Sumqayıt Dövlət Universitetinin yaradılmasının 60 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir
3-11-2022, 15:56
164 dəfə baxılıb
SDU-nun Elmi kitabxanasında “8 noyabr - Zəfər Günüdür” adlı tədbir keçirildi
Noyabrın 3-də Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında “8 noyabr - Zəfər Günüdür ” adlı tədbir keçirildi.
Tədbirdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov, Elmi kitabxananın müdiri Nailə Əmrahova, Azad Həmkarlar İttifaqının sədri Nemət İbayev, Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi dosent Samir Kərimli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Tayfun Hacılı və tələbə heyəti iştirak edirdi.
Əvvəlcə dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov açaraq “Zəfər bayramı” münasibətilə xalqımızı təbrik etdi, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbə qazanan, qanları ilə tarix yazan Azərbaycan əsgərinin şücaətindən danışdı. Bildirdi ki, noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Bu gün xalqımız qüdrətimizin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbəni yüksək səviyyədə qeyd edir.
Dosent Elmar Xəlilov həmin müharibədə sağlamlığını itirən qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət dilədi. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını vurğuladı.
Elmi kitabxananın müdiri Nailə Əmrahova, eləcə də Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi dosent Samir Kərimli çıxış edərək milli dövlətçilik tariximizdən, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin siyasi-diplomatik fəaliyyətindən danışdılar və bildirdilər ki, bu gün xalqımız böyük Qələbənin xoşbəxtliyi və sevincini yaşayır.
Elmi kitabxananın əməkdaşları Ülkər Ramazanova “Vətən sizə oğul dedi”, Turan Məmmədova “Zəfər tarixi-zəfər yürüşü ” mövzularında çıxış etdilər.
Filologiya fakültəsinin III kurs tələbələri Humay İsayeva “Murovun o üzü də vətəndir ”, Nərmin Qardaşxanlı isə “Xudayar ” şeirlərini səsləndirdilər.
“Mənim doğma universitetim” mövzusunda tələbələr arasında rəsm və əl işləri müsabiqəsi keçirildi
Noyabrın 2-də Sumqayıt Dövlət Universitetinin yaradılmasının 60 illik yubileyi münasibətilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq “Mənim doğma universitetim” mövzusunda tələbələr arasında rəsm və əl işləri müsabiqəsi keçirildi.
Müsabiqənin keçirilməsində məqsəd SDU-nun tarixi yolunu göz önünə gətirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların ideya və baxışlarını əks etdirməklə bacarıqlarını inkişaf etdirmək və motivasiya etməkdir.
Sərgidə tələbələrin rəsm və əl işlərindən ibarət 30 rəsm əsəri nümayiş olunurdu. Bu əsərlərin hər biri özünəməxsus rəng çaları, ideya və mövzu etibarı ilə diqqəti cəlb edirdi və rəsmlərin məzmunu universitet həyatını əks etdirirdi.
Rektor professor Elxan Hüseynov çıxış edərək 60 yaşlı universitetin tarixinə nəzər saldı. Universitetdə görülən işlər, mübadilə proqramları, yeniliklər, strateji inkişaf planı, ali məktəbin tədris, elmi tədqiqat, beynəlxalq əlaqələri istiqamətindəki fəaliyyəti, aparılan islahatlar və ali təhsil müəssisəsinin inkişaf mərhələlərindən danışdı. Bildirdi ki, yarandığı vaxtdan etibarən Sumqayıt Dövlət Universiteti üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün ixtisaslı kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir. Yubiley ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edən rektor tələbələrin əl işləri və rəsm əsərlərindən ibarət müsabiqəni də yüksək qiymətləndirdi.
Sonda Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rəssamı, “Tərəqqi” medallı Nizami Dadaşov, teatrın rəssamı “Tərəqqi” medallı Arif Müzəffərov və universitetin Klubunun tərtibatçı rəssamı Sübhanə Məmmədli 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə tələbələrin əl işlərini qiymətləndirdilər.
Müsabiqənin nəticəsinə görə, I yerə Mühəndislik fakültəsinin 4-cü kurs tələbəsi Ceyran Məmmədova, II yerə Mühəndislik fakültəsinin 2-ci kurs tələbəsi Aytac Məmmədova, eləcə də Tarix və coğrafiya fakültəsinin 1-ci kurs tələbəsi Səbinə Quliyeva, III yerə isə İqtisadiyyat və idarəetmə fakültəsinin 4-cü kurs tələbəsi Kəmalə İbişli layiq görüldülər.
Tələbələrimiz Xalq Təhsili Muzeyinə ekskursiya ediblər
Noyabrın 2-də Sumqayıt Dövlət Universitetinin 60 illik yubleyi ərəfəsində Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının əməkdaşları, həmçinin Tarix müəllimliyi, Tarix və coğrafiya müəllimliyi ixtisaslarında təhsil alan bir qrup tələbə Xalq Təhsil muzeyinə ekskursiya ediblər.
Muzey bələdçisi məlumat verərək bildirdi ki, Xalq Təhsili Muzeyi 1932-ci ildə yaradılıb. Burada maarifçilər, elm xadimləri, ziyalılar, qabaqcıl müəllimlər, təhsil müəssisələri haqqında sənəd və materiallar, tədris prosesini əks etdirən fotoşəkillər və digər eksponatlar nümayiş olunur. Muzeyin elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji ardıcıllığa riayət edən ekspozisiyası altı salonda yerləşdirilmişdir.
Muzeyin birinci salonunda qədim zamanlardan başlayaraq Azərbaycanda pedaqoji fikir və təhsil tarixini özündə əks etdirən sənəd və materiallar, Azərbaycanda VIII əsrdən XX əsrin 20-ci illərinədək ibtidai məktəb və mədrəsələrdə dərs kitabı kimi istifadə olunmuş XVIII əsrə aid İslam dininin müqəddəs kitabı "Qurani-Kərim" saxlanılmaqdadır. Muzeyin II salonu XIX əsrin sonu, XX əsrin əvvəllərində təhsil, III salon 1918–40-cı illərdə təhsil, IV salon ali və orta ixtisas təhsilinin inkişafı, V salon 1941–45, 1946–80-ci illərdə uşaq evləri, internat-məktəblərin yaranması və inkişafı, ümumtəhsil, texniki peşə məktəblərinin fəaliyyətinə dair sənəd və materialları əhatə edir.
Muzeyin VI salonu müstəqillik illərində Azərbaycanda təhsilin inkişafına həsr olunmuşdur. Salonda xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı naminə fəaliyyətini əks etdirən "Heydər Əliyev və təhsil", Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində genişmiqyaslı fəaliyyətini və Heydər Əliyev Fondunun təhsilə göstərdiyi qayğını təcəssüm etdirən materiallar nümayiş etdirilir.
Azərbaycanın zəngin təhsil və maarif tarixinə dair muzeyin bütün salonlarındakı ekspozisiyalar müəllim-tələbə heyəti tərəfindən böyük maraqla izlənildi.
Ekskursiya zamanı tələbələri maraqlandıran suallar cavablandırıldı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR