xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 

Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq

2-05-2024, 09:00 0 dəfə baxılıb

Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq


Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, bəzi kənar vasitəçilər yalnız öz məqsədlərini güdürlər, onlar yardım deyil, öz siyasi-iqtisadi maraqları naminə regiona müdaxilə etmək, “savaş tonqalına yenidən odun atmaq” istəyirlər... Rəsmi Bakı regional sülhün ən real modelini artıq dəqiqləşdirib, bu, birmənalı şəkildə Cənubi Qafqaza kənar müdaxilə cəhdlərinin bloklanması ilə mümkün ola bilər...
Cənubi Qafqaz regionuna kənar müdaxilələr hələ də pozucu faktor kimi öz aktuallığını qoruyub, saxlamaqdadır. Belə ki, ABŞ, Avropa Birliyi, Fransa və digər bəzi Qərb ölkələri regional maraqlarını təmin etmək naminə Cənubi Qafqazda hərbi-siyasi gərginliyin artırılmasına cəhd göstərirlər. Qərb siyasi dairələrinin son vaxtlar Ermənistana açıq şəkildə hərbi-siyasi dəstək vermək üçün müxtəlif variantları sınaqdan çıxartması da bunu təsdiqləyir. Və bu baxımdan, Cənubi Qafqazda sülhə, sabitliyə qarşı əsas təhlükə də məhz həmin kənar müdaxilə hesab oluna bilər.

Onu da qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda təmsil olunan Macarıstan Qərb siyasi dairələrinin Cənubi Qafqaza kobud müdaxiləsinin qarşısının alınması istiqamətində önəmli addım atması ilə diqqəti çəkib. Avropa Birliyinə də üzv olan Macarıstan Sülh Fondundan Ermənistana hərbi məqsədlər üçün maliyyə vəsaiti ayrılması cəhdini bloklayıb. Avropa Birliyi ilə anlaşmaya əsasən Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində maliyyə vəsaiti ayrılması barədə layihə müzakirəyə çıxarılıb. Macarıstan isə bu layihəni veto edib, bu məsələnin həlli üçün Azərbaycana da eyni məbləğdə maliyyə dəstəyinin verilməsi tələbini irəli sürüb. Və bu, Azərbaycan-Macarıstan tərəfdaşlığının yüksək səviyyədə olduğunu göstərir.

Təbii ki, Macarıstan atdığı bu önəmli addımla Cənubi Qafqazda sülhə və sabitliyə böyük töhfə vermiş oldu. Macarıstanın bu davranışı əslində, ABŞ, Avropa Birliyi və Fransa üçün olduqca önəmli örnək rolunu da oynaya bilər. Çünki ABŞ və Avropa Birliyi Cənubi Qafqazda sülhü və sabitliyi dəstəklədiyini davamlı olaraq, təkrarlamaq vərdişlərinə malikdir. Halbuki, Brüssel təxribatı da daxil olmaqla, ABŞ və Avropa Birliyinin atdığı addımlar regionda yeni savaş təhlükəsinin artmasına yol açmaqdadır. Və bu baxımdan, həm ABŞ, həm də Avropa Birliyinin rəsmi dairələrinin sülh çağırışları qətiyyən səmimi xarakter daşımır.

Məsələ ondadır ki, Ağ Evdən verilən açıqlamaya görə, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan arasında sülh prosesini birbaşa və daim nəzarətdə saxlamağa çalışır. Ancaq məhz dövlət katibi Entoni Blinkenin ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçirilmiş ortaq Brüssel konfransının əsas təşəbbüskarı olması Ağ Evin açıqlamasının səmimiliyini şübhə altına alır. Çünki əgər, ABŞ dövlət katibi Cənubi Qafqazda sülhü və sabitliyi əsas prioritet kimi qəbul etsəydi, onda, Brüssel konfransına Azərbaycanın da qatılmasını təmin edərdi. Və Ağ Ev Ermənistanı açıq şəkildə dəstəkləməklə, rəsmi Bakını ABŞ-dan narazı salmazdı.

Bütün bunlar onu göstərir ki, ABŞ, Avropa Birliyi və Fransa kimi kənar güclərin Cənubi Qafqazdakı sülh prosesinə müdaxilə etməməsi Azərbaycan və Ermənistan arasında problemlərin həllinə münbit şərait yarada biləcək yeganə modeldir. Çünki vaxtilə ABŞ, Fransa və Rusiya Minsk Qrupunun həmsədrləri olsalar da, Azərbaycan və Ermənistan arasında sülhə nail olmağa ehtiyac duymamışdılar. Ona görə də, rəsmi Bakı məhz Azərbaycan ordusunu hərəkətə gətirərək, ölkənin ərazi bütövlüyünü təmin etmək məcburiyyətində qalmışdı. Yəni, əslində, rəsmi Bakı Cənubi Qafqazda indi mövcud olan sülhü və sabitliyi məhz hərbi yolla təmin edib. Və bunun kənar müdaxilələrlə pozulmasına da qətiyyən imkan vermək niyyətində deyil.

İndi isə regionda sülhün və sabitliyin qalıcı olması üçün həlledici addımlar atılır. Belə ki, rəsmi Bakı israrla Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının məhz kənar vasitəçilər olmadan aparılmasına üstünlük verir. İki ölkə arasında əldə olunan son anlaşma isə rəsmi Bakının vasitəçilərdən imtina qərarının tamamilə effektiv olduğunu təsdiqləyir. Belə ki, kənar vasitəçilər olmadan, ikitərəfli danışıqlar sayəsində Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesində böyük irəliləyişlərə nail ola biliblər. Və Azərbaycanın Ermənistan tərəfindən işğal eidlmiş daha dörd kəndi artıq geri qaytarılır.

Rəsmi İrəvan bu anlaşmanı Cənubi Qafqazda sülhə aparan önəmli nailiyyət kimi qəbul edir. Baş nazir Nikol Paşinyan hətta Azərbaycanla delimitasiya anlaşmasına qarşı çıxan radikal-revanşist erməni müxalifətini müharibə tərəfdarı olmaqda suçlayır. Onun fikrincə, Ermənistanda delimitasiyaya qarşı çıxanlar yeni savaşın baş verməsinə cəhd göstərirlər: Erməni baş nazir əmindir ki, kütləvi etiraz aksiyaları keçirənlərin əsas məqsədi məhz Ermənistanın suverenliyinə və mövcudluq şanslarına birbaşa qəsd etməkdən ibarətdir.

Nə qədər gözlənilməz olsa da, Ermənistan parlamentinin müxalif vitse-spikeri Ruben Rubinyan da baş nazir Nikol Paşinyanın mövqeyini dəstələyən açıqlama ilə diqqəti çəkib. Belə ki, erməni vitse-spiker bildirib ki, delimitasiya prosesi Ermənistanın təhlükəsizliyi üçün həlledici faktordur: “Mən delimitasiyadan sonra savaşın olmayacağına tam təminat verə bilmərəm. Ancaq əminəm ki, əgər, delimitasiya olmazsa, yeni savaş mütləq baş verəcək”.

Ancaq rəsmi Bakı yeni savaş istəmir, Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin uğurla nəticələnməsinə çalışır. Ona görə də, sülh və delimitasiya proseslərinə kənar güclərin müdaxilə etməsinə imkan vermək niyyətində deyil. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Ermənistana kənar vasitəçi qətiyyən lazım deyil: “İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılıb. Buna hər hansı vasitəçi olmadan nail olunub”.

Azərbaycan lideri bildirib ki, bəzi kənar vasitəçilər yalnız öz məqsədlərini güdürlər, onlar yardım deyil, öz siyasi-iqtisadi maraqları naminə regiona müdaxilə etmək, “savaş tonqalına yenidən odun atmaq” istəyirlər. Ancaq Prezident İlham Əliyev Cənubi Qafqazda belə cəhdlərə qətiyyən imkan verilməyəcəyini də xüsusi olaraq, vurğulayıb. Və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə Cənubi Qafqazda davamlı sülhə nail olunacağını qabardıb.

Göründüyü kimi, Azərbaycan lideri Cənubi Qafqaz üzərində məkrli planlar quran kənar güclərə açıq və sərt mesajlar verib. Prezident İlham Əliyev regional sülhün real modelini artıq dəqiqləşdirib. Bu, birmənalı şəkildə Cənubi Qafqaza kənar müdaxilə cəhdlərinin bloklanması sayəsində reallaşa bilər. Və Azərbaycan liderinin son mesajları regionda yeni savaş planları quranlara sərt xəbərdarlıq xarakteri daşıyır.(Yeni Müsavat)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi