Rusiya vətəndaşlığı alanların sayına görə Ermənistan bütün ölkələr arasında birinci yerdədir.
“Son beş ilin (2017-2021) statistikasına nəzər salanda maraqlı, eyni zamanda da tamamilə anlaşılan bir mənzərə üzə çıxır. Bizim regionu tərk edərək Rusiya vətəndaşlığı alan hayların sayı hər il artır. Və 2021-ci ildə (34145) Rusiya vətəndaşlığı alan haylar 2017-ci ildəkindən(17825) 2 dəfə çoxdurlar”.
“Bunu deputat Sahib Alıyev deyib.
Onun sözlərinə görə, ancaq regionu tərk edib vətəndaşlıq ala bilməyən ermənilərin sayı isə alanlardan dəfələrlə artıqdır.
“Elələri təkcə Rusiya deyil, Qərbə, hətta Türkiyə və Qazaxıstana belə köçüb gedirlər”, - o qeyd edib.
Deputat əlavə edib ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin kütləvi erməni köçünün səbəbini forpostun təhlükəsizliyinin yetərincə təmin edilməməsində görür və Moskvanın bu yöndə müəyyən addımlar atacağını bildirir: “Halbuki əsas səbəb geosiyasi alət rolunda çıxış edən Ermənistanın qonşularına, ilk növbədə də Azərbaycanla Türkiyəyə yanaşmada yeritdiyi siyasət və qarşılığında üzləşdiyi təcriddir”.
“Azatutyun.am”ın yazdığına görə, 2021-ci ilin ilk 6 ayında Ermənistanın 22 min vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib. Bu, son dörd ilin eyni dövrləri ilə müqayisədə rekord göstərici olub.
Məsələn, 2017-ci ilin eyni dövründə bu rəqəm onun təxminən yarısı - 11,5 min nəfər olub.
Rəsmi məlumatlara görə, ümumilikdə Rusiya vətəndaşlığını qəbul edənlər arasında Ermənistan mütləq sayda Ukrayna, Qazaxıstan və Tacikistandan sonra 4-cü yerdə olsa da, lakin öz əhalisinin nisbətinə və Rusiya pasportu alanların sayına görə Ermənistan bütün ölkələr arasında birinci yerdədir.
Bu barədə “Azatutyun.am”a açıqlama verən ARMROST Rusiya-Ermənistan Hüquqşünaslar Assosiasiyasının prezidenti, miqrasiya məsələləri üzrə hüquqşünas Ruben Kirakosyan bildirib ki, müstəqillik əldə etdikdən sonra davamlı olan iqtisadi problemlərə indi müharibədən sonrakı qorxular əlavə olunub.
“Problem ondadır ki, bu gün Ermənistanda müharibədən sonrakı depressiv vəziyyət hökm sürür və bu, təbii ki, insanların gündəlik həyatına təsir edir. Təəssüf ki, çoxları heç olmasa müvəqqəti olsa da Rusiyaya köçməyə üstünlük verir, çünki yaxın gələcəkdə ölkəni nə gözləyir bəlli deyil. Gələnlərin çoxunun isə burada (yəni Rusiyada-red) qalması tendensiyası var”- o bildirib.
Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə baxmayaraq, bu il (2021-ci ildə-red) Rusiyanın Miqrasiya Xidmətində qeydiyyatda olan ermənilərin sayı artıb və Rusiyada hüquqi status almağa başlayıb. Bu ilin ilk 6 ayında 300 min belə erməni qeydə alınıb, ötən ilin eyni dövründə isə bu rəqəm 200 minə belə çatmayıb.
Başqa sözlə, bu ilin birinci yarısına olan məlumata görə, Ermənistan əhalisinin demək olar ki, 10%-i Rusiyada qeydiyyatdadır. Burada söhbət sırf qanuni miqrantlardan gedir. Rusiyada heç bir hüquqi statusu olmadan yaşayıb işləyənlər də az deyil.
Hüquqşünas qeyd edib ki, əgər bir neçə il əvvəl məxməri inqilabdan dərhal sonra çoxları Ermənistana qayıtmaqdan danışırdısa, indi, xüsusən də müharibədən sonra belə tendensiya müşahidə olunmur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.