Yeni Füzuli şəhəri işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2,5 dəfə artacaq. Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq.
Bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.
“46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək”, - millət vəkili bildirib.
V.Bayramov bildirib ki, Füzuli şəhərində 17,8 hektar ərazini əhatə edəcək ilk yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək:
“İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur. Füzuli şəhəri yalnız hündürmərtəbə binalardan ibarət olmayacaq. Şəhərdə az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. İlkin qiymətləndirmələrə görə, növbəti 2 il ərzində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində ilkin məskunlaşma mümkün olacaq. Tezliklə keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə uzun müddət işğal altında qalan öz yurdlarına qayıdacaqlar. Beləliklə, işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhərin inşaatına başlanılır. Xeyirli və düşərli olsun. Allah bütün şəhidlərimizə rəhmət etsin”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.