrə ixtisaslaşanların işi deyil.

Bəli, xalqsız Cəbhə çox təhlükəlidir. Əbülfəz Elçibəyin təmsil etdiyi Cəbhədə 92-nin sonuna qədər az-çox xalq vardı, indi “P”-ni abreviaturasına əlavə edən bir siyasi hərəkat faktiki olaraq, vitrinini və təşkilati dayaqlarını, milli ideyasını itirərək Yaxın Şərqin əşirət quruluşlarına dönüb. AXC Elçibəylə bitdi, o səhifə 22 avqust - ölüm günündə bağlandı və həmin tarixdə Cəbhə sədrinin tabutu altına çiyin verən minlərlə insan Xəqani-33 də daim silueti görünən bir siyasi vahidin artıq mövcud olmadığını yəqin etdilər.

Partiya kimi bir nəfərə yardım etmirsən, şəhidin, əlilin dərdini siyasi mənfəət üçün sümürürsən, heç nəyə məsuliyyət daşımırsan, insanları daim ittihamçılığa və etiraza öyrədərək demokraik-liberal dəyərlərin daşıyıcısı olursan. Belə Milli Cəbhənin Xəqani küçəsinə yolunu bağlayan Elçibəyin ruhudur. O bütün idarəçilik naşılıqlarına rəğmən millətə olan sevgisi ilə özünə əfv qazana bilirdi.

Prezident böyük korrupsiya şəbəkələrinin üzərinə gedir və heç bir siyasi təşkilatın gücünün yetmədiyi antixalq əməllərin daşıyıcılarından komandasını təmizləyir. Qəribədir, belə halda düşünmək olardı ki, uzun illərdir sərvət talançılarına qarşı barrikada düzəldənlər avtomatik olaraq məhz Birinci şəxsin qərarlarını alqışlayar, şəffaflığın və təmizliyin bərqərar olduğu idarəçiliyin tərəfdarları kimi çıxış edərdilər. Lakin normal məntiq burada acizdir. Ortaya çıxarılan böyük cinayətlərdən sarsılan və qəzəblənən kütləyə yenidən bir başqa hədəf göstərilir: dəyişiklikləri hər vəchlə durdurmaq, başlanan yeniləşməni sabotajla geriyə çevirmək. Hər şeyin əvvəlki tək qalması 90-cı illərin siyasi bataliyalarında yer alanlara tam sərfəlidir. Korrupsioner məmur özünü milli apluada saxlayan zirzəmi müxalifətinin ən yaxşı çörək ağacıdır...

Liderlərin borcu milyonların gözünü açmaq, kütlərərə inam saçmaq və humainzim ideallarını təşviq etməkdir. Əvəzində qarşında nifrəti görürsən. Hər dəfə cansız youtube ekranından ətrafa səpələnən kini-küdurətin fonunda Hobsun “insan insanın canavarıdır” verdiktinin əbədi diri və ölməz olduğuna inanırsan. Məgər tarix başqa siyasi məktəb tanımır? Elçibəyin hərəkat və hakimiyyət birilliyinə qəzəblə yanaşanlar belə onun sadədil və xoşrəftar görüşün daşıyıcısı olduğunu inkar etməyiblər. Bəs onda bizim milli demokratiyamız hansı qurucu ataların ruh övladlarıdır?

İsa müqəddəslik mərtəbəsində əqidəsi və etiqadı naminə çarmıxa çəkilərkən bədən əzaları qırmancın altında belə Roma hökmdarlarına küfr yağdırmırdı.

Baxın, zibillikdə Şərqi deyən Aqil Hümbətova. Hər 5 saniyədən bir ölkə başçısının adını çəkib ətrafa psixoz şüarlar yağdıran adamdan ideoloji işlərə baxan Natiq Adilov zehniyyəti yaxşı “canlı bombalar” çıxacağını deyərək, Elçibəy idealları və Rəsulzadə prinsiplərinə sədaqət andı içdirib ona Cəbhənin vəsiqəsini təqdim ediblər. Görün, hardan-hara gəliblər. Məişət tullantısı meydanını bir nəfərlik mitinq tribunasına çevirən adamdan sosial kamikadze düzəltmək və qladiator kimi iqtidarla mübarizənin ön cəbhəsinə itələmək 90-cı illərin idealizmi və təmziliyi ilə o hərəkata qoşulanların hamısına xəyanətdir. Təkcə Allahverdi Bağırovun adı bir milləti Qarabağ savaşında təmsil edən istənilən təşkilat üçün şərəfli bir mirasdır. Lakin bağırovları gətirib belələri ilə əvəz ediblər.

Əli Kərimlinin çevrəsi Elçibəyin xalq hərəkatından seçdiklərinin hamısını itirəndən sonra cəmisi 3-5 adamdan-özündə trotskçi ruhu daşıdığını bəyan edən Seymur Həzidən, daimi inqilablar fəlsəfəsini naturasında təcəssüm etdirdiyini söyləyən, hər gün yaydığı siyasi krossvordlarla tanınan Fuad Qəhrəmanlıdan və bir də bütün informasiya kanallarını beyin zəhəri ilə təmin edən Qənimət Zahiddən ibarətdir. Rasional düşüncənin inkarı əvəzinə kütlə istintiktlərini və qeyri-şüuri hərəkətləri stimullaşdırmaq, həbsxanalar üçün məhbus istehsalı üzrə müəssisə rolunda çıxış etmək Cəbhəçiliyin on illər dəyişilməyən kredosudur. Nə qədər uğursuz və həyatdan narazı mərəzi ilə tanınanlar, sosial-sinfi simasını itirən adamlar eyni bir düşərgəyə yığılacaqlar?

