xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq

24-08-2026, 09:11 5 dəfə baxılıb

Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq


Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb.

“Nekroloqda deyilir:

“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilində vəfat edib.

Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda ustad tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) skripka ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas - 1953-cü ildə skripka (Aleksandr Amitonun sinfi), 1957-ci ildə bəstəkarlıq ixtisasları üzrə (Qara Qarayevin sinfi) bitirib.

Tofiq Bakıxanov tələbəlik illərindən ifaçılıq fəaliyyəti ilə məşğul olub. Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan Radiosunun simfonik orkestrində solist kimi fəaliyyət göstərib.

Zəngin yaradıcılığa malik bəstəkar üç balet (“Xəzər balladası”, “Şərq poeması”, “Xeyir və Şər”), beş simfonik muğam (“Nəva”, “Şahnaz”, “Rahab”, “Hümayun”, “Dügah”), 8 simfoniya, 100-ə qədər mahnı və romans ərsəyə gətirib. Həmkarı Nəriman Məmmədovla birlikdə üç komediyaya (“Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir”) musiqi yazıb. Bəstəkar həmçinin skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün 20-dən artıq sonatanın, trio, kvartet və kvintetlərin, eləcə də müxtəlif alətlərlə simfonik orkestr üçün 26 konsertin müəllifidir.

Professor Tofiq Bakıxanov eyni zamanda yarım əsrdən çox Bakı Musiqi Akademiyasında pedaqoq kimi çalışıb, yeni musiqiçi nəsillərin yetişdirilməsinə öz töhfəsini verib.

Yaradıcı fəaliyyətində bəstəkarlıqla ifaçılığı ahəngdar şəkildə birləşdirən görkəmli musiqi xadimi Fransa və Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq festivallarda iştirak edib, Türkiyə, İran, Bolqarıstan, Gürcüstan və Rusiyada müəllif konsertləri verib.
Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın “Əməkdar incəsənət xadimi” (1973), “Xalq artisti” (1990) fəxri adlarına, “Şöhrət” (2000), “Şərəf” (2021) və 1-ci dərəcəli “Əmək” (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Tofiq Bakıxanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi