ABŞ-Çin qarşıdurması qlobal qütbləşməni hərbi-siyasi düşmənçilik mərhələsinə keçirib, hər iki tərəfin ətrafında nüvə dövlətləri mövcuddur... Əgər, yeni dünya müharibəsi başladılsa, belə bir qlobal savaşda nüvə silahından istifadə edilməyəcəyinə heç bir təminat yoxdur...
Dünya yeni müharibə təhlükəsi qarşısındadır. Hər halda, daha dağıdıcı qlobal savaşın anonsu artıq verilib. Ona görə də, hesab etmək olar ki, bütün dünya üçün olduqca ağır, hətta sonradan nəticələrinin aradan qaldırılması mümkün olmaya biləcək bu savaş hər an başlaya bilər. Və bu baxımdan, dünyanın gələcək taleyi üçün narahat olmaq üçün kifayət qədər ciddi əsaslar mövcuddur.
Maraqlıdır ki, Çin lideri Si Tsinpin ilk dəfə bu məsələ ilə bağlı şəxsən açıq şəkildə danışıb. Düzdür, indiyə qədər Çin lideri onun ölkəsinin savaşdan qorxmadığını və düşmən dövlətlərin hərbi təcavüzünü dəf etməyə həmişə hazır olduğunu bir neçə dəfə bəyan etmişdi. Ancaq bir müddət öncə öz hakimiyyət müddətini uzatmağa nail olmuş Çin lideri Si Tsinpin bu dəfə yeni savaş barədə daha konkret ifadələr dilə gətirib.
Məsələ ondadır ki, Si Tsinpin ölkəsinin bütün strukturlarını Çin ordusunu müharibəyə hazırlamağı tapşırıb. Çin lideri vurğulayıb ki, ordunun qlobal savaşa hazırlıq prosesi maksimum səviyyədə sürətli xarakter daşımalıdır. Onun fikrincə, Çin istənilən halda, ABŞ və Qərblə müharibə aparmalı olacaq. Ona görə də, Çin generalları savaş ehtimalından çəkinməyərək, yalnız ordunun döyüş qabiliyyətini gücləndirməklə məşğul olmalıdırlar.
Təbii ki, rəsmi Pekini narahat edən kifayət qədər ciddi qlobal proseslər mövcuddur. Çin dünyanın yenidən bölüşdürüldüyünü artıq qəbul etməyə başlayıb. Eyni zamanda, yeni dünya düzəninin qurulma prinsiplərindən olduqca narazıdır. Rəsmi Pekin dünyanın yenidən bölüşdürülməsi prosesində Çinin də küncə sıxışdırılacaq dövlətlərin sırasında yer aldığı qənaətinə gəlib. Və buna imkan vermək niyyətində olmadığını sezdirir.
Halbuki, Çin nüvə dövləti olsa da, adətən, hərbi ritorikadan uzaq dayanmağa üstünlük verən xarici siyasət yürütməsi ilə diqqəti çəkirdi. Rəsmi Pekin Çinin siyasi iradəsini dünyaya yaymaq üçün əsasən iqtisadi-ticari faktorlardan istifadə edirdi. Ona görə də, hazırda Çin ABŞ və Qərblə planetin bütün önəmli regionlarında rəqabət apara bilirdi. Üstəlik, iqtisadi-ticari rəqabət prinsiplərindən kənara çıxmamağa çalışırdı.
Ancaq Ukrayna savaşına uzun müddət müşahidəçi qalan rəsmi Pekin artıq fəallaşmağa başlayıb. Bu nəhəng ölkənin siyasi dairələrindən verilən son açıqlamalarda Ukrayna savaşının əsas hədəfinin məhz Çin olduğu qənaəti qətiyyən gizlədilmir. Bu isə rəsmi Pekini Ukrayna savaşının dayandırılması və ya heç olmasa, Rusiyanın tam məğlubiyyətinin əngəllənməsi istiqamətində fəallaşmağa stimullaşdırır.
Son vaxtlar Çin 12 maddəlik sülh təklifləri ilə Ukrayna savaşının siyasi platformasına yerləşməyə can atır. Çin lider Si Tsinpinin Rusiya səfərinin nəticələri Kremli tam məmnun buraxmasa da, rəsmi Pekin bu addımla ABŞ və Qərbə də müəyyən mesajlar verməyə nail oldu. Və aydınlaşdı ki, Çin bundan sonra dünyada baş verənlərə müşahidəçi qalmaq niyyətində deyil.
Artıq Qərbdə də tam əmindirlər ki, hələlik rəsmi Pekin Kremlin hərbi-siyasi gözləntilərini tam qarşılamağa tələsməsə də, Çin hər an Rusiyanın gücləndirilməsi ilə Ukrayna savaşına və onun sonrakı nəticələrinə müdaxilə etməyə hazırdır. Yəni, rəsmi Pekin ABŞ və Qərbə belə asanlıqla təslim olmaq barədə düşünmür. Savaş dayandırılmazsa və Çin iqtisadiyyatını sarsıtmaqda davam edərsə, rəsmi Pekin Kremlin ümid bağladığı hərbi dəstəyi Rusiyaya yönəldə bilər.
Hələliksə, Çin ABŞ-ın iqtisad-ticari tərəfdaşlarını öz ətrafına çəkməyə çalışır. Yaxın Şərq üzrə ABŞ-ın əsas müttəfiqlərindən hesab olunan Səudiyyə Ərəbistanı Çinin vasutəçiliyi ilə İranla münasibətlərini normallaşdırmağa başlayıb. İndi Çin və Səudiyyə Ərəbistanı arasında yuan üzərindən reallaşan ticarət dövriyyəsinin illlik həcmi 115 milyard dollara çatıb. Eyni proses Çin-Braziliya münasibətlərində də müşahidə olunur. Yəni, bu iki dövlət ticari ödəmələrdə dollarda tamamilə imtina etmək barədə anlaşma imzalayıblar.
Bütün bunlar onu göstərir ki, rəsmi Pekin ABŞ və Qərbin iqtisadi-ticari tərəfdaşlarını öz ətrafına çəkməkdə qətiyyən problem yaşamır. İndi rəsmi Pekin daha çox Çinin ətrafında Rusiya, İran, Səudiyyə Ərəbistanı, Braziliya, Şimali Koreya, Hindistan və s. ölkələrin birləşməsinə can atır. Rəsmi Pekin bu addımlarla ABŞ-ın “demokratiya sammiti” adı altına formalaşdırdığı koalisiyaya alternativ beynəlxalq qütbün yaradılmasına çalışır.
Belə anlaşılır ki, ABŞ və ən yaxın müttəfiqlərinin təkqütblü dünya modeli reallığa çevrilməyə də bilər. Hər halda, rəsmi Pekin Çini dünyanın yeni cazibə mərkəzinə çevirmək imkanlarını dəyərləndirməyə can atdığı inkaredilməz reallıqdır. Hələlik bu proses daha çox siyasi-iqtisadi faktor üzərindən yürüdülsə də, yaxın vaxtlarda hərbi amillərin də ön plana keçirilə biləcəyi qətiyyən istisna deyil. Və Çin liderinin savaş hazırlığı barədə təlimatı da bunun ilkin əlaməti hesab oluna bilər.
Təbii ki, ABŞ və Qərbin Çinlə münasibətlərinin ifrat şəkildə gərginləşməsi, hərbi qarşıdurma təhlükəsinin real görüntülər alması bəşəriyyətə yaxşı heç nə vəd edə bilməz. Çünki hər iki tərəfin təmsil etdiyi düşərgədə nüvə dövlətləri mövcuddur. Əgər, nə vaxtsa bu qarşıdurma siyasi-iqtisadi rəqabətdən Çin liderinin anonsunu verdiyi savaşa çevrilsə, bu, yeni dünya müharibəsi demək olacaq. Böyük ehtimalla onlarla dövlətin qatılacağı bu savaş nəticəsində qarşıdurma vəziyyətindəki iki qlobal qütbdən biri məhv olacaq. Və belə bir qlobal savaşda nüvə silahının istifadə edilməyəcəyinə isə heç bir təminat yoxdur.(Yeni Müsavat)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.