Paşinyanın Moskvaya səfərinin daha bir pərdəarxası; Kreml “qulpsuz çamadan”la nə edəcəyini bilmir; Rusiya artıq bölgənin şəriksiz “yiyəsi” deyil...
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfəri ilə bağlı yekun qənaət yəqin ki, az sonra məlum olacaq. Bir şey aydındır ki, Paşinyanın budəfəki Rusiya ziyarətinin gündəliyi çoxşaxəli olub. Söhbət əsasən yaxınlaşan soyuq qışla bağlı Rusiya qazının qiymətindən, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin hələ də İrəvan tərəfindən yerinə yetirilməyən əsas bəndlərindən və Ermənistanda yeni ordu quruculuğundan gedir.
Lakin kapitulyant ölkə rəhbərinin Rusiya prezidenti V.Putinlə görüşündə bu məsələlərdən ikincinin ən çox masa üzərində olduğunu söyləmək mümkündür. Çünki Ermənistan öncə öz varlığı üçün möhkəm zəmanətlərə nail olmalı, bundan ötrü də qonşuları ilə dil tapmalı, sonra isə digər problemlərin, o cümlədən iqtisadi-sosial və energetik məsələlərin dərdini çəkə bilər. Bu sadə məntiqi qəbul etməyənədək məğlub ölkə düşdüyü quyudan qurtulmayacaq və onu 1 nömrəli strateji müttəfiqi də xilas edə bilməyəcək. Birinci ona görə ki, Rusiyanın imkanları sonsuz deyil və Qərbin ağır basqıları, getdikcə daha da sərtləşən sanksiyaları altındadır.
İkincisi isə Rusiya artıq Güney Qafqazda özbaşına və bölgənin şəriksiz “yiyəsi” deyil. Regionda indi Kreml üçün əməllicə çəkindirici rol oynayan Türkiyə və güclü Türkiyə-Azərbaycan hərbi-siyasi tandemi var. Moskva isə geniş iqtisadi-siyasi, humanitar əlaqələrdə olduğu bu iki Türk dövləti ilə münasibətləri saxlamaqda maraqlıdır, nəinki ermənilərin bitib-tükənməyən iddia və ambisiyaları üzündən onları korlamaq.
Şübhə yox ki, rəsmi Moskvanın son zamanlar bölgədə artan diplomatik-siyasi fəallığının qayəsində müstəsna olaraq, 44 günlük müharibədən sonra başlayan və ləng gedən qurucu prosesləri daha sürətli və geridönməz eləmək istəyi dayanır - erməni tərəfi buna israrla müqavimət göstərsə də. Ancaq İrəvan indi bölgədə elə bir söz sahibi deyil və bütünlüklə Rusiyadan asılıdır...
*****
“Görünür, Cənubi Qafqazdakı vəziyyəti yumşaldacaq və ya hər şeyi müəyyən ortaq məxrəcə gətirəcək hansısa sənədin hazırlanması prosesi gedir”.
Ölkə.az-ın “Yeni Müsavat”a istinadən məlumatına görə, bunu rusiyalı ermənipərəst politoloq Stanislav Tarasov Paşinyanın son Moskva səfərini erməni KİV-ə şərh edərkən deyib.
Stanislav Tarasov: “Moskva görüşü mürəkkəb diplomatik oyunun yalnız müqəddiməsidir” | KONKRET
Stanislav Tarasov
Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyət əhəmiyyətli dərəcədə dəyişib və Rusiya 10 noyabr razılaşmalarının yerinə yetirilməsinin vacib olduğunu düşünür. Bu xüsusda o, Ermənistan baş nazirinin Moskva səfərinin İran-Azərbaycan münasibətlərinin qəfildən kəskinləşməsi ilə daha kritik çalar daşımasına da diqqət yönəldib. Çünki onun qənaətincə, İran həm ikinci Qarabağ müharibəsinin nəticələrinə, həm də Zəngəzur dəhlizinin yaradılmasına qarşı çıxır ki, bu da Azərbaycan üçün problemlər yaradır.
İkinci Qarabağ müharibəsinin geosiyasi nəticələrindən danışan Tarasov deyib: “Rusiyanın Cənubi Qafqazla bağlı mövqeyini düzgün deşifrə etmək lazımdır. Rusiya Türkiyəni 10 noyabr müqaviləsinə daxil etmədi, ancaq sparring ortağı olaraq istifadə etdi. Bu, Türkiyənin bölgədə təsirinin tanınmasıdır, çünki Moskva dolayı yolla Ankaranı bu prosesə cəlb etdi. Rusiya regiona hakim olmaq niyyətində deyil. Çoxları deyir ki, tarixən bura Rusiyanın təsir zonasıdır və Moskva onu itirir. Xeyr, Rusiya öz təsirini itirmir, sadəcə? postsovet məkanında siyasətini təzədən formatlaşdırır. Moskva Cənubi Qafqaz respublikalarının müstəqil qalmalı olduğunu düşünür və onları işğal etmək fikri yoxdur. Ancaq onlar da neytrallığı gözləməli, Rusiyaya qarşı düşmənçilik hərəkətləri üçün əməliyyat meydanına çevrilməməlidir”.
Rusiya sülhməramlı qüvvələri” Ukrayna sərhədində
Ermənipərəst ekspert Qarabağın Azərbaycana məxsusluğunu etiraf edir və Rusiya sülhməramlı qüvvələrinin statusu məsələsinə toxunaraq deyir: “Hazırda hüquqi baxımdan heç bir sülhməramlı korpusdan söhbət gedə bilməz. Söhbət Azərbaycan ərazisində müəyyən qoşun kontingentinin mövcudluğundan gedir. Qarabağın statusu və sülhməramlıların statusu məsələləri Moskva ilə Bakı arasında ikitərəfli danışıqlar yolu ilə həll edilə bilər (Bakı statusla bağlı qəti mövqeyini çoxdan bəyan edib - red.). İstənilən halda, Moskva Ermənistana şərt diktə etməyəcək və ya onun qarşısında kateqorik şərtlər qoymayacaq. Amma Ermənistan uduzulmalı nəyi vardısa, artıq hamısını uduzub. Əgər onlar dövlətçiliklərini qurban verməyə davam eləməklə yenə bu yolla getmək istəyirlərsə, demək, qismətləri belədir. Özlərindən küssünlər”.
*****
Təəssüf ki, Ermənistanda hələ də revanş arzusu ilə yaşayan qüvvələr var. Həmçinin hakimiyyətin altdan-altdan silahlanma məsələsinə önəm verərək, darmadağın ordunu qısa zamanda dirçəltmək səyləri artıb. Təbii ki, əsas ümidlər yenə Rusiyaya bağlanıb. Hərçənd xarici borcu sürətlə artan Ermənistanın dəlmə-deşik, kasad büdcəsi ona normal ordu qirmağa imkan vermir.
Görünür, İrəvan Rusiyadan yenə ucuz və ya havayı, yaxud heç vaxt qaytarılmayacaq kredit tranşları hesabına silah-sursat ala biləcəyini düşünür. Hədəf yəqin həm də odur ki, Ermənistan rəhbərliyi ordu qurduğu haqda görüntü yaratmaqla Azərbaycanla danışıqlar masası arxasında daha dayanıqlı mövqeyə nail olmağa çalışır.
Paşinyanın son Moskva səfərində şübhəsiz ki, silahlanma mövzusu da olub. Bunun bir təsdiqi də Paşinyandan bir gün qabaq Ermənistan müdafiə naziri Arşak Karapetyanın Rusiyaya səfər edərək həmkarı Sergey Şoyqu ilə görüşməsi sayıla bilər. Lakin tanınmış rusiyalı ekspert Aleksandr Razuvayev hesab edir ki, Moskva daha İrəvana silah verməyəcək. Onun fikrincə, Rusiyanın Ermənistana silah ixracı ilə bağlı 2 problemi var.
Rus sülhməramlıları və Azərbaycan arasında narazılığın səbəbi nədir? - BBC News Azərbaycanca
“Əvvəla, Azərbaycanla müharibə göstərdi ki, ermənilər zəif döyüşçüdür və Rusiya silahı onların əlində antireklama çevrilir. Ən əsası odur ki, erməni xəzinəsində pul yoxdur. Yəni İrəvan Moskvadan pulsuz silah istəyəcək. Xəzinədən başqa, Rusiya, Fransa və ABŞ-da biznes quran erməni oliqarxları da var. Onlar niyə atışıb Ermənistana kömək göstərmirlər ki? Yeri gəlmişkən, əgər Moskva imtina etsə, İrəvan Parisdən pulsuz silah istəyə bilər. Baxaq, cavabları necə olacaq”, - deyə analitik qeyd edib.
*****
Cavab məlumdur. Əlbəttə ki, nə Fransa, nə də ABŞ Ermənistana heç bir şəkildə hərbi cəhətcə kömək edəsi, özlərinin müasir və bahalı silahlarını İrəvana havayı verəsi deyil. Bu, heç onların maraqlarına da daxil deyil. Daha bir səbəbə: Paşinyan özünü nə qədər qərbçi kimi göstərməyə cəhd eləsə də, əməldə o, Moskvaya zorən sadiq, ölkəsi isə Rusiyanın bölgədəki əsas marioneti olaraq qalır, Rusiya orbitindən çıxmağa cəsarət eləmir.
Hərgah, marioneti “bəsləmək” getdikcə Moskvaya baha başa gəlməkdədir. Belə də demək olar ki, Rusiyanın Ermənistan adlı qiymətli, lakin “qulpsuz çamadan” problemi ağırlaşmaqdadır. Moskva onunla nə etməli olduğunu hətta bilmir. Lakin hansısa qərarı verməli olacaq. Hansı? Bunu Paşinyanın son Rusiya ziyarətindən bir qədər sonra biləcəyik.
Diqqətçəkicidir ki, Paşinyan Moskvanı tərk edəndən cəmi bir gün sonra Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, Rusiya 10 noyabr 2020 və 11 yanvar 2021 tarixlərində imzalanmış üçtərəfli razılaşmalarının bütün müddəalarına ciddi şəkildə riayət olunmasının tərəfdarıdır. “Ümid edirik ki, bununla da mürəkkəb ikitərəfli məsələlər də daxil olmaqla, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün lazımi şərait yaranacaq”, - deyə o vurğulayıb.
Şübhə yox ki, bəyanat hər iki sənədlə bağlı hələ də “ikili”, “üçlü” oyunlar oynamağa davam edən rəsmi İrəvana ünvanlanıb. Bunu ultimativ xəbərdarlıq da saymaq olar. Çünki Ermənistana ayrılan vaxt limiti bitmək üzrədir...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.