BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın verdiyi vəsatətlər əsasında Ermənistana qarşı müvəqqəti tədbirlərə dair yekdilliklə qərarlar qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirək ki, 2021-ci ilin sentyabr ayında Azərbaycan Ermənistana qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə dövlətlərarası iddialar qaldırıb.
Məhkəmə Ermənistana, Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı təşkilatlar və fərdlər də daxil olmaqla, Ermənistan ərazisində nifrət nitqi zəminində irqi ədavətin təşviqi və qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini, habelə mübahisəni gərginləşdirə və ya uzada biləcək, o cümlədən həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək tapşırığını verib.
Azərbaycan Ermənistan tərəfindən revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlar edən şəxslərin və etnik-milliyyətçi qrupların (əsasən VOMA, POGA və sair) məsuliyyətə cəlb edilməməsi, onların fəaliyyətinin bəzi hallarda Ermənistanın dövlət orqanları tərəfindən təşviq edilməsi, təşkilat fəallarının mükafatlandırması ilə bağlı xeyli fakt təqdim edib.
Məhkəmənin qərarı Azərbaycan tərəfindən təqdim edilmiş dəlil və sübutlara söykənir.
“Məhkəmənin bu qərarlarına baxmayaraq, Ermənistan 2022-ci ildə öhdəliklərini kobud şəkildə pozmağa davam edib. Ölkə ərazisində revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlara qarşı heç bir əməli tədbirlər görülməyib, hərbiləşmiş qanunsuz birləşmələr Azərbaycana və azərbaycanlılara qarşı fəaliyyətlərini davam etdirib. Onu demək kifayət edir ki, cari ilin aprel ayından başlayaraq Ermənistanda ölkədaxili nümayişlər zamanı səsləndirilən və azərbaycanlılara qarşı yönəlmiş əsas şüar “Türksüz Ermənistan” olub”, - deyə XİN-in məlumatında qeyd olunur.
Eyni zamanda, Laçın şəhəri, rayonun Zabux və Sus kəndləri Azərbaycanın tam nəzarətinə keçməzdən öncə işğal dönəmində orada qanunsuz məskunlaşmış erməni əsilli şəxslər azərbaycanlılara qarşı etnik nifrətlərini göstəriblər.
Onlar azərbaycanlılara məxsus olmuş evlərin yandırılması, meşələrin məhv edilməsi ilə nümayişkaranə şəkildə bunu göstəriblər. Ermənistan hökuməti bu halların qarşısını almaq və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxsləri məsuliyyətə cəlb etmək istiqamətində bugünədək heç bir əməli tədbirlər görməyib.
Bundan əlavə, Laçın rayonunda aparılan minatəmizləmə fəaliyyəti zamanı 2021-ci ildə Ermənistanda istehsal olunmuş 1400-ə qədər mina aşkar olunub. Minaların basdırıldığı ərazilərin mütləq əksəriyyəti vaxtilə azərbaycanlıların yaşadıqları kənd və qəsəbələrdir. Bu təxribatın da əsas məqsədi məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını süni şəkildə əngəlləməkdir.
Ermənistan tərəfindən beynəlxalq məhkəmənin 2021-ci ilin 7 dekabr tarixli qərarlarının kobud şəkildə pozulduğunu sübut edən bu dəlillər bu gün rəsmi olaraq beynəlxalq məhkəməyə təqdim edilib.
Azərbaycan, Ermənistan tərəfindən işğal dövrü zamanı törədilmiş, habelə hazırda törədilməsi davam edən cinayətlərə hüquqi qiymətin verilməsi üçün bütün mümkün beynəlxalq mexanizmlərdən istifadəni təmin edəcək”, - deyə XİN-dən bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.