2020-ci ildə Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə işğalçı Ermənistan qüvvələrini torpaqlarımızdan qovub çıxaran rəşadətli Azərbaycan Ordusu Qarabağı azadlığa qovuşdurdu. Artıq iki ildir ki, azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri başlanıb, yollar çəkilir, digər infrastruktur layihələri icra olunur. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan dövlət büdcəsindən Qarabağın bərpası üçün milyardlarla manat vəsait ayırır. Sürətli gedən quruculuq işləri “Böyük Qayıdış” layihəsinin qısa zamanda başa çatacağını deməyə əsas verir.
Nəzərə almaq lazımdır ki, Ermənistan bütün Qarabağ ərazisini minalayıb, yaşayış məskənlərini dağıdıb. Amma Azərbaycan qısa zamanda “Böyük Qayıdış”ın ilk mərhələsini həyata keçirib. Bu da Azərbaycan dövlətinin hər sahədə güclü olduğunun göstəricisidir. Müharibənin bitməsindən qısa zaman keçməsinə baxmayaraq, artıq məcburi köçkünlər öz yurdlarına geri qayıdır. Qarabağ torpağı öz sahiblərini 30 il sonra qarşılamağa başlayıb. Keçmiş məcburi köçkünlər tezliklə mərhələli şəkildə öz doğma ocaqlarına qayıdacaqlar.
Qürurverici haldır ki, heç vaxt bu torpaqları görməyən, ata-babaları bu torpaqların sakinləri olmuş vətəndaşlarımız da buraya köçüb yaşamaq arzusundadırlar. Artıq Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış başlayıb. Buraya köçən insanların rahat yaşamaları və işləmələri üçün hər cür şərait yaradılıb. Prezident cənab İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi: "İşğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerləbir etmişlər. Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Vətən çəkir və hamımız qayıdacağıq. Keçmiş qaçqınların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər."
44 günlük Vətən müharibəsində qazandığımız parlaq zəfərin üzərindən heç bir gün keçməmiş, Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev yurdlarından didərgin salınan yüz minlərlə insanın tezliklə doğma torpaqlarına qovuşacağının müjdəsini vermiş, demişdi: "Siz köçkün deyilsiniz, siz qayıdırsınız". Sözü imzası qədər qüvvətli olan lider, Ali Baş Komandan Prezident cənab İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan Prezident cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk gündən həyata keçirdiyi siyasət respublikamızın davamlı yüksəlişini, möhkəmlənməsini, qüdrətlənməsini təmin edib. Regionda yeni reallıqlar yaradan dövlətimizin bölgənin gələcəyi ilə bağlı hədəfləri böyükdür. Bu hədəflərə çatmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər edir.
Sülhün və təhlükəsizliyin qarantı olan dövlətimiz işğaldan azad edilmiş Qarabağın, Şərqi Zəngəzurun bərpası və insanların öz doğma yurdlarına qayıtması üçün qarşısında qoyduğu hədəflərə qısa müddətdə nail olacaq. “Böyük Qayıdış” reallaşdıqdan sonra bərpa edilmiş yaşayış məntəqələrində məskunlaşacaq insanların işlə təminatı, həmin bölgənin iqtisadi imkanlarının yüksəldilməsi məsələləri də indidən diqqət mərkəzindədir. “Yaşıl enerji” istehsalı ilə bağlı layihələr artıq xarici investorlarla geniş şəkildə müzakirə edilir. Bu ərazilərimizdə bərpaolunan enerji potensialı on min meqavat təşkil edir. Şuşa, Kəlbəcər, Laçın, Hadrut, Ağdam və s. bölgələr turizmin inkişafı baxımından olduqca perspektivlidir. Bu bölgələrin turizm imkanlarından səmərəli istifadə olunarsa, xeyli sayda insan əlavə iş yerləri ilə təmin edilər. Qarabağ və Şərqi Zəngəzur kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından da əlverişli bölgələrdir. Artıq bu, bir reallıqdır ki, Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi ilə “Böyük Qayıdış” reallaşır.
Aytən Hacıyeva
Şirvan-Salyan RTİ-nin Salyan rayonu üzrə
Təhsil sektorunun aparıcı məsləhətçisi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.