Hazırda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki tibb müəssisələrində icbari tibbi xidmətin tətbiqinə başlamaq üçün hazırlıq işləri aparılır.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda 59 rayon üzrə icbari tibbi xidmət tətbiq edilir. Aprelin 1-dən qalan bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq.
V.Qurbanov qeyd edib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki tibb müəssisələrində aparılan hazırlıq işləri çərçivəsində tibb müəssisəsində qeydiyyat sisteminin qurulması, icbari tibbi xidmətin strukturuna uyğun olaraq xəstəxanalarda yerdəyişmələrin edilməsi, yəni poliklinika-ambulator xidmətlərin tibb müəssisələrinin birinci mərtəbəsində, stasionar şöbələrdə poliklinika-ambulator xidmətlərin verilməməsi kimi tədbirlər həyata keçirilir:
“Elə xidmətlər var ki, onlar icbari tibbi xidmətlər zərfində əhatə olunmur. Həmin xidmətlərin ödənişlərinin həyata keçirilməsi üçün bank şöbələri, post-terminallar quraşdırılacaq. Hazırda bunun üçün xəstəxanalarda onların yerləri təyin olunur”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.