Mehdi Səlimzadə: Heydər Əliyev dövlət gənclər siyasətinin banisidir
1-02-2022, 12:53
106 dəfə baxılıb
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə - Bu gün ölkəmizin, eləcə də dövlətimizin elə bir sahəsi yoxdur ki, orada biz ulu öndərimiz Heydər Əliyevin dəsti xəttini, onun xeyir-duasını görməyək. Ümumiyyətlə dünya tarixinə və ya ayrı-ayrı ölkələrin tarixinə nəzər salsaq, bütün həyatını xalqının rifahına və dövlətinin gələcəyinə həsr edən lider və ya dövlət xadiminə çox az rast gəlmək olar. Biz xoşbəxt xalqıq ki, Allah belə bir dahi Lideri Azərbaycan xalqına bəxş edib.
Çünki ölkəmizin yerləşdiyi coğrafiya, eləcə də bu bölgənin geosiyasi mənzərəsi o qədər mürəkkəb məkandır ki, belə bir coğrafiyada yerləşən dövlətlərin idarə olunması ancaq Heydər Əliyev kimi dahi liderin sayəsində mümkündür. Məhz bu mənada, həm Sovet dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə, son nəfəsinədək şərəf və fədakarlıqla həyata keçirdiyi missiyasına görə Heydər Əliyev Azərbaycan xalqının xilaskarı adlandırılmışdır. Minnətdarlıqla qeyd etməliyəm ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndərimiz ilk gündən müstəqil dövlət quruculuğuna başlayarkən gənclərlə işi, daha doğrusu dövlət gənclər siyasətinin formalaşmasını ən vacib prioritetlərdən biri kimi gündəmə gətirmişdi. Bu bir tarixi gerçəklikdir ki, 1991-1993-cü illərdə Müsavat-Xalq Cəbhəsinin yarıtmaz hakimiyyəti dövründə ölkədə yaranmış xaosa görə gənclərimiz kütləvi şəkildə, müxtəlif yollarla respublikanı tərk edirdi. On minlərlə gənc ailələri tərəfindən hətta Vətən qarşısındakı vəzifə borcunu, hərbi xidməti yerinə yetirmədən ölkədən qaçırılırdı. Sözsüz ki, bu gənclərin hamısı fərari qismində müvafiq orqanlarda qeydiyyatda idi. Qeyd etdiyim kimi, Ulu Öndərimiz ikinci dəfə hakiməyyətə gəldikdən sonra onun gördüyü təxirəsalınmaz məsələlər arasında gənclərlə iş də yer alırdı. Hətta Ümummilli Liderimizin imzaladığı ilk “Əfv və Amnistiya” fərmanı məhz o zamankı iqtidarın zülmündən ölkədən qaçan gənclərə şamil olunmuşdur. Ulu Öndərimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə xüsusi diqqət və qayğı göstərmişdi. Onun Sovet dövründə gənclərin yüksək təhsil alması üçün “inoqorodnu” təhsil proqramı çərçivəsində minlərlə Azərbaycan gənci Sovetlərin ən güclü universitetlərində təhsil alırdılar. Doxsanıncı illərdə ölkəmizdə ən çətin dönəmlər olduğuna baxmayaraq, qısa müddət ərzində dövlətimizin gənclər siyasəti formalaşmışdı. Bu mənada çağdaş dövlətçilik tariximizə Heydər Əliyev Azərbaycanda Gənclər siyasətinin banisi kimi yazılacaqdır. Məhz bu illərdə ölkədəki iqtisadi böhrana baxmayaraq, idmançı gənclərimizin müxtəlif beynəlxalq idman yarışlarında, olimpiya yarışlarında iştirakı üçün hər cürə şərait yaradılırdı. Həmin dövrdə, yəni ən çətin vaxtlarda yaradıcı və istedadlı gənclərimizə göstərilən dövlət qayğısı, dövlət gənclər siyasəti sağlam təməllər üzərində formalaşdırılmışdır. Beləliklə də 1993-cü ildə ikinci dəfə ölkəmizə rəhbərliyə gələn ulu öndər Heydər Əliyevin qayıdışı ilə ən qısa zamanda əsasını qoyduğu dövlət gənclər siyasəti formalaşmış oldu.
Ulu Öndər gənclərlə keçirilən bütün tədbirlərdə gənclərin ölkəmizin gələcəyi olduğunu qeyd edərək, bütövlükdə cəmiyyətin diqqətini bu strateji məsələyə cəlb edirdi. Ümummilli Liderimiz ölkə əhalisinin 30%-dən çoxunun gənclər olduğunu vurğulayaraq, Azərbaycanı gənclər ölkəsi adlandırırdı. Müasir dövlətimizin Qurucusunun prezidentliyi dövründə gənclərlə bağlı çox mühüm sərəncam və fərmanlar imzalanmışdır. Onun 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bu siyasəti dövlət siyasətinin tərkibinə çevirdi. 1997-ci il 2 fevralda imzalanan fərmanla təsis edilən 2 Fevral Gənclər Günü cəmiyyətin və əhalinin ən fəal üzvü olan gənclərin imkan və potensialının dövlətin və ölkənin gələcəyi üçün önəmini göstərmiş oldu. Əslində belə bir günün təsis edilməsi o dövr üçün bir ilk idi. İmzalanmış bu iki tarixi sənəddən qısa müddət sonra ölkəmizdə gənclər hərəkatı geniş vüsət aldı və 1996-ci ildə Azərbaycan gənclərinin ilk dəfə Birinci Forumu keçirildi. İlk Forumdan sonra artıq belə forumların keçirilməsi ənənəyə çevrildi. Azərbaycan Gənclərinin tarixi I Forumunda iştirak edən Ulu Öndərimiz Heydər Əliyevin parlaq çıxışı isə gənclərin gələcəyinin manifestinə və yol xəritəsinə çevrildi. Ulu Öndərimiz bu tarixi və mötəbər tədbirdəki çıxışında həm də bir millət atası kimi Azərbaycan gənclərinin vəzifə və məsuliyyətinin də əsas istiqamətlərini gündəmə gətirmişdi. Bu çıxışdan otuz ilə yaxın müddət keçməsinə baxmayaraq, onun hər bir cümləsi Vətəni sevməyin, dövlətinə və xalqına xidmət etməyin düsturu kimi qəbul etmək olar.
Qeyd etmək lazımdır ki, Ulu Öndərimizin 1993-2003-cü illərdəki prezidentliyi dövründə 26 iyul 1994-cü il tarixli fərmanla Gənclər Nazirliyinim yaradılması, 22 iyun 1996-cı il tarixli “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” və 29 iyul 1999-cu il tarixli “Dövlət gənclər siyasəti haqqında” fərman, eləcə də 9 aprel 2002-ci il tarixli “Gənclər siyasəti haqqında” qanun ölkəmizdə mükəmməl dövlət gənclər siyasətinin bərqərar olmasının və eyni zamanda dövlətin və dövlət rəhbərinin gəncliyə olan yüksək diqqət və qayğısının bariz nümunəsi idi.
Ehtiramla qeyd etməliyik ki, bu gün ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə həyata keçirilən gənclər siyasətinin təməlində dayanan məhz çağdaş dövlətimizin qurucusu Heydər Əliyevin əbədiyaşar siyasi irsidir. Alternativi olmayan bu irs xalqımız və dövlətimiz var olduqca əbədi ideologiya kimi təbliğ və təqdir ediləcəkdir. Mərkəzində azərbaycançılıq, vətənpərvərlik, dövlətçilik, millilik və müasirlik olan bu ideologiya millətimizin və dövlətimizin əbədi ərdəmi olacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR