Xəbər verdiyimiz kimi Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya rəsmi səfəri başlayıb. Səfər çərçivəsində Ceyhun Bayramovun Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Bu səfər Azərbaycan-Yaponiya münasibətlərində hansı yeni imkanlar yarada bilər? Yaponiyanın bölgədə fəallaşması Azərbaycan üçün hansı iqtisadi və siyasi dividendlər vəd edir?
Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, Yaponiyanın Mərkəzi Asiya və Cənubi Qafqaza marağı artıb:
"Ötən ilin dekabr ayında Tokioda 5+1 formatında Yaponiya-Mərkəzi Asiya Sammiti keçirilib. Yaponiyanın baş naziri Sanae Takaiçi Mərkəzi Asiya ölkələrinin liderləri - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentləri ilə görüşərək, əməkdaşlığın genişlənməsi mövzularında müzakirələr aparmışdı. Müzakirələrin yekunu olaraq Tokio Bəyannaməsi qəbul edildi. Yaponiya növbəti beş il ərzində Mərkəzi Asiya ölkələrindəki müxtəlif layihələrə 20 milyard dollar xərcləməyi planlaşdırıb. Bununla Rusiya, Çin, Avropa İttifaqı və ABŞ-la yanaşı Mərkəzi Asiyanın resursları uğrunda mübarizəyə Yaponiya da qoşulmuş oldu.
Tokio eyni ilə Cənubi Qafqaz ölkələri ilə də əməkdaşlığın inkişafı yollarını arayır. Bu mənada Ceyhun Bayramovun Tokioda keçirəcəyi görüş və müzakirələr ikitərəfli əlaqələrin yeni konturlarını müəyyənləşdirəcək".
Elxan Şahinoğlunun fikrincə, Yaponiya bölgədə rolunu artırmağa qərar verib və bu məqsədlə hərbi büdcəsini artırmaq istəyir:
"Bu amil Moskva və Pekini narahat etməyə başlayıb. Rusiya və Çinin mövqeyi belədir ki, Yaponiya İkinci Dünya Müharibəsinin nəticələrinə riayət etməlidir. Yəni Moskva Pekinin baxışına görə, Tokionun İkinci Dünya Müharibəsində məğlubiyyətindən sonra hərbi xərcləri artırmayacağına dair öhdəliyi var və bu Yaponiya Konstitusiyasında təsbit olunub.
Məsələ burasındadır ki, Yaponiya müharibədə ABŞ-a məğlub olub və Vaşinqton o illərdə Yaponiyanın məhdudiyyətlər qoyub. Ancaq hazırda məhz Vaşinqton həmin məhdudiyyətlərin yumşaldılmasının tərəfdarıdır. Çünki, Yaponiya ABŞ-ın müttəfiqidir və Sakit Okean bölgəsində Vaşinqtonun əsas rəqiblər Rusiya və Çindir. Bu iki ölkənin birgə keçirdiyi hərbi təlimlər həm ABŞ, həm də Yaponiyanı narahat edir. Çin son illərdə hərbi gəmilərin istehsalını artırıb və həmin gəmilər Yaponiya sahillərinə yaxın sularda üzürlər. Bu səbəbdən Vaşinqton Tokioya hərbi büdcəsini artırmağa və hərbi texnika istehsalını artırmağa icazə verib. Bu da Moskva və Pekinin Tokioiya qarşı ittihamların artmasına səbəb olub.
Yaponiyanın müdafiə naziri Şinciro Koizumi Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” təhlükəsizlik forumunda ölkəsinin “yeni militarizm” siyasəti yürütməsi ilə bağlı ittihamları rədd edib və Çini hərbi gücünü sürətlə, kifayət qədər şəffaflıq olmadan artırmaqda tənqid edib. Onun sözlərinə görə, Çin yüksək səviyyədə müdafiə xərclərini artırmağa davam edir. “Çinin xarici siyasət yanaşması və hərbi fəaliyyəti həm Yaponiya, həm də beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur”, - deyə Koizumi bildirib.
O, Yaponiyanın “yeni militarizm”ə qayıtması ilə bağlı ittihamlara cavab olaraq bildirib ki, bunlar məntiqsizdir. “Bir düşünün. Nəhəng nüvə arsenalına və strateji bombardmançı təyyarələrə malik bir ölkə var. Yaponiyada isə belə silahlar yoxdur, amma buna baxmayaraq Yaponiya ittiham edilir”, - deyə nazir vurğulayıb".
Politoloq sonda qeyd edib ki, Tokionu Çinin Tayvan adasına artan təzyiqləri də narahat edir:
"Tokio hesab edir ki, Çin güc yolu ilə Tayvan adasını nəzarətə götürərsə, bu bölgə ölkələrinə, o cümlədən Yaponiyaya ciddi təhlükə yaradacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.