xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Məmurlar bu şəhid anasını qapılarda qoyublar: “Daha yorulmuşam”

23-10-2019, 11:10 82 dəfə baxılıb

Məmurlar bu şəhid anasını qapılarda qoyublar: “Daha yorulmuşam”

“Harayımı cənab Prezdentə çatdıran yoxdur”

Onu ilk görəndə “mən qapılara düşən, imdad diləyən qadın deyildim. Həmişə qürurumla, abrımla yaşamışam. Amma daha dözə bilmirəm”,- dedi. Danışdıqdca da, qeyri-ixtiyari gözlərindən gilənən yaşları gizlətməyə çalışdı. Amma nə qədər çalışsa da, bacarmadı, ağladı, titrəyən əllərilə min bir əziyyət hesabına, məmur qapılarına düşərək, topladığı sənədləri göstərməyə başladı.

Həmsöhbətimiz Şəhid anası Şəfiqə Məmmədəliyevadır. O ana ki, 21 yaşlı gənc balasını bu torpaq uğrunda şəhid verib. O ana ki, illərdir ona sahib çıxanı, dərdinə şərik olanı, “harda yaşayırsan, nə yeyib, nə içirsən?” deyə soruşanı yoxdur.

“Ay qızım baxıram Prezident şəhid ailələrinə necə diqqət, qayğı göstərir. Amma mən ona yaxın düşə bilmirəm. Dərdimi ona eşitdirə bilmirəm. Əminəm ki, problemimdən xəbər tutsa, dərhal kömək edəcək. Di gəl ki, Prezidentə dəfələrlə yazdığım məkubu ona verməyimə belə imkan olmayıb. Rəsmi yazdığım müraciətlərə isə ötəri cavablar almışam”.

Gözünün ağı-qarası bircə oğlunu vətənə qurban verən ananın iki qızı var. Şəhid zabitin anası iki qızı və onların övladları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu 2-ci mikrorayon Hüseynbala Əliyev küçəsi 17, mənzil 112-dəki darısqal evdə yaşamaqdadır. Adına yaşamaq demək olarsa…

İki güllə və Şəhidin əbədi yuxusu…

Şəfiqə xanımın faciəsi hələ babaları 15 may 1937-ci ildə Qazaxıstan SSR ərazisinə sürgün ediləndə başlayıb. Elə Qazaxıstanda dünyaya gələn Şəfiqə xanım sonralar Məmmədəliyev Oruc Rza oğlu ilə ailə qurur. Ailə uzun illər sonra Sumqayıta köçür.

21 yaşında şəhidlik zirvəsinə ucalan oğlu Emil 29 iyul 1971-ci ildə elə Sumqayıtda dünyaya gəlib. O, 14 saylı məktəbin 7-ci sinfini “əla” qiymətlərlə bitirib. Eyni zamanda, musiqi məktbinin elektrogitara kursunu oxuyub.

Emil 1985-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub, 1988-ci ildə həmin məktəbi, 1992-ci ildə isə Moskva vilayətindəki Volski Ali Hərbi İnşaat Komandirlik məktəbini bitirib.

Təyinatla Rusiyada qala, özü üçün o vaxtın tələblərinə uyğun karyera da qura bilərdi. Amma o, Rusiyada iş üçün yüksək maaşlı, hər cür təminatlı iş təklifi alsa da, bunu qəbul etmir. Vətənin ağır günlərində cəbhədə döyüşməyi seçir. Müdafiə nazirinin əmrilə 12 sentyabr 1992-ci ildə Qubadlıya göndərilən Emil batalyonla birgə Laçının itirilmiş kəndlərini azad etmək üçün irəliyə atılır. Kəlbəcərlə Laçını birləşdirən Mazutlu kəndində gedən qeyri-bərabər döyüşdə leytenant Emil Məmmədəliyev iki yerindən yaralanır. Yoldaşları onu güllə yağışının altından çıxarıb Qubadlıya gətirsələr də, çoxlu qan itirdiyindən gənc zabit gözlərini əbədi yumur.

Qara xəbəri Şəfiqə anaya Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri verir. Gözünün ağı-qarası bircə oğlunu itirən ana pərişan olur. Amma “Vətən sağ olsun” deyib dərdini qucaqlayır. Emil Məmmədliyevi Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edirlər.

“Məktəbə sizin oğlunuzun adı verilə bilməz”

Şəfiqə ananın sözlərinə görə, oğlu dünyasını dəyişəndən sonra ona “Şəhid”, ailəsinə isə “Şəhid ailəsi” statusu verilir:

“Biz 1996-cı ilə kimi Sumqayıtda yaşamışıq. Daha sonra indi yaşadığımız evə köçmüşük.

Emilin adının oxuduğu Sumqayıt şəhər 14 saylı orta məktəbə verilməsi barədə Pedoqoji Şuranın 24 may 1993-cü il tarixli 227 saylı protokolu var. Lakin həmin protokol da indiyədək icra olunmayıb. Bəhanə gətirdilər ki, o məktəbdə bir neçə şəhid var deyə, qərarı icra edə bilmirlər. Bu da sadəcə bəhanədir, çünki bu barədə Pedoqoji Şura tərəfindən qərar verilib. Bundan əlavə, şəhidin xidmət etmiş olduğu hərbi hissədən də, Müdafiə Nazirliyinin Siyasi və Sosial İşlər İdarəsindən də Sumqayıt şəhər İcra Hakimiyyətinin o vaxtkı baçısı Şakir Abuşovun ünvanına müraciətlər göndərildi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş leytenant Emil Məmmədəliyevin adının əbədiləşdirilməsi üçün köməklik göstərsin”.

İcra başçısı Şakir Abuşovun cavabı Şəfiqə ananı daha da sarsıdıb:

“14 saylı məktəb 12 şəhid verib. Bu səbəbdən də sizin oğlunuzun adının o məktəbə verilməsi mümkün deyil. Biz həmin məktəbə sizin oğlunuzun adını versək, digər analar narazılıq edər. Bütün şəhidlərimiz üçün Şəhidlər xiyabanında xatirə kompleksi ucladılacaq”.

27 illik get-gəllər…

27 ildə Şəfiqə ananın qapısını döydüyü kreslo sahibləri bir-birilərini əvəzləsələr də, ona olan münasibət dəyişməz qalıb. Yenə də vəzifəli şəxslər öz əvvəlki sələfləri kimi Şəfiqə ananı get-gələ salırlar, müraciətlərinə qeyri-həssas yanaşır, ona dolandırıcı, yayındırıcı cavablar verməklə öz vəzifələrininin icrasını yerinə yetirmiş hesab edirlər.

Ş.Məmmədəliyeva uzun illər ərzində aidiyyatı qurumlara, rəhbər şəxslərə yazmasına, ayrı-ayrı məmurların qəbulunda olmasına baxmayaraq, şəhid oğlunun adının əbədiləşdirilməsinə nail ola bilmədiyindən, ona qanunla şamil olunan imtiyazlardan yararlana bilməməsindən şikayətlənir. Bildirir ki, Prezidentin şəhid ailələrinə ev verilməsi barədə imzaladığı sərəncam ona şamil edilmir:

“Həmin sərəncama əsasən, həyat şəraitinin yaxşılaşdırılması üçün şəhid ailələrinə ev, torpaq sahəsi və maşın verilməsi nəzərdə tutulub. Lakin bu vaxta kimi mənə nə ev, nə torpaq sahəsi, nə də maşın verilib. Şəhid anası, ağbirçək Azərbaycan xanımı kimi unudulmağım mənə çox pis təsir edir. Hazırkı evimdə 6 nəfər ailə üzvüm yaşayır. Mənzil şəraitimiz çox pis vəziyyətdədir.

Mən Sumqayıt şəhərində – “Azərkimya” şirkətində 33 il işləmişəm. Həmin şirkətdən mənə Sumqayıt şəhəri, Yaşma bağları ərazisində Dəfnə BY 114 ünvanında 6 sot torpaq sahəsi verilib. Mən həmin torpağı qızım Zümrüd Eldarovanın adına sənədləşdirmişəm və bu barədə torpağın çıxarışı da var. Lakin həmin torpaq sahəsi 1 ildir ki, naməlum şəraitdə dağıdılıb. Ərazidə tikinti aparılacağı bildirilsə də, mənə kompensasiya verilməyib”.

Şəfiqə xanım Prezident Adminstrasiyasına, Bakı Şəhər İcra Hakimiyyətinə, Nəsimi rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə edilən müraciətlərdən təxminən eyni məzmunlu cavablar alır:

“Sizin müraciətinizə baxılmışdır. Müraciətinizin yerinə yetirilməsi imkanlarımız xaricindədir”.

Yorğun Şəhid anasının üsyanı

Şəhid anası ölkə rəhbərinin keçirdiyi sonuncu müşavirədə səsləndirdiyi fikirləri xatırlayaraq bunları deyib:

“Cənab Prezident deyir ki, məmurlar bir-birilə didişir. Doğrudur, cənab Prezident! Onların bir çoxu xalqı unudub, öz işlərinin genişləndirməklə, didişməklə məşğuldurlar. 27 ildə bir nəfər gəlib qapımı döyməyib, halımı soruşmayıb. Mən heç kimdən mədət ummuram da. Sadəcə haqqım olanı istəyirəm. Mən bir oğlumu vətənə qurban vermişəm. Qalan iki qızımın normal şəraitdə yaşaması üçün mənzillə təminatıma köməlik göstərilməsini xahiş edirəm. Axı mən kiminsə haqqı olana əl uzatmıram, kiminsə yolunu kəsmirəm. Daha qapı-qapı gəzməkdən, bir vəzifəlinin digərinin qapısına yollamasından, axırda dolanıb eyni məkanda dayanmaqdan yorulmuşam”. /modern.az/az
Məmurlar bu şəhid anasını qapılarda qoyublar: “Daha yorulmuşam”
Məmurlar bu şəhid anasını qapılarda qoyublar: “Daha yorulmuşam”
Məmurlar bu şəhid anasını qapılarda qoyublar: “Daha yorulmuşam”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi