xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Qlobal savaşın qorxunc şifrələri: ABŞ və NATO hansı dövləti yox etməyi planlayır

26-01-2024, 09:00 3 dəfə baxılıb

Qlobal savaşın qorxunc şifrələri: ABŞ və NATO hansı dövləti yox etməyi planlayır


Dünyanın iki düşmən qütbü arasında dəhşətli hərbi toqquşma hər an baş verə bilər... Son hadisələr, ortaya çıxan hərbi ssenarilər dünyanın həm qlobal savaşa, həm də davamında nüvə müharibəsinə doğru sürükləndiyini sezdirir...
Dünya yeni qlobal savaş təhlükəsinə doğru irəliləyir. Hər halda, üçüncü dünya müharibəsi heç vaxt indiki qədər yaxın olmayıb. Qərb strateqləri hazırda bu təhlükəni və ondan yayınmaq yollarını daha tez-tez gündəmə gətirməyə başlayıblar. Üstəlik, bu müzakirələr intensivləşdikcə, qlobal savaş təhlükəsi azalmaq əvəzinə, daha da artır. Və bu baxımdan, Qərb strateqlərinin mövcud situasiyanı doğuran əsas səbəbləri də açıq şəkildə gündəmə gətirməsinə ehtiyac olmamış deyil.

Məsələ ondadır ki, hər hansı təhlükənin əsas səbəblərini bilmədən və ya ört-basdır edərək, onun doğura biləcəyi nəticələrdən yayınmaq mümkün deyil. İndi dünyada qütbləşmə prosesi ən yüksək mərhələyə keçib. ABŞ və şəriksiz dünya hegemonluğuna can atan bu superdövlətin Qərbdəki əsas müttəfiqləri hərbi-siyasi rəqiblərinə qarşı amansız savaş açıb. ABŞ və Qərbin hərbi-siyasi hədəfində Şərq ölkələri yer alır. Xüsusilə də, Rusiya və Çinin hərbi-siyasi müstəvidə küncə sıxışdırılıb, sıradan çıxarılması əsas prioritet kimi görünür. Beynəlxalq qütbləşmə prosesində ABŞ və Qərbə rəqib düşərgəyə çevrilmək məcburiyyətində buraxılmış Rusiya və Çin hələlik vahid cəbhədə birləşməyə nail ola bilməyiblər.

Böyük ehtimalla dünyanı real qlobal savaş təhlükəsindən müəyyən məsafədə saxlayan ən önəmli faktor da məhz bu məqamdır. Çünki Rusiya və Çin də vahid cəbhədə birləşərsə, bu iki qütb arasında savaşı qaçılmaz edə biləcək mərhələnin başlanğıcı olardı. Üstəlik, Rusiya və Çinin ətrafında ABŞ və Qərbdən vaxtaşırı ağır zərbələr alaraq, narazı düşmüş bir çox ölkənin də birləşə biləcəyi qətiyyən istisna deyil. Bu prosesin bir də maliyyə-iqtisadi, ərzaq və sosial böhranları stimullaşdıra biləcək istiqamətləri də olmamış deyil. Və bu, o deməkdir ki, mövcud situasiya yalnız üçüncü dünya müharbəsi deyil, həm də bəşəri xaosa bağlı kataklizmlər də vəd edir.

Ancaq nə qədər qəribə də olsa, hələlik dünyanı gözləyən bu təhlükəli prosesləri ön plana çəkmək həvəsi qətiyyən müşahidə olunmur. Əksinə, Qərb siyasi dairələrində yalnız Rusiyanın yaxın gələcəkdə Avropa ölkələrinə mütləq hərbi təcavüz edəcəyi müzakirə olunur. Buna qarşı müqavimət variantları təklif olunur. Avropa dövlətləri sürətlə yaxınlaşmaqda olan dağıdıcı müharibəyə indidən hazırlaşmağa çağırılır. Və bu, əslində, sülhün möhkəmləndirilməsi yollarının araşdırılmasına deyil, məhz birbaşa yeni qlobal savaşa çağırış anlamı daşıyır.

Maraqlıdır ki, ABŞ və Qərb Rusiya ilə savaşın qaçılmazlığı ilə bağlı tezisi artıq birmənalı şəkildə qəbul etmiş kimi görünür. Ona görə də, Rusiya ilə gələcək müharibəyə iki istiqamət üzrə hazırlıq prosesinə start verilib. Birinci istiqamət NATO dövlətlərinin, xüsusilə də Avropa Birliyi ölkələrinin öz hərbi büdcələrini ciddi şəkildə artırmasıyla bağlıdır. Yəni, Rusiya ilə savaşa hazırlaşan Qərb ölkələri artıq sürətlə silahlanma prosesinə start veriblər. Və bu, dünyanın növbəti dəfə “soyuq müharibə” dövrünə qaytarılması anlamı daşıyır.

İkinci istiqamət isə daha çox hərbi alətlərin birbaşa tətbiqini ön plana çıxarır. Belə ki, Ukrayna savaşı üzərindən Rusiyanın maksimum səviyyədə güc itirərək, zəifləməsinə cəhd göstərilir. Hələlik bu istiqamətdə atılmış addımlar müəyyən qədər effektiv sayıla bilər. Çünki Kreml bütün resurslarını Rusiyanın Ukrayna savaşına və Qərbin sanksiyalarına tab gətirməyə sərf etmək məcburiyyətində qalıb. Və bu baxımdan, Rusiya hərbi məğlubiyyətə uğradılmasa da, hər halda, savaşdan öncəki durumdan fərqli olaraq, ciddi şəkildə güc itirərək, zəifləyib.

Eyni zamanda, ABŞ və Qərb NATO-nun hərbi potensialının ön plana çıxararaq, Rusiya və Çinə qarşı güc nümayişinə də başlayıb. Belə ki, NATO-nun sıralarının genişləndirilməsində həlledici addımlar atılmaqdadır. Belə ki, Türkiyənin İsveçin NATO üzvlüyünə razılıq verməsi ilə bu hərbi-siyasi alyans öz coğrafi əhatə dairəsini maksimum səviyyəyə çatdırıb. NATO indi Finlandiyadan sonra İsveçdə də öz hərbi bazalarını yerləşdirmək hüququ qazanıb. Bu isə o deməkdir ki, Rusiyanın qərb sərhədlərinin NATO hərbi bazaları ilə tam nəzarətə götürülməsi prosesi artıq yekun mərhələyə keçib.

Ancaq NATO-nun Rusiyaya qarşı güc nümayişi yalnız bununla məhdudlaşmır. Belə ki, bu hərbi-siyasi alyans may ayında öz tarixinin ən genişmiqyaslı hərbi təlimlərindən birini keçirməyə hazırlaşır. Bu hərbi təlimlərdə NATO-nun 90 min nəfərdən çox hərbi qüvvəsinin iştirakı, minlərlə hərbi texnikasının istifadəsi nəzərdə tutulub. Üstəlik, NATO-nun hərbi təlimləri məhz Rusiyanın qərb sərhədlərini əhatə edən üzv ölkələrin ərazilərində keçiriləcək. Və bu, NATO tərəfindən açıq-aşkar Rusiyaya qarşı hərbi güc nümayişi ilə Kremlin təhdid olunması anlamı daşıyır.

Təbii ki, bütün bunları nəzərə aldıqda, Qərb siyasi dairələrinin davranışlarında Rusiya və Çinlə ehtimal olunan savaşdan yayınma cəhdlərinin müşahidə olunması barədə danışmaq qətiyyən mümkün deyil. Əksinə, belə anlaşılır ki, ABŞ və Qərb bu iki superdövləti daha çox təhdid edərək, geri çəkilmək məcburiyyətində buraxmağa üstünlük verir. Yəni, Qərb strateqləri üçün Rusiya və Çinlə anlaşmaq variantı o qədər də cəlbedici deyil. Ona görə də, daha çox qarşı tərəfi Qərb ölkələrinə hərbi təcavüz planlarından imtinaya yönləndirmək taktikası önə çıxarılır. Və bu, hansısa mərhələdə qütblər arasındakı qarşıdurmanın nəzarətdən çıxaraq, yeni qlobal savaşa çevrilməsinə də yol aça biləcək təhlükəli variantdır.

Hər halda, nəzərdən qaçırtmaq olmaz ki, həm Rusiya, həm də Çin nüvə dövlətləridir. Ona görə də, bu iki dövlətin qarşı tərəfin hərbi təhdidləri ilə öz beynəlxalq mövqelərini rəqiblərinə verməyə razılaşa biləcəkləri qətiyyən inandırıcı görünmür. Deməli, Rusiya və Çin də sürətlə silahlanma prosesində birbaşa iştirak etmək məcburiyyətində qalacaq. Üstəlik, sahib olduqları hərbi potensial Rusiya və Çinə öz beynəlxalq mövqelərini qorumaq üçün yetərli olmazsa, onda nüvə silahından istifadəyə cəhd göstərəcəkləri də istisna deyil. Bu baxımdan, dünyanın indiki proseslər ucbatından həm qlobal savaşa, həm də nüvə müharibəsinə doğru sürükləndiyi qətiyyən şübhə doğurmur.(musavat.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi