Rəsmi Bakının ən qısa zamanda Laçın dəhlizində Azərbaycanın müxtəlif dövlət qurumlarının nəzarət buraxılış məntəqələrini yaratması artıq reallığın tələbinə çevrilib... Əgər, bu, baş verərsə, rus “sülhməramlılar”ın müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə 30 illik erməni separatizmi və terrorizmi heç 30 gün belə, davam gətirə bilməz...
Cənubi Qafqazda geopolitik proseslər artıq həlledici mərhələyə qədəm qoyub. Böyük ehtimalla bu mərhələnin nəticələri regional proseslərin sonrakı inkişaf istiqamətlərini müəyyən edəcək. Bu baxımdan, hazırda Azərbaycanın Qarabağ bölgəsi ətrafında yaranmış situasiyanın yekun necə nəticələnəcəyi böyük maraq doğurur.
Məsələ ondadır ki, son vaxtlar bəzi ermənipərəst dövlətlərin və siyasi dairələrin dəstəyini hiss edən Ermənistan tədricən sülh danışıqlarından yayınmağa üstünlük verir. Hətta rəsmi İrəvanın atdığı addımlarda sərhəd bölgəsində törədilən hərbi təxribatlarla yanaşı, siyasi avantürizm cəhdləri də güclənməyə başlamışdı. Və xüsusilə də, Ermənistan hətta sülh danışıqlarında öz şərtlərini belə, irəli sürməyə cəsarət göstərməkdəydi.
Ona görə də, Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası hazırda olduqca böyük əhəmiyyət daşıyır. Bunu erməni separatçı-terrorçular da artıq tədricən anlamağa başlayıblar. Çünki artıq belə məlum olur ki, Laçın dəhlizindən hərbi və iqtisadi cinayətlər üçün istifadə müddəti sona çatmaq üzrədir.
44 günlük savaşın yekunlaşmasından sonra rəsmi Bakı və Azərbaycan xalqı iki il səbrlə gözlədi ki, Ermənistan üçtərəfli anlaşmalara riayət etsin. Ancaq rəsmi İrəvan həmin anlaşmalara nəinki riayət etmədi, əksinə, onları kobud şəkildə pozmaqda israrlı davrandı. Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan ərazilərindən çıxarılmadı, silahlı erməni terrorçular tərksilah olunmadı.
Üstəlik, Ermənistan və erməni separatçılar Azərbaycana qarşı yeni iddialarla da çıxış etməyə başladılar. Ermənistandan Laçın dəhlizi ilə Azərbaycanın Xankəndi və ətraf bölgəsinə canlı qüvvə, silah-sursat, hərbi texnika daşıdılar. Həmin marşrutdan istifadə edərək, Azərbaycan ərazilərinin minalanması prosesini davam etdirdilər.
Bütün bunlar onu göstərir ki, Laçın dəhlizinin indiki şərtlər altında mövcudluğu artıq Azərbaycan dövlətinə qarşı real təhlükəyə çevrilib. Bu marşrutun nəzarətindən kənar qalması Azərbaycanın milli təhlükəsizlik maraqlarını ciddi şəkildə təhdid edir. Və istənilən halda, bu problemi ən qısa zamanda Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həll etmək lazım gələcək.
Eyni zamanda, bölgədə müvəqqəti dislokasiya olunan rus "sülhməramlılar"ın komandanı, general-mayor Andrey Volkov və Kremlin “təxribat emissarı”, erməni fırıldaqçı Ruben Vardanyan ortaq şəkildə Azərbaycanın təbii sərvətlərinin talanması ilə məşğul olurlar. Bütün bunlarsa, Azərbaycan cəmiyyətinin səbrini daşırdı və Laçın dəhlizində ekoloqların vətəndaş cəmiyyəti təmsilçiləri ilə birlikdə etiraz aksiyası keçirtməsinə tamamilə əsaslar verir.
Etiraz aksiyasının mövcud nəticələri də göstərir ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni terrorizminin, hərbi və iqtisadi cinayətlərin qarşısını almaq üçün Laçın dəhlizi ilə bağlı mütləq daha qətiyyətli addımların atılması vacibdir. Yəni, Xankəndi və ətraf bölgənin yenidən Azərbaycana inteqrasiyasına nail olmaq baxımından, Laçın yoluna nəzarət edilməsi qaçılmazdır. Erməni terrorçuların ən çox narahat olduqları önəmli məqam da məhz budur.
Məsələ ondadır ki, ən qısa zamanda Laçın dəhlizində Azərbaycanın müxtəlif dövlət qurumlarının nəzarət buraxılış məntəqələrinin yaradılması artıq reallığın tələbinə çevrilib. Əgər, bu, baş verərsə, Xankəndi və ətraf bölgədə 30 illik erməni separatizmi və terrorizmi heç 30 gün belə, davam gətirə bilməz. Ona görə də, ilk növbədə Azərbaycan ordusunun mütləq Laçın dəhlizinə nəzarəti öz üzərinə götürməsi vacibdir.
Onu da qeyd etmək lazımdır ki, Ermənistan nə qədər etiraz edib, hay-küy salsa da, Azərbaycanın Laçın yolunda nəzarət buraxılış məntəqələri yaratması qətiyyən üçtərəfli anlaşmalar da qarşı deyil. Hətta üçtərəfli anlaşmaların bəzi maddələri bunu dəstəkləyir. Çünki Azərbaycanın Laçın dəhlizində nəqliyyat vasitələrinin mülki istifadəçilərin təhlükəsiz hərəkətini təmin etmək barədə öhdəliyi var. Bu öhdəliyi isə Laçın dəhlizindən kənarda qalmaqla deyil, məhz bu marşruta tam nəzarət etməklə, reallaşdırmaq mümkündür.
Digər tərəfdən, rəsmi İrəvan üçtərəfli anlaşmaların dəhlizlərlə bağlı tələblərinin heç birisini icra etməyib. Xüsusilə də, Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı müddiaları icra etmədiyi, bundan israrla yayınmağa çalışdığı da inkaredilməz reallıqdır. Belə vəziyyətdə rəsmi Bakının Laçın dəhlizi ilə bağlı yeni və sərt qərarlar qəbul etməsi üçün hüquqi əsaslar yaranır. Yəni, Zəngəzur dəhlizinin mövcud olmadığı bir şəraitdə, kimliyi və məqsədi məlum olmayan ermənilərin Azərbaycan ərazilərində nəzarətsiz, icazə almadan sərbəst şəkildə hərəkət etmələri, başqa ölkəyə gedib-gələ bilmələri qətiyyən qanunvericiliyə uyğun deyil.
BMT Təhlükəsizlik Şurasının son çağırışlarına gəldikdəsə, buna qətiyyən əhəmiyyət vermək lazım deyil. Çünki Xankəndi və ətraf bölgə də, Laçın dəhlizi də beynəlxalq hüquqa görə, məhz Azərbaycan ərazisidir. Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində olan bütün ərazilərə tam nəzarət müstəqil dövlətimizin suveren hüquqlarıdır.
Digər tərəfdən, BMT Təhlükəsizlik Şurasını elə Ermənistan çoxdan hörmətdən salıb. Belə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan tərəfindən 30 il ərzində icra edilməyib. Nəticədə Azərbaycan ordusu ölkə ərazilərini hərbi yolla azad etməyə məcbur olub. Və indi BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı mövqedən çıxış etməsi tamamilə məntiqsizdir.
BMT Təhlükəsizlik Şurasının son toplantısı növbəti dəfə təsdiqlədi ki, Fransa başda olmaqla, bu qurumun bəzi üzvləri "üç meymunu" oynamaq vərdişlərinə yenə də sadiqdirlər. Ancaq bundan sonra Azərbaycana qarşı erməni diasporunun ssenariləşdirdiyi "üç meymun" tamaşasının hansısa nəticələr verə biləcəyi artıq o qədər də inandırıcı görünmür. Və rəsmi Bakı Laçın dəhlizinə nəzarəti bərpa etməklə, Azərbaycan ərazisində erməni terrorizmini sona çatdırmaq hüququna sahibdir.(Yeni Müsavat)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.