Ərizəçi İ. Azərbaycan Ombudsmanına müraciət edərək, həyat yoldaşının baş örtüyündən (hicabdan) istifadə etdiyini, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə əsasən, üz görünüşünün fotoşəkil üçün uyğun olmasına baxmayaraq, Gədəbəy Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi tərəfindən fotoşəklin çəkilməsindən imtina edildiyini bildirib, məsələnin qanunamüvafiq həllində köməklik göstərilməsini xahiş edib.
Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.
Ombudsmanın şikayətdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətə verilmiş cavabda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli, 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cu və Azərbaycan Respublikası Prezidentinin 2013-ci il 11 iyun tarixli, 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.8-ci bəndlərinə əsasən, vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq, vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri dəqiq göstərilib.
Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunub. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilib. Bununla belə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun alınması üçün baş örtüyü ilə fotoşəklin çəkilməsinin yolverilməz olduğu bildirilib.
Qeyd edilənləri nəzərə alaraq, Ombudsman “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununda şəxsiyyət vəsiqəsinin üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəklin yerləşdirilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin tələblərə aydınlıq gətirilmədiyi və bu halların şikayətlərə səbəb olduğu üçün fotoşəkillərin yol verilən nümunələrinin (baş örtüklərindən istifadə edilməsi və s.) əks etdirilməsi ilə bağlı müvafiq qanuna, habelə “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsini təklif edir.
"Ombudsman azadlıq hüququnun müdafiəsi ilə bağlı ünvanına daxil olmuş digər müraciətlərə də diqqətlə yanaşıb, pozulmuş hüquqların bərpasına nail olub" - məruzə sənədində bildirilib..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.