Qoşulmama Hərəkatı formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır. Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Hərəkat konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır.
Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.
Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Prezident cənab İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-adım strateji hədəflərə yaxınlaşdırır. Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan Respublikası son 19 ildə nəinki müstəqil dövlət kimi beynəlxalq mövqeyini formalaşdırdı, həm də mənsub olduğu regionda liderliyi ələ alaraq, bütövlükdə, dünya siyasi proseslərində söz sahibinə çevrildi. Məhz Prezident İlham Əliyevin məqsədyönlü və qətiyyətli xarici siyasət kursu sayəsində bu gün Azərbaycan Respublikası Türk Dünyası və İslam ölkələri arasında mötəbər status qazanmış, ABŞ və Avropa Birliyinin Şərqdə ən etibarlı strateji müttəfiqlərindən birinə çevrilmişdir.
Qarşıdurmalar və konfliktlərlə müşahidə olunan müasir dünya düzənində Azərbaycanın ədalətli və sülhpərvər mövqe tutması dövlətimizin nüfuzuna xüsusilə müsbət təsir göstərir. Bu baxımdan Qoşulmama Hərəkatı ölkəmizin xarici siyasətində mühüm mövqe tutur. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müstəsna fəaliyyəti və təşəbbüskar siyasəti nəticəsində Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin vacib ünvanına çevrilmişdir. Məhz bu səbəbdəndir ki, qurumun bir çox tədbirlərinə Bakı ev sahibliyi edir. Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında qeyd etmişdir: "Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib. Bilirəm ki, Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bəlkə də bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Çünki bu gün biz dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidi oluruq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər."
Bu günə və sabaha yönəlik fəaliyyəti ilə bəşəri ümidlər doğuran bu təsisatın Azərbaycan dövlətinin təşəbbüsü ilə ərsəyə gəlməsi və ilk addımını Bakıda atması ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq göstəricisidir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı həm qurumun, həm də ölkəmizin siyasi həyatında mühüm əhəmiyyət kəsb edir.
Rəşad Zeynalov,
Salyan rayon Yuxarı Xalac-2 saylı kənd tam orta məktəbin direktor müavini
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.