2-ci dünya müharibəsində qələbənin 75 illyi ərəfəsində tarixin şanllı səhifələrini xatırlayan hər kəs, o rəşadətli illərin başqa bir səhifəsini də unutmur. O da faşizmlə ittifaqa girən, düşmən cəbhəsi ilə sinxron hərəkət edənlərin təkrar mühakiməsidir. Hər gün əllərini yuyan adamların mənəvi sterilizasiyası Osvensemi sanksiyalaşdıran 3-cü Reyxi özü üçün tələb edir. Lakin hakimiyyət onları bu zövqdən və başlarını edam üçün irəli atan adamlardan imtina edir.

Hətta sanksiyalar altında olan dövlətlər bir-birinə əl uzadır.Çin və Rusiya Avropa Birliyinin dünənə qədər sarsılmazlığı və Şengen ideallarının pozulmazlığına dair sədaqət andı içənlərə hərbi kamufulyajla tibbi avadanlıqlar göndərir, həkimlərini Milanı, Madridi yaxalamış təhlükənin ön cəhəsinə yollayır. Bəs siz nə edirisiniz?

Yalnız İlham Əliyevin kontekstində mövcud olmaq, gündə 10 saat çıxışlarını yalnız “Birinci şəxs”ə həsr etmək natamamlıq kompleksidir. Adamlar hazırki Prezidentin ictimai rəydə şəriksiz liderliyini, hətta ən odioz məmurun fəaliyyəti haqda cəmiyyətə çıxan şok faktlar halında belə millətin sıra nəfərinin qəlbində öz rəhbərinə bəslədiyi sevgini və paytaxta üz tutan şikayətçilər dəstəsinin başı üstündə tutduqları portreti görüb hiddətlənirlər. Axı ən müxtəlif sosial təbəqələrin vahid bir hərəkat halında birləşdiyi 90-cı illər inqilabı və xalqın üsyanı niyə təkrarlanmır?

Çünki sizin “Qərbpərəstliyiniz” bizi Ukrayna kimi ərazi itkilərinə və yeni sepratizmlə üz üzə qoyacaq. Bu dəfə 40 faiz ərazi ilə!

Milli Cəbhənin virtual platforması Qarabağda separatizmin təntənəsi olan seçkilərə münasibət bildirmir, Qazax hərbi bölgəsində atəşkəsin müntəzəm pozulması ətrafında Ermənistanın iddia etdiyi 3 vətəndaşının hərbçilərimiz tərəfindən yaralanması barədə beynəlxalq şikayətlərinə cavab vermir və Prezidentin Soçi, Münxendəki intellektual müharibəsini müxalif beynəlxalq müstəvilərdə təkrarlamır. Belə olan halda sual ortaya çıxır-dünyada sinfi-siyasi düşmənçiliyi özünə məram seçən neçə belə qüvvə var?

Koronavirus pandemiyası ilə mübarizədə büdcə ayırmalarının 2.5 milyard manat olduğunu əsas götürərək bəşəri bəlanı istisna olaraq qəbul edəcəyimiz halda həmin vəsaitlə bütün şəhid ailələri, Qarabag əlilləri, digər həssas qurplar, eləcə də təhsil və səhiyyə sahəsində islahatlara yetərincə ayırmalar etməyin mümkünlüyünü hamı yaxşı başa düşür. O halda ictimai rəğbəti və əhalidəki əhval-ruhiyyənin, həyatından məmnunluq dərəcəsinin hansı səviyyədə olacağını təsəvvür etmək çətin deyil. Deməli, milyonlarların can varlığını qorumaq milli təhlükəsizlik məsələsinə çevrildiyindən dövlət daha çətin və özü üçün yetərincə bahalı olan yolu seçdi. Tarixdə ilk dəfə belə çoxmilyardlı resurslar ayrıca götürlmüş halda təqvimin bir dövrü üçün kritik mərhələni keçməyə yönəldilir və nə 20 yanvarda, nə Xocalı hadisələrində, nə də ondan sonra milli rezervlər bənzəri olmayan ölçüdə xalqın həyati ehtiyaclarını ödəməyə yönəlməyib.ABŞ-la yaxud digər aparıcı Avropa, Asiya nəhəngi aparılan müqayisələr heç bir elmi məntiqə, rasional təfəkkürə uyğun deyil, çünki dövlətçilik tarixləri və iqtisadi reallıqları fərqli olan iki vahidi üz-üzə qoymaq diltenatlıqdır. Lakin Azərbaycan lideri ərdəm dövlət başçısı kimi davrandı, müdriklik və əminliklə xalqını xilas edir. Üç milli cəbhədə - Ermənistanla, pandemiya və onun sosial-iqtisadi fəsadları ilə mübarizədə. Elə 20 ildən artıqdır ev karantinində dünyaya 3 kvadratlıq pəncərəsindən baxan, tənha Əli Kərimlini də.

Prezident yeni hakimiyyət qurdu. İndi yeni milli müxalifət doğulmalıdır!
Zahid Oruc






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi