Məmməd Alıyev: Qazaxda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhidlərin məzarları ziyarət olunub
29-12-2023, 12:54
11 dəfə baxılıb

Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev - Qazaxda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhidlərin məzarları ziyarət olunub
Bu gün də qürurla söyləyə bilirik ki, 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsi son 200 ildə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan şanlı Zəfər salnaməsidir. Bu tarixi Qələbə isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq şəklində birləşməsi sayəsində mümkün oldu. Şəhidlərimizin qanı, canı bahasına əldə etdiyimiz bu Zəfər, tarixi Qələbə bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu bir daha nümayiş etdirdi. 30 illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, Qazax rayonu da şəhidlər verdi. Vətən torpağı bütöv olsun deyə döyüşdə qəhrəmanlıq göstərən Qazaxın igid, mərd oğulları da Şəhidlik zirvəsinə yüksəldilər.
Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa etmək üçün bütün qüvvəsi ilə səfərbər olan və sonunda xalqımıza Böyük Qələbə sevinci yaşadan şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə minnətdar olmaq hər bir vətəndaşın borcudur.
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğını əldə rəhbər tutan rayon rəhbərliyi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində, 2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə yüksələn oğullarımızı da unutmayıb, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Kəmərli, Qaymaqlı, Aslanbəyli, Daş Salahlı, Fərəhli, Qızıl Hacılı, Alpout kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. İgid oğullarımızın ailə üzvləri ilə birlikdə məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Rayon rəhbəri cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr edib, qürur duyduğunu bildirib. Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin borcu olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan qazaxlı oğullarımızın hər birimizin əzizi olduğunu bildirib.
“Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəsə nümunədir", - deyən icra başçısı bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi bayram ərəfəsində yad etməyi özünə borc bildiyini dilə gətirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Vətən müharibəsi şəhidləri kiçik çavuş Sərxan Mustafayevin atası İslam Mustafayev, leytenant Mayis Yaqubovun anası Ruhiyyə Yaqubova və başqaları şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını razılıq hissi ilə qarşılayıblar. Övladları ilə bağlı həyata keçirilən və keçirilməkdə davam edən bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
İcra başçısı Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələn qazaxlı igid Vətən oğullarının ailələri ilə görüşüb
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə ucaldı.
Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Aqşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər.
Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncama əsasən hər biri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş igid Vətən oğulları bizim qəlbimizdə əbədi yaşayacaqlar.
Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə göstərdikləri dövlət qayğısını hər zaman əsas götürən rayon rəhbərliyi bütün şəhid ailələri kimi, antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailələrini də diqqətdə saxlayır.
Dekabrın 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan gizir Elvin Əhmədovun, (MAHHXHQ) baş çavuş Ramin Hüseynovun, (MAHHXHQ) əsgər Fərid Nəbiyevin ailəsi ilə görüşüb. İcra aparatının məsul işçiləri ilə birlikdə şəhidlərimizin ailələrinin qayğıları ilə maraqlanıb, istəklərini, təkliflərini dinləyib.
İcra başçısı Rəcəb Babaşov şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə bir daha səbir diləyib. Rayon rəhbəri qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildirib. Rayon rəhbəri ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizlə, Qazaxın qəhrəman oğulları ilə bu gün hər kəsin fəxr etdiyini vurğulayıb. Əldə etdiyimiz tarixi Zəfərlərə, Qələbələrə, Qarabağda, Xankəndində üçrəngli bayrağımızın dalğalanmasına görə Müzəffər Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib.
“Hər birimizin qəlbində bütün şəhidlərimizin xatirəsi əzizdir. Bu gün İlham, Elvin, Ramin, Fərid, Aqşin kimi oğullarımızla hər bir azərbaycanlı, qazaxlı fəxr edir”, - deyən icra başçısı bütün şəhidlərimiz kimi, onların da heç zaman unudulmayacağını, nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını dilə gətirib.
“Hər bir şəhid ailəsi bizim üçün əziz və doğmadır. Şəhidlərimizin adlarını əziz tutmaq, yaşatmaq hər birimizin vəzifə borcudur. Ölkə başçısı, Birinci vitse-prezident şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimizə nümunə olmalıdır. Özümə borc bildim ki, bu gün siz şəhid ailələri ilə görüşüm, az da olsa dərdinizə şərik olum”, - deyən icra başçısı şəhid ailələrinə göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini qeyd edib.
İcra başçısı Qazax rayonunda şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi, eləcə də digər döyüşlər zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinə yaradılmış guşəni, 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək üçün inşa olunan “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini bu sahədə görülən işlərin bariz nümunəsi kimi qeyd edib.
Rayon rəhbəri 2021-ci ildə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazıldığını söyləyib. İcra başçısı Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayıl tərəfindən daha bir kitabın - “Vətəni canından əziz bilənlər” adlı yeni kitabın işıq üzü gördüyünü və həmin kitabda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız İlham, Elvin, Ramin, Fərid, Aqşin haqqında da məlumatın yer aldığını vurğulayıb. Rayon rəhbəri Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində, 2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də digər vaxtlarda Vətən uğrunda canlarından keçən, qanları ilə dastan yazan oğullarımızın adlarını əbədiləşdirən kitabda yazılanların gələcək nəsillərə əsl nümunə, örnək olduğunu bildirib. Nəfis tərtibatı ilə seçilən kitabın həm də müəllif tərəfindən qələmə alınmış yazıları ilə də diqqət çəkdiyini söyləyib. Gələcək nəsillərin kitabı oxuyarkən hər bir şəhidimizin həyatı, keçdiyi döyüş yolu haqqında ürək yanğısı ilə yazılmış hekayələrdən vətənpərvərliyi, Vətəni sevməyi öyrənəcəyini qeyd edib. İllər ötsə belə istər “Qanları ilə dastan yazanlar”, istərsə də “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimizin də yaşayacağını vurğulayıb. Kitab haqqında ürək sözlərini bölüşən rayon rəhbəri müəllif Elçin İsmayılın əməyini yüksək qiymətləndirib, qazaxlı ziyalılar, eləcə də rayon ictimaiyyəti və şəhid ailələri adından minnətdarlığını bildirib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR