xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Səfurə İbrahimova: “Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım”, "Amaliya Pənahova həmişə qarşımı kəsib" — MÜSAHİBƏ

18-11-2019, 12:25 53 dəfə baxılıb

Səfurə İbrahimova: “Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım”, "Amaliya Pənahova həmişə qarşımı kəsib" — MÜSAHİBƏ

Kulis.az Xalq artisti, aktrisa Səfurə İbrahimova ilə olan müsahibəni təqdim edir.
- Jurnalistəm, sizinlə söhbət etmək istəyirəm.

- Mən heç kimə müsahibə vermirəm.

Bir neçə saniyədən sonra isə evinin dəhlizində idim. Yeganə otaqdan həm mətbəx, həm yataq otağı kimi istifadə olunsa da, hər yerdən təmizlik, parlaqlıq yağırdı. Beş dəqiqə deyib, tam beş saat söhbət etdik.

- Səfurə xanım, ailəniz imkanlı olsa da, ötən əsrin ortalarında sürgün olunmusunuz. Xeyli əziyyətli uşaqlığınız və yeniyetməliyiniz olub. Bu qədər əziyyətin içərisində aktrisa olmaq istəyi necə yarandı?

- Atam Bakıda mülk, mağaza sahibi olub. Ticarətlə məşğul olduğuna görə onun var-dövlətini əlindən alıblar, bizi də ölkənin ən ucqar kəndlərindən birinə sürgün ediblər. Kəndin camaatı hədsiz dərəcədə avam, savadsız, vəhşi idilər. Günün günorta çağı ər arvadının ayağını baltalamışdı. Həmin hadisə hələ də gözlərimin önündən çəkilmir. Uşaq idim, amma yadıma gəlir ki, onlar bizə zülm edirdilər. Saçımızı yolub, daşa basırdılar. Gedib harasa şikayət eləməyə də qorxurduq. Anam deyirdi ki, heç yerdə heç nə deməyin, bir tikə çörəyə də həsrət qalarıq. Həmin illər, elə Bakıya qayıdandan sonra da biz çox aclıq çəkmişik. Yeməyə çörək tapmırdıq. Dörd, beş yaşım olanda anam məni diziylə itələyib bayıra atırdı ki, məndən balaca bacımın, qardaşımın süd payını içməyim. Böyüyəndən sonra da yadıma gəlir ki, çox aclıq çəkdik. Mənim qırmızı rəngdə bir paltom vardı. Anam onu zorla mənim əynimdən çıxarıb satmaq istəyirdi ki, evə ərzaq alsın. Amma mən qışqırıb ağlamışdım, paltomu əynimdən çıxarmamışdım.

- Səhv etmirəmsə, atanız iki dəfə ailə qurub...

- Bəli, anamdan əvvəl atam ailəli olmuşdu. O arvadından da uşaqları vardı. Səkkizinci sinifdən sonra ögey bacımın evinə ayaq açmışdım. O, məndən yaşda xeyli böyük idi, anamı da heç vaxt qəbul etmədi. Hər dəfə onlara gedəndə deyirdi ki, çıx get, ananın yanına. Anan üçün darıxmırsan?

- Aktrisa olmaq uşaqlıq arzunuz idi?

- Ən böyük arzum həkim olmaq idi. Məktəbi bitirəndən sonra sənədlərimi ali məktəbə verdim, hazırlaşdım. İlk imtahan üçün zoğalı rəngdə qəşəng don da almışdım. Sənədlərimi həkimlik ixtisası üzrə versəm də, axırıncı imtahanlardan kəsildim. İşsiz-gücsüz ortalıqda qalmışdım. Bacımın əri gəmidə işləyirdi. Bacıma yalvar-yaxar etdim ki, ərinə desin, məni bir işə düzəltsin. O, məni işə düzəltdi. Amma təhsil almaq həvəsim ölməmişdi. Dayımın böyük kitabxanası vardı, ondan xəlvət oradakı kitabların hamısını oxumuşdum. Bir dəfə rəfiqəm məni Adil İsgəndərovun yaratdığı aktyorluq kursuna apardı. Elə o gündən sonra hər gün işdən çıxıb birbaşa ora gəlirdim. Məşqlərin birində Adil müəllim mənə dedi ki, qadam, çıx səhnəyə səni də yoxlayaq. Tapşırıq bu idi ki, küçədə getdiyim yerdə mənə it hürməli, mən də qaçmalıydım. Belə bir hadisəni mən dördüncü sinifdə yaşamışdım. Ona görə də onu istədiyi kimi rolu yaşaya bilmədim. Dedim, mənə hürən adamdı, it olsa, qaçaram. Yadıma gəlir, Adil müəllim özü pencəyini çıxarıb cəldliklə səhnəyə qalxdı, həmin tapşırığı göstərdi. Hamımız məəttəl qalmışdıq. Mənə dedi ki, bax, mən də adam səsinə qaçdım, amma rolu yaşadım. Sənin isə sözü düz deməyin, səmimiyyətin xoşuma gəldi. Adil müəllimdən öyrəndiklərimdən sonra universitetdə Rza Təhmasibin kursunda oxumaq mənim üçün çətin olmadı. Atam mənə çox hörmət edirdi, heç vaxt qəlbimə toxunmurdu, amma anam aktrisa olmağıma razı deyildi. Həmişə də bu sənəti seçdiyim üçün mənə qarğış edirdi. Deyirdi, səni görüm heç vaxt gəlinlik geyinməyəsən, başına duvaq atmayasan.



- Ananızın qarğışı tutdu sizi?

- Nə bilim... Mən bilən ana qarğışı adamı tutmur, ata qarğışı daha ağır olur. Nə isə, universitetdə oxuya-oxuya məni azdramaya işə götürdülər. O vaxt teatrın öz nəhəngləri vardı. İlk rolumu ifa edəndə Fatma Qədri və Hökümə Qurbanova ilə tərəf müqabili oldum. Tamaşada Hökümə xanım mənim analığım idi.

- Səfurə xanım, Hökümə xanımdan söz düşmüşkən, deyilənlərə görə məhz sizin teatra gəldiyiniz dövrlərdə artıq teatrın bir priması vardı, o, da Hökümə Qurbanova idi. Deyildiyi qədər hökmlü, tiran aktrisa idi?

- Sözsüz ki, Hökümə xanım tiran idi. O, sözü dik adamın üzünə deyirdi. Kimdən acığı gəlirdisə, bunu dərhal həmin adama hiss etdirirdi. Teatrda bircə Fatma Qədri ona söz deyə bilirdi. O biri aktyorlar cürət edib Höküməyə nə isə deyə bilməzdilər.

- Nəcibə Məlikova ilə də əbədi küsülülükləri vardı?

- Nəcibə ilə küsülü deyildilər. Arada danışırdılar, amma Hökümə xanım onu çox yaxınına buraxmırdı. Mən teatra gələndə qarşımda öz yaşıdım olan heç kim yox idi deyə tək qalmışdım. Məndən iki il sonra Amaliya Pənahova, dörd il sonra isə Şəfiqə Məmmədova, Zərnigar Ağakişiyeva gəldilər. Onlar bizim nəsil hesab olunmurdular. Onların heç biri ilə də Hökümə xanım ünsiyyətdə olmurdu, evinə də heç kimi buraxmırdı.

- Siz teatra gələndə sizdən əvvəlki nəsil sizi necə qarşıladı?

- Mən gələndə teatrda məndən başqa gənc aktrisa olmadığından gənc rolların hamısı mənim üstümə töküldü. Hətta Nəcibə xanım “Əcəb işə düşdük” tamaşasındakı rolunu Mehdi Məmmədovla razılaşdırıb mənə verdi. Çünki özü o rol üçün yaşlı və kök idi. Bayaq Hökümə xanımın adını çəkdiniz. O, mənə qarşı acıqlı davranan insanlardan olub. “Ana ürəyi” tamaşasında mən onun on beş yaşlı qızını oynayırdım. O, məşqlərdə də, tamaşa vaxtı da mənə acıqlanırdı. Rolun tələbinə görə yaxınlaşıb ona çəkdiyim rəsmi göstərməli, “ana”, deyə müraciət etməliydim. Obraz daha da isti alınsın deyə tez-tez onun qolundan yapışırdım. Onda Hökümə xanım mənim üstümə qışqırırdı. Deyirdi ki, mən sənin rəfiqənəm ki, dəqiqədə bir qolumdan yapışırsan. Mənə sonralar dedilər, o, insan kimi paxıl adam olub, cavanları heç vaxt yaxına buraxmayıb. Təsəvvür edin ki, yaşlı vaxtında on altı yaşlı Janna Darkı ifa edirdi. Ona demişdilər ki, sən bu rol üçün yaşlısan, imkan ver, Amaliya ifa etsin, qoymamışdı. Amaliya da o vaxtı bu haqda qəzetə yazmışdı. Amma sonralar bildik ki, Amaliyanı da Fatma Qədri öyrədib. Onlar istəyirdilər ki, Höküməni yerinə oturtsunlar. Çünki doğurdan da nə mənə, nə də məndən sonra gələn gənc aktrisalara tamaşalardakı baş rolları ifa etməyə imkan vermirdi. O, ancaq yaşlanandan sonra sakitləşdi. Həm də daha əvvəlki kimi rolları da yox idi.



- Bəs rejissorlar müdaxilə etmirdi?

- Bir dəfə Tofiq Kazımov rəhmətlik dedi ki, hansı kitabı açıram sənin üçün də, başqa aktrisalar üçün də rol tapıram, amma Hökümə istədiyi rolları tapa bilmirəm. Bir dəfə isə əsəbiləşib özünə də dedi ki, Hökümə, sənin üçün rol yazmırlar da, mən nə edim? Doğurdan da, Hökümə xanımın istədiyi rollar onun yaşına uyğun gəlmirdi. Həm də xasiyyətinə görə bir çox dramaturqlar onunla işləmək istəmirdilər. Çətin adam idi, amma mən alışmışdım. Tofiq ona rol verməyəndə Hökümə də ondan yuxarılara şikayətlər etdi. Tofiqi ondan sonra teatrda sıxışdırmağa, əl-qolunu bağlamağa başladılar.

- Səfurə xanım, mizan qurulanda sizi səhnənin qaranlığına atanlar, özlərini irəli çıxaranlar olurdu?

- Əlbəttə. Amaliya Pənahova rəhmətlik həmişə mənim qarşımı kəsirdi. Düzdür, mən Amaliyadan güclü aktrisa olmamışam, amma təbii olmuşam. Elə bil, Hökümə xanımın xasiyyətləri də Amaliyaya keçmişdi. Hökümə həqiqətən də teatrda Allahlıq edirdi, onun bir sözü iki olmurdu. Bircə dəfə onun üstünə Mehdi Məmmədovu qışqıran görmüşəm.

- Nə üstündə qışqırmışdı?

- Səməd Vurğunun “İnsan” tamaşasının rejissoru Mehdi müəllim idi. O tamaşanı Mehdi müəllim çox dəqiqliklə hazırlamışdı. Bir çox aktyorlara həmin tamaşada rol vermiş, hətta əməkdar artistləri belə kütləvi səhnələrə çıxarmışdı. Bizə o vaxtı təzə aktrisa gəlmişdi. Hökümə xanım tamaşada Səhər rolunu canlandırırdı. O, özü üçün tünd göy rəngdə, parıltılı parçadan paltar sifariş etmişdi. Paltarlarımız hazır olandan sonra Mehdi müəllim tamaşanın rəssamı ilə baxış keçirməli idi. Hamımız səhnəyə yığıldıq, Mehdi müəllim bizimlə sorğu sual edir, tapşırıqlarını verirdi. Birdən onun gözü təzə gələn aktrisaya sataşdı. Aktrisa tamaşa üçün seçdiyi paltarda yox, sıravi paltarda idi. Ondan bunun səbəbini soruşanda aktrisa dedi ki, Hökümə xanım icazə vermədi. Hökümə xanım doğrudan da qızın əynində o paltarı görəndə ona demişdi, “get paltarı çıxart, yoxsa paltarı cıracam”. Bunu da ona görə etmişdi ki, aktrisanın paltarının parçası onun paltarı ilə eyni idi.
Aktrisanın sözlərindən sonra Mehdi müəllim bərk əsəbiləşdi. Ona belə söz demək olardı?! Elə hamının yanında səsini qaldırdı: “Bir adama icazə vermərəm ki, mənim qoyduğum qanunu pozsun”. Ömründə heç kimdən danlaq eşitməyən Hökümə xanım ayaq üstə qurudu, rəngi ağardı. Mehdi Məmmədov ona sübut elədi ki, “Hökümə, sən Müslim Maqomayevin bacısı qızı olsan da, mənim yazdığımı poza bilməzsən. Sən Ələsgər Şərifovun, Əşrəf Quliyevin, Tofiq Kazımovun üstünə qışqıra bilərsən, mənim yox”.



- Səfurə xanım, doğurdanmı köhnə nəsil Tofiq Kazımova yeniliklər etməkdə mane olur, qarşısını alırdılar?

- Tofiqi yuxarılardan çərlətmişdilər. Onlar kimlər idi bilinmirdi. Amma siz deyən fakt da var idi. Biz bilirdik ki, Hökümə xanım ondan şikayətlər edir. Onun yaxın qohumları Moskvada yüksək vəzifələrdə işləyirdi.

- Sizi necə, teatrda qoruyanlar olurdu?
- Tofiq Kazımovdan sonra “Ölülər” tamaşasını Ələsgər Şərifov da hazırlamışdı. Əvvəlki tamaşada mən Nazlını ifa etsəm də, sonradan Ələsgər müəllim məni kütləvi səhnəyə çıxartmaq istədi. Nə qədər çalışdısa, onun dediyini etmədim. Yadıma gəlir, həyat yoldaşı Məhluqə Sadıqova ona dedi ki, “kişi, sən düz eləmirsən”. Ümumiyyətlə, mən qadın aktrisalardan heç kimlə dostluq etməmişəm. Çünki görürdüm, teatra yeni gələnlər mənə “sən çəkil, kənara” ədası ilə yanaşırlar. Onlar elə bil paxıllığı, xəbisliyi özləri ilə gətirirdilər. Mən teatra gələndə qarşımda heç kim olmamışdı. Olsaydı, bəlkə mən də onlar kimi davranardım. Bir də Fatma Qədri təzə gəldiyim illərdə məni bir az qorudu. O, tez-tez Hökümə xanıma acıqlanırdı. Deyirdi, o qız yaxşı işləyir, həm də tamaşada sənin qızındır, sənin qolundan tutmağı rolu tələb edir. Axı sən niyə ona acıqlanırsan, “Hokumuşka, tak nelzya?” Onlar çox vaxtı da rus dilində danışırıdılar.

- Bəs Hökümə xanım nə cavab verirdi?

- Deyirdi mən ona qarşı deyiləm, amma o, mənim üçün yaddır, mənə yapışanda, bədənim qıcıqlanır.



- Səfurə xanım, “yad” söhbətinə toxunsaq, nə deyə bilərsiniz? Teatr sizə doğma oldu?

- Mən teatra gəldim, gələn gündən də ora bağlandım. Düzdür, məni incidəndə, teatrdan üzülüşməli oldum. İçimdən bir səs deyirdi ki, qaç, burdan. Teatrdan getməyimi istəyənlər də vardı. Hətta məni tamaşa zamanı yıxmaq da istəyirdilər. “Sevil” tamaşasında mən düşdüyüm pilləkənlərdən birinin taxta pilləsini vurmamışdılar. Mənim də bundan xəbərim yox idi. Pilləkənləri düşəndə Allah üzümə baxdı ki, ayağımın altındakı boşluğu hiss etdim. Əgər mən ayağımı həmin boşluğa atsaydım, üzü üstə səhnənin döşəməsinə yıxılacaqdım. Onda Tofiq müəllimin üstünə getdim. Dedi, Səfurə, onu edənlərin allah cəzasını versin. Biz, teatr səni qorumağa çalışırıq.

- Bunu kim etmişdi?

- Teatrdakı fəhlə eləmişdi. Amma ona da kimin elətdirdiyini mən heç vaxt bilmədim. Sonra o fəhlə rəhmətə getdi. Bu günə qədər də həmin əhvalat mənim üçün sirr olaraq qaldı. Amma ümumilikdə, özümə qarşı mənfi münasibəti duyurdum. Hiss edirdim ki, yeni nəsil mənim kimi köhnə nəslin nümayəndələrinin teatrdan öz xoşları ilə çıxmasını arzulayırlar.

- Bu haqda sizə konkret nəsə deyirdilər, ya özünüz hiss edirdiniz?

- Əlbəttə deyirdilər, söz də atırdılar. Açıq deyirdilər ki, bütün rolları ifa etmisən, hər şey qazanmısan, çıx da. Onