Yasamal Telefon Qovşağının rəisi Əli Həsənov - Yanvar ayının 5-də Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı həyata keçirilən sosial islahatların növbəti mərhələsi kimi dəyərləndirilməlidir. Qeyd olunan Sərəncama əsasən minimum aylıq əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən 15 % artırılaraq 345 manata, minumum pensiya isə 280 manata yüksəlib. Həmçinin prosesin davamı olaraq müavinət və təqaüdlər artırılacaq. Qeyd edək ki, son dörd ildə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Bütün bunlar deməyə əsas verir ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.
Aztəminatlı əhaliyə dövlət qayğısını əks etdirən göstəricilər içərisində ayrı-ayrı qrup vətəndaşlara müxtəlif güzəştlərin və imtiyazların verilməsi xüsusi qeyd edilməlidir. Təkcə 2018-ci ildən bu günə qədər sosial müdafiəyə ehtiyacı olan insanların maddi durumunun yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə yanaşı, onların bəzi zəruri tələbatlarının ödənilməsi üçün də dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarı dəfələrlə artırılıb.
Xüsusən şəhid ailələri və qazilər dövlətimiz tərəfindən maddi və mənəvi qayğı ilə əhatə olunur. Nümunə üçün deyə bilərik ki, “YAŞAT” fondu post müharibə dövrü üçün həyata keçirilən ən uğurlu layihələrdən biridir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 8 dekabr 2020-ci ildə imzalanmış bu layihə bu gün də fəaliyyətini uğurla davam etdirir. Dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək haqlarının, təqaüdlərin davamlı şəkildə artırılması, ölkədə sosial infrastruktur layihələrinin ən müasir standartlara cavab verən səviyyədə üçün xüsusi tədbirlərin həyata keçirilməsi vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır.
Əlbəttə ki, müharibədən yeni çıxmış bir ölkə üçün bu cür çətin məsələlərin öhdəsindən gəlmək o qədər də asan deyil. Lakin dövlətimiz bu çətin vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır, ölkəmizdə heç bir sosial layihə təxirə salınmır, əhalinin rifahının yaxşılaşdırılması ardıcıl şəkildə davam edir. Bütün bunlar- ölkəmizdəki sağlam yaşam mühiti, təhlükəsiz həyat şəraiti, şübhəsiz ki, dövlətimizin başçısı İlham Əliyevin apardığı və qarşıya qoyduğu məqsədyönlü, qabaqcıl siyasətinin nəticəsidir.
Artıq tarixə çevrilən 2022-ci il Azərbaycan üçün uğurlu oldu. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində respublikamızın 2022-ci ildə ayrı-ayrı sahələrdə qazandığı uğurları xüsusi vurğuladı. İlk növbədə, Vətən Müharibəsinin başa çatmasından ötən iki il Azərbaycanın gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Ötən il Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində və Ermənistanla şərti sərhədlər boyunca bir neçə hərbi əməliyyat həyata keçirilib. Bu əməliyyatlar zamanı Ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə olması bir daha öz təsdiqini tapdı. Düşmən və onun havadarları gördü ki, Azərbaycanın “Dəmir yumruq”u yerindədir. “Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bilmişdir” - deyə Prezident İlham Əliyev vurğulayıb.
İşğaldan azad olunmuş ərazilərdə düşmənə qarşı hərbi üstünlüyünü təmin etməsi qalib Azərbaycanın danışıqlar masasında mövqeyini daha da gücləndirir. Ermənistanın havadarları, xüsusilə də bu ölkəni özünün bacısı adlandıran Fransa 44 günlük müharibə zamanı olduğu kimi, ötən ildə də Azərbaycana təzyiq cəhdlərində bulundu. Fransa prezidenti Emmanuel Makron 2022-ci ildə yerli mətbuata verdiyi müsahibəsində Ermənistana havadarlıq etdiyini açıq mətnlə dilə gətirdi. Həmçinin bu ölkənin parlamenti Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etdi. Ancaq belə təzyiq vasitələri ilə ölkəmizi, xalqımızı qətiyyətli mövqeyindən geri döndərmək əsla mümkün deyil. Dünya Azərbaycanın haqlı olduğunu görür və respublikamıza dəstək verir. Bunu ötən ilin dekabr ayında BMT Təhlükəsizlik Şurasında Fransanın ölkəmizə qarşı növbəti qərəzli təşəbbüsünün iflasa uğraması bir daha təsdiqlədi. Fransadan gələn ölkəmizə qarşı qərəzli qətnamənin qəbul edilməsi təşəbbüsü Azərbaycanın dostlarının ədalətli yanaşması sayəsində rədd edildi.
2022-ci ilin ən mühüm hadisələrindən biri Laçına tarixi qayıdışımız oldu. Bunu böyük nailiyyət kimi səciyyələndirən dövlətimizin başçısı vurğulayıb: “Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”. Azərbaycan Ordusunun avqustun 26-da Laçın şəhərində yerləşməsi və burada bayrağımızın ucaldılması üçtərəfli Bəyanata əsasən Laçın dəhlizinə alternativ marşrutun inşasının Azərbaycan tərəfindən başa çatdırılması sayəsində mümkün olub.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşayan Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması postmüharibə mərhələsində Azərbaycanın gündəliyində duran əsas məsələlərdən biridir. Bu dəhlizin yaradılması ölkəmizin milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Respublikamız müharibədən sonrakı mərhələdə yeni dəhlizin yaradılması ilə bağlı danışıqların səmərəliliyinin artırılması və praktiki müstəvidə işlərin sürətləndirilməsi istiqamətində israrlı yanaşma sərgiləyir. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycanın əsas hədəfləri sırasında yer aldığını növbəti dəfə diqqətə çatdırıb: “Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.
Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm halqa təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanının, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportunun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək.
Beləliklə, qazanılan uğurlarla yanaşı qarşıdakı dövrdə də yeni, mühüm hədəflər var. 2023-cü il bu hədəflərə çatmaq naminə mühüm il olacaq!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.