Türkiyənin Liviyanın şərqindəki qüvvələrlə yaxınlaşması Şərqi Aralıq dənizində qüvvələr nisbətini dəyişdirə biləcək mühüm prosesə çevrilib.
Məsələnin əsasında Türkiyə və Yunanıstan arasında uzun illərdir davam edən dəniz yurisdiksiya zonaları mübahisəsi dayanır. Ankara Yunanıstanın Türkiyə sahillərinə yaxın adalara geniş dəniz yurisdiksiyası verilməsi mövqeyinin Türkiyənin kontinental şelfini və enerji axtarışı imkanlarını məhdudlaşdırdığını bildirir.
Bu qarşıdurmada əsas dönüş nöqtələrindən biri 2019-cu ildə baş verib. Türkiyə həmin il Liviyanın Tripolidə yerləşən hökuməti ilə Aralıq dənizində dəniz yurisdiksiya zonalarının delimitasiyasına dair memorandum imzalayıb. Razılaşma Türkiyə ilə Liviya arasında Aralıq dənizində dəniz sərhədinin müəyyənləşdirilməsini nəzərdə tutur və Ankara bunu Şərqi Aralıq dənizində öz hüquqlarının qorunması baxımından strateji sənəd hesab edir.
Yunanıstan isə ilk gündən Türkiyə–Liviya memorandumuna sərt şəkildə qarşı çıxıb. Afinanın əsas arqumentlərindən biri sənədin Liviyanın şərqində yerləşən Nümayəndələr Palatası tərəfindən ratifikasiya edilməməsidir.
İndi isə vəziyyəti kökündən dəyişdirə biləcək proses başlayıb. Ankara əvvəllər Türkiyənin Liviyadakı əsas rəqiblərindən olan Xəlifə Haftar düşərgəsi ilə münasibətlərini sürətlə yaxşılaşdırır. Türkiyə rəsmilərinin Benqazidə keçirdiyi görüşlər Ankara ilə Liviyanın şərqindəki siyasi və hərbi qüvvələr arasında yeni əməkdaşlıq mərhələsinin yarandığını göstərir.
Əsas məsələ 2019-cu il Türkiyə–Liviya dəniz memorandumunun Liviyanın Nümayəndələr Palatasında ratifikasiyası ehtimalıdır. Belə bir addım Yunanıstan üçün ciddi geosiyasi problem yarada bilər. Çünki Afina illərdir məhz Liviyanın şərqindəki parlamentin sənədi təsdiqləməməsini memorandumun legitimliyinə qarşı əsas arqumentlərindən biri kimi irəli sürür.
Haftar düşərgəsinin mövqeyinin dəyişməsi isə bu hesabı poza bilər. Əgər Liviyanın şərqindəki parlament də razılaşmaya dəstək versə, Ankara həm Tripoli, həm də ölkənin şərqindəki siyasi qüvvələrin dəstəyini əldə etmiş olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.