Bu gün “Texnolgiyadan bir səhifə” – rubrikamızda “Refurbished” telefonlardan bəhs edirik.
Bəzən mobil telefonlarda zavod istehsalı xətalar yaranır. Bu zaman istifadəçi onu aldığı mağazaya, onlar da istehsalçıya geri göndərir. Alıcıya ya yeni telefon verilir, ya da ödədiyi məbləğ geri qaytarılır. Bəs, zavoda geri qaytarılan telefonun aqibəti necə olur?
Minval.info xəbər verir ki, alıcıdan geri qayıdan telefonların nasaz olma səbəbi zavod tərəfindən aşkarlanır, yenidən təmir edilir və satışa çıxarılır. Bu sistemə “Refurbished”, yəni “Yenilənmiş, bərpa edilmiş” deyilir.
Zavod həmin telefonu detallı incələyir, tam işlək və yenidən fərqlənməyəcək hala gətirir. Amma şirkət onu satışa yeni telefon kimi çıxarmır, endirimli qiymətlə satır.
Avropada bu tipli telefonlara, elektronik məhsullara maraq olduqca çoxdur. Belə ki, 1000 dollar qiyməti olan notebook və ya telefon “Refurbished” edilmiş halda 600 dollara satılır. Bu da çoxlarının marağını cəlb edir. Hətta bu cihazların onlayn şəkildə satıldığı saytlar da mövcuddur.
Təmir olunmuş telefonları almağa dəyərmi?
Yenilənmiş mobil telefon yuxarıda göstərilən bütün proseslərdən keçir və mütəxəssis texniki qrupu tərəfindən yoxlanılır, sıfır telefonlar qədər yaxşı işlək hala salınır. Təbii ki, burada da problemlər çıxa bilər. Bu, telefonu “Refurbished” edən markadan, şirkətdən asılıdır. Bəzən isə ən yüksək şəkildə təmir edilmiş telefonlarda belə sonradan problem yarana bilir. Kosmetik təmirdən keçən telefonlarda isə vəziyyət fərqlidir. Onlar ümumi yoxlanışdan keçmir. Sadəcə xarici görünüşü yenilənir.
Yenilənmiş telefonlar niyə ucuzdur?
Yenilənmiş telefonlar yaxşı bir regenerasiya prosesindən keçib sıfır cihaz vəziyyətinə nail olsalar da, nəticədə əvvəllər istifadə edilmiş sayılır. Sanki oyunu 1-0 geridə başlamağa bənzəyir. Əvvəllər istifadə olunduğunu bilən bir telefona kim yenisinin pulunu verər ki? Buna görə də yenilənmiş telefonlar istifadə edilməmiş məhsullardan bir az ucuzdur.
Azərbaycanda aldadılan vətəndaşlar
Avropada “Refurbished” telefonlar rəflərdə ayrı yerlərə yığılır, bu barədə məlumat verilir və ona uyğun qiymətə satışa çıxır. Təbii ki, yenə zəmanət (yejni telefona nisbətddə daha az) və texniki dəstəklə… Yəni alıcı öncədən nəyə pul verdiyini bilir. Amma Azərbaycanda telefon mağazaları müştərilərinə həmin telefonları yeni kimi təqdim edir, qiymətdə də endirim etmir. Alıcılar bunu ya aylar sonra öyrənir, ya da ümumiyyətlə xəbərsiz olur.
“Refurbished” edilmiş telefonları necə öyrənmək olar?
“Apple” şirkəti fırıldaqçı satıcıların varlığından xəbərdardır və öz brendinə zərər gəlməməsi üçün “Refurbished” etdiyi “İphone”larda dəyişiklik edir. Belə ki, “Apple” sertifikatlı yenilənmiş telefonlar həmişə seria nömrələri “5” ilə başlayır, çünki yeniləndikdən sonra seriya nömrəsi dəyişir. Siz “ayarlar”, ardınca “haqqında” bölməsindən telefonun seria nömrəsinə baxaraq telefonunuzun “Refurbished” olub-olmadığını öyrənə bilərsiniz.
Digər telefon markalarında isə bunu öyrənmək demək olar ki, mümkün deyil. Kosmetik görünüşündə sıxıntı olmayan telefonun “Refurbished” olduğunu öyrənmək çətindir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.