“Yaşıl gələcək bizim gözümüz ilə" adlı fotomüsabiqə keçirilir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən “Yaşıl gələcək bizim gözümüz ilə" adlı fotomüsabiqə (bu il dekabrın 3-dən 2025-ci il fevralın 20-dək) elan edilir. Müsabiqəyə ölkəmizdə təbii ehtiyatların qorunması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, “yaşıl iqtisadiyyat”a keçid, COP29-un fəaliyyət strategiyaları haqqında maarifləndirmə məqsədilə keçirilir.
aia.az xəbər verir ki, müsabiqə məqsədlərindən biri də Azərbaycanın milli parkları, təbiət parkları, təbiət abidələr və su-bataqlıq ərazilərində yaşayan heyvanların (fauna) və bitkilərin (flora), mənzərə gözəlliklərinin fotoşəkillərini hazırlamaqla, Azərbaycanın zəngin təbii mühitini tanıtmaqdır. Bu ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitinin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə olaraq bir nümunədir. Müsabiqə mövzuları üzrə kreativ, innovativ ideyaları özündə əks etdirən fotoların təqdimatı, həmdə iştirakçılarda ekoloji məsuliyyətin artırılması, ünsiyyət, əməkdaşlıq bacarıqlarının inkişafına dəstək verəcəkdir.
Müsabiqəyə Azərbaycanda yaşayan bütün həvəskar və peşəkar fotoqraflar qatıla bilərlər. Müsabiqənin şərtləri, mövzuları və fotoşəkillərin təqdimat qaydaları haqqında geniş məlumatı bu linkdən əldə edə bilərsiniz: https://www.astirk.az/musabiqe
Müsabiqəyə qəbul edilən fotolar kodlaşdırıldıqdan sonra Təşkilat komitəsi tərəfindən qiymətləndiriləcəkdir. Müsabiqə mövzularına uyğun üç foto qalib elan ediləcək. Qaliblər Təşkilat komitəsi tərəfindən mükafatlandırılacaq.
Müsabiqə prosesləri və mükafatlandırma mərasiminin təşkili Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən həyata keçiriləcəkdir.
Müsabiqənin nəticələri təşkilatın rəsmi saytında dərc olunacaq. Yekunda iştirakçıların 30-dək fotosunun yer aldığı fotosərginin təşkili də nəzərdə tutulub. Sərgi iştirakçısı olan foto sahiblərinə sertifikat veriləcək.
Qeyd edək ki, fotolar 2025-ci il fevralın 25-dək [email protected] ünvanına göndərilməlidir. Müsabiqə barədə məlumatı
https://www.astirk.az/musabiqe saytından, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Media və kommunikasiya şöbəsindən əldə etmək olar.