ABŞ XX əsrin ortalarından etibarən beynəlxalq münasibətlər sistemində strateji güc kimi çıxış edir, müharibələrin, hakimiyyət çevrilişlərinin, təhlükəsizlik böhranlarının və sülh danışıqlarının əsas siyasi mərkəzlərdən biri hesab olunur. Vaşinqton tarixində bir çox konfliktlərin törədicisi, tərəflərdən birinin açıq dəstəkçisi, ideoloji-siyasi rəqiblərini hərbi yollarla məğlub edicisi, iyirmi ilə yaxın antiterror savaşını beynəlxalq koalisiya təşkil edərək aparıcısı da olub, hazırda İranla da gərginlik davam edir. Lakin əsrlərlə qarşı duran dövlətləri danışıqlar masasına gətirən, qlobal təhlükəsizliyin əsas təminatçısı olan dövlət statusunu da qoruması dünyəvi faktdır.
Ağ Evin dörd və ya səkkiz ildən bir dəyişən sahibləri Amerikanın dünya siyasətindəki müstəsna gücünü özlərinin xarici siyasət fəlsəfəsinə uyğun fərqli vasitələrlə həyata keçiriblər. Donald Trampın ikinci prezidentlik dövründə əsas missiyasını qlobal sülh diplomatiyası təşkil etdiyi inkaredilməzdir. ABŞ liderinin bilvasitə təşəbbüsü, iştirakı və təminatı altında səkkiz fərqli münaqişənin dayandırılması və ya müxtəlif miqyaslı silahlı toqquşmaların qarşısının alınması, nəticələrini siyasi obrazının mərkəzi mövzusuna çevirməsi və yürütdüyü dövlət kursunu Amerika liderliyinin yeni modeli kimi təqdim etməsi tamamilə qanunauyğun davranışdır. Cənubi Qafqaz uğurlu səkkizliyin içərisindədir. İki əsrdən çox davam edən erməni-azərbaycanlı düşmənçiliyinin aradan qaldırılmasında müstəsna yer qazanmaq və 8 avqust 2025-ci il tarixində Vaşinqtonda tərəflərə barış müqaviləsini-paraflanmış sülh sənədini imzalatdırmağı bacarmaq nəinki regionda üç imperiya varisi-Rusiya, İran və Türkiyədən də bir addım önə çıxmaqdır, üstəlik şəxsi tərcümeyi-halı üçün misilsiz tarixi nailiyyətdir.
Ağ Evin rəsmi təqdimatında həllini tapan konfliktlər Kamboca–Tailand, Kosovo–Serbiya, Konqo–Ruanda, Pakistan–Hindistan, İsrail–İran, Misir–Efiopiya, Azərbaycan–Ermənistan və İsrail–HƏMAS/Qəzza müharibəsi göstərilir. Rəsmi Vaşinqton siyahını “güc vasitəsilə sülh” siyasətinin nəticələri adlandırır, lakin ayrı-ayrı konfliktlərdə əldə olunan razılaşmaların hüquqi və siyasi dərəcəsi fərqlidir, bəzi hallarda “müharibənin bitməsi” ifadəsi mübahisəlidir. Azərbaycan–Ermənistan sülhü də yeni beynəlxalq təhlükəsizlik arxitekturasının mühüm həlqələrindən biridir.
Lakin ABŞ liderinin 4 sentyabr tarixində Oval kabinetdə çıxışı zamanı, “mən səkkiz müharibəyə son qoydum, ….amma buna görə mənə heç bir qiymət verilmir ” deməsi fonunda gileyində siyasi həqiqət nə qədərdir?
Son iki ilin rəsmi sənədləri, telefon danışıqları, dövlət başçılarının çıxışları və sosial media paylaşımları ədalətli qiymətin ünvanı kimi məhz Cənubi Qafqazı göstərir. Əliyev Trampın sülh siyasətinə yalnız 8 avqust 2025-ci ildə Ağ Evdə təşəkkür etməyib. Obyektiv və cəsarətli qiymətləndirmə Vaşinqton sammitindən xeyli əvvəl başlayıb, sonra müxtəlif beynəlxalq platformalarda daha da dolğunlaşıb, Azərbaycan–ABŞ münasibətlərinin yeni siyasi məzmununa-Strateji Xartiyanın məhək daşına, Cey Di Vensin ölkəmizə səfərinin leytmotivinə çevrilib. Tramp da öz növbəsində, haqlı olaraq prezident İlham Əliyevin adını dəfələrlə açıq şəkildə dilə gətirib, onu “uzaqgörən lider”, “güclü və ağıllı insan” adlandırıb, ona təşəkkür edib və aralarındakı münasibəti dövlətlərarası protokolun çərçivəsindən yüksək tutub.
Əliyevin Trampa münasibətində diqqət çəkən cəhət odur ki, o, seçkinin nəticəsi bəlli olunduqdan sonra Ağ Evin yeni sahibinə uyğun siyasi leksikon seçməyib. 6 noyabr 2024-cü ildə Trampın göndərdiyi məktubda onun birinci prezidentliyi dövründə Azərbaycan–ABŞ əlaqələrinin möhkəmlənməsinə, enerji təhlükəsizliyinə və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığa verdiyi dəstək xüsusi vurğulanmışdı. Noyabrın 25-də telefon danışığında isə daha irəli gedərək Trampın fəaliyyətinin dünyada təhlükəsizliyin təmin olunmasında daha mühüm rol oynayacağına inandığını bildirmişdi. Tramp buna görə Əliyevə təşəkkür etdi və iki ölkə arasında əməkdaşlığın birlikdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı.
Trampın Əliyevə münasibətinin dərinliyi və intensivliyi görüşlərin emosional atmosferi ilə ölçülmür, çünki qarşılıqlı ehtiramın dövlət və siyasi nəticələrini göstərən konkret statistika mövcuddur. Son 30 ildə ABŞ-ın heç bir rəhbərinin Azərbaycan Prezidentinə indiki qədər açıq rəğbəti, güclü dəstəyi və yüksək tərəfdaşlıq ruhu göstərilməyib. Tramp fəaliyyətə başlayandan keçən ilk doqquz ay ərzində sosial media hesabında 7 dəfə, diplomatik platformalarda və siyasi mesajlarında isə 14 dəfə Əliyevə hörmətini yazılı və nitqlərində ifadə etmişdi. Tramp çıxışlarında Azərbaycan və Ermənistanın adını 16 dəfə çəkmişdi. Prezidentlər arasında protokol ehtiramı beynəlxalq münasibətlərdə adi haldır, eyni dövlət başçısının adının, liderlik keyfiyyətlərinin və ölkəsinin yaratdığı sülh reallığının Amerika Prezidentinin sosial media hesablarında, siyasi çıxışlarında və beynəlxalq platformalardakı nitqlərində ardıcıllıqla təkrar edilməsi isə artıq diplomatik nəzakətin sərhədlərini aşan siyasi münasibətin göstəricisidir.
Trampın Əliyevə xüsusi ehtiramı geosiyasi maraqlarla məhdudlaşmır, burada Azərbaycan Prezidentinin şəxsiyyəti, strateji baxışların ortaqlığı və “qlobal layları tərpədən Qarabağ Qələbəsi” dayanır. Vaşinqton Zirvəsi tarixi Qələbənin legitimliyinin tanınması hadisəsidir və Əliyevə hörmət onun siyasi qətiyyətinə, şəxsiyyət miqyasına görədir. Amerikanın hazırkı administrasiyası strateji liderlik qabiliyyəti göstərən rəhbərləri dəyərləndirir, ona görə iki əsrlik reallığı dəyişdirən və yeni geosiyasi inqilab edən bir dövlət başçısına davamlı və açıq rəğbət göstərilir.
Əvvəlki prezident Bayden dönəmində 44 günlük müharibədən sonra sanksiya təşəbbüsləri, gündəlik media hücumları və “Qarabağda xristian dini abidələrinin qorunması” adı altında ölkəmizə təzyiqlər edirdilər. Onlar hakimiyyətdə qalsaydılar, milli ordunu Xankəndiyə hücumda günahlandırardılar.
Tramp administrasiyası dövründə ABŞ-Ermənistan münasibətləri rəsmi Bakı əleyhinə yönəlməyib. Qərb liderlərinin bir qismi tərəfsiz qalsa da, Prezidentin elçisi Stiv Uitkoff qalib, irəliləyən ordunun İrəvana hücum etməməsi əmrini verən Əliyevi “müdrik və məsuliyyətli rəhbər nümunəsi” adlandırmışdı.
Ağ Evdə iki liderin ilk üzbəüz görüşündə maraqlı bir dialoq baş vermişdi. Tramp Əliyevə xatırlatmışdı ki, “biz seçkidə qalib gəlməmişdən əvvəl də mənim haqqımda yaxşı sözlər demişdiniz”. Əliyev cavab vermişdi: “Bəli, Siz qalib gəlməzdən əvvəl”. Ardınca həmin sözlərin səmimi olduğunu, Trampın birinci prezidentliyi dövründə gördüyü işlərlə xalqımızın və beynəlxalq ictimaiyyətin rəğbətini qazandığını söyləməsi təqdirəlayiq hadisəydi. Hələ seçkilərdən əvvəl Şuşa Beynəlxalq Forumunda verilən suala cavabında Əliyev dünyada sülh üçün hansı liderin qalib gəlməsinin uzaqgörənliklə söyləmişdi.
Tramp 1992-ci ildən Azərbaycan–ABŞ münasibətlərinin üzərində siyasi yük kimi qalan 907-ci düzəlişin tətbiqinin dayandırılması istiqamətində də təsirli addımlar atdı. Ağ Evin rəyi və ənənəvi qərarlara yenidən baxması ölkəmizin artan geosiyasi çəkisinin göstəricisidir.
8 avqust 2025-ci il dünya və yerləşdiyimiz regionun tarixində müstəsna yer tutan diplomatik zirvə oldu. Azərbaycan Prezidenti çoxəsrlik tarixdə ilk dəfə əldə olunan nəticəyə görə “Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq” dedi, hadisəni xalqların yaddaşında əbədi qalacaq simvol adlandırdı. Tramp isə Əliyevi “uzaqgörən lider” kimi təqdim etdi, bir çox iddiaların əksinə, 22 ildir ölkəsinə uğurla rəhbərlik etdiyini eşidəndə onu “güclü və ağıllı insan” kimi xarakterizə etdi.
İki liderin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində eyni siyasi mövqedə dayanması Zəfərin yalnız milli miqyasda qalmadığını, Bakı–Vaşinqton yaxınlaşmasının mühüm siyasi dayaqlarından birinə çevrildiyini göstərdi.
Tarixi görüşdən sonra Əliyev–Tramp münasibətləri yeni mərhələyə keçdi: Cənubi Qafqazda sülhə vasitəçilik edən Amerika Prezidenti Azərbaycanı daha geniş sülh diplomatiyasının tərəfdaşlarından biri kimi görməyə başladı.
2026-cı il yanvarın 21-də Əliyev Trampın Azərbaycanı Sülh Şurasına təsisçi dövlət kimi dəvətini qəbul etdi. Məktubunda ona “uzaqgörən liderliyinə və sülh quruculuğu səylərinə” görə yenə də təşəkkürünü bildirən ölkə başçısı bir çoxlarının göstərdiyi ehtiyatlı mövqe müqabilində Azərbaycanın Qəzza münaqişəsinin sona çatdırılması missiyasına qoşulduğunu bəyan etdi.
Bir gün sonra Davosda iki lider yenidən görüşdülər. Artıq əvvəlki razılaşmalar öz nəticəsini vermişdi – danışıqlarda Azərbaycan neft məhsullarının Ermənistana ixracı, taxıl tranziti, Zəngəzur bağlantısı, TRIPP və Sülh Şurası eyni gündəlikdə yer alırdı. Azərbaycan–ABŞ münasibətlərinin gündəliyi Cənubi Qafqazdakı sülhdən Yaxın Şərqdəki təşəbbüslərə və regional bağlantılara qədər genişlənmişdi.
Fevralın 10-da ABŞ vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri münasibətlərin yalnız iki prezident arasındakı şəxsi yaxınlıqdan ibarət olmadığını göstərdi. Dünyanın bir nömrəli dövlətinin ikinci şəxsi Trampın ən xoş arzularını Əliyevə çatdırdı, tərəfdaşlığa görə minnətdarlığını bildirdi və əvvəlki administrasiyanın Azərbaycan siyasətini açıq şəkildə tənqid etdi. Əliyev isə son altı ayı iki ölkə münasibətləri üçün fövqəladə dövr adlandırdı.
Doqquz gün sonra Vaşinqtonda Sülh Şurasının ilk toplantısı isə rəsmi kommunikelərdən daha böyük məna daşıyırdı. Tramp səkkiz münaqişəni həll etdiyindən danışarkən zalda xüsusi cərgədə yer tutan Əliyevə üz tutdu. Otuz ildən artıq davam edən münaqişəni xatırlatdı, iki lideri “sərt, amma yaxşı insanlar” adlandırdı və Ağ Evdə onları bir-birinə necə yaxınlaşdırdığını özünəməxsus üslubda danışdı. “Siz bunun asan olduğunu düşünürsünüz? Asan deyildi”, – deyə Tramp auditoriya qarşısında Əliyevin ayağa qalxmasını xahiş etdi və Azərbaycanla Ermənistan arasında əldə edilən sülhü özünün unutmayacağı hadisələrdən biri adlandırdı.
Qarşılıqlı ehtiram səhnəsi Trampın sonradan “səkkiz münaqişəni dayandırdım, mənə layiqli qiymət etmədilər” fikrinə Cənubi Qafqazdan konkret cavab verir: Bakıdan dərin rəğbət ən yüksək dillə çatdırılıb və dəyər bir dəfəlik jest olmayıb – davamlı xarakter daşıyıb və 12 dəfə təkrarlanıb.
907-ci düzəlişin ləğvi barədə memorandumu Tramp 2026-cı ilin yazında şəxsi qeydi və xoş sözləri ilə Əliyevə xatirə olaraq göndərdi. Əliyev iyunun 1-də açıq şəkildə təşəkkür edərək davamlı jestə “böyük ehtiram” ifadələri ilə qarşılıq verdi. 30 ildən artıq ölkəmizin azadlığına və siyasi inkişafına zərbə vuran bir aktın hüquqi qüvvəsinin dayandırılması mühüm siyasi dönüş, liderlər arasındakı ünsiyyətin xarakterini göstərən qeyri-adi işarə oldu.
Mayın 26-da isə Trampın Azərbaycanın Müstəqillik Günü münasibətilə göndərdiyi məktub artıq münasibətlərin institusional nəticələrini sadalamaqla yanaşı, Əliyevə münasibətində əvvəlki “sülh bağladığım lider” obrazı daha da fərqli statusda - Vaşinqtonun regional strateji tərəfdaşı kimi təqdim edilirdi.
Şuşada 13 iyul 2026-cı ildə müstəsna münasibətin siyasi məzmununu Əliyev özü daha açıq izah etdi. Trampın əvvəlki ABŞ administrasiyalarından fərqini onun sülhə yanaşmasında gördüyünü dedi. Prezidentin fikrincə, əvvəlki vasitəçilik mexanizmləri münaqişəni dondurmağa çalışmışdı, Tramp isə danışıqların final mərhələsində prosesə daxil olaraq sülhü mümkün edən çərçivənin yaranmasına kömək etməyi bacardı. Əliyev Trampa, Stiv Uitkoffa və Arye Laytstouna ayrıca təşəkkür etdi.
Ardınca siyasi ünsiyyət başqa bir müstəviyə keçdi. Tramp Əliyevin Şuşada onun haqqında səsləndirdiyi “Sülh İnsanı” qiymətləndirməsini paylaşdı. İyulun 16-da ona ayrıca cavab verərək Trampın Azərbaycan–Ermənistan sülhündəki rolunu “əvəzolunmaz” adlandırdı və “Siz həqiqətən də Sülh İnsanısınız” sözlərini təkrarladı. Belə ardıcıl paylaşımlar klassik diplomatik məktublaşmadan fərqli olaraq, liderlərarası münasibəti birbaşa dünyaya nümayiş etdirir.
Nəhayət, 8 avqust 2026-cı ildə, Vaşinqton sammitinin birinci ildönümündə Əliyevin Trampa yenidən təşəkkür etməsi, telefon danışığında sammitə ev sahibliyinə və sülh gündəliyinə töhfəsinə görə yüksək qiymətləndirməsi artıq tarixin silinməz faktına çevrilib. Tramp isə Əliyevin sülh prosesindəki rolunu yüksək qiymətləndirdi. Siyasi təqvimin dönüş günündə göndərilən geniş məktubda Əliyev bir il ərzində baş verənləri artıq nəticələrin dili ilə sadaladı: Azərbaycan yanacağının Ermənistana ixracı, tranzit məhdudiyyətlərinin götürülməsi, ticarətin başlanması, TRIPP, Strateji Tərəfdaşlıq Xartiyası və 907-ci düzəlişin dayandırılması. Azərbaycan–ABŞ münasibətlərinin 34 illik diplomatik tarixində ən yüksək nöqtəyə çatdığını bildirdi.
Şəxsi etimad qısa müddətdə institusional tərəfdaşlığa çevrildi. ABŞ üçün qazanılan nəticə çox mühümdür. Tramp Rusiyanın onilliklərlə dominant güc olduğu, İranın tarixi maraq dairəsi saydığı, Avropa Birliyinin uzun müddət vasitəçilik apardığı Cənubi Qafqazda Vaşinqtonun rolunu yeni səviyyəyə qaldırdı. Azərbaycana münasibətdə yaranan dönüş də uğurlu siyasətin mühüm nəticələrindən biridir.
Beləliklə, “Trampa heç kim qiymət vermədi” fikrinin qarşısında Azərbaycanın iki il ərzində formalaşdırdığı tamam başqa mənzərə dayanır. Əliyevin layiqli münasibəti müxtəlif rəsmi platformalarda açıq ifadə edilib, Nobel Komitəsinə rəsmi müraciət olunub, Trampın siyasi cəsarəti və sülh təşəbbüsləri yüksək qiymətləndirilib. Lakin qiymətin həqiqi ölçüsü sözlərin sayından çox, yeni geosiyasi inqilabın nəticələridir.
Qafqazda yaranan sülh İlham Əliyevin tarixi xidmətlərinin davamıdır. Ağ Evdə əldə olunan nəticə isə dəyişmiş regional reallığın dünyanın bir nömrəli siyasi mərkəzində qəbulunun ifadəsidir. Şuşa Qələbəsi regional sülhə və yeni təhlükəsizlik arxitekturasına töhvədir, Bakı–Vaşinqton xətti isə diplomatik yazışma mübadiləsindən daha böyük geosiyasi dəyişikliyə uzanan yoldur. Ən böyük status, ad, titul və qiymət çoxəsrlik düşmənçiliyinə son qoyan liderlərə xalqların sevgisidir!
Zahid Oruc,
Millət vəkili,
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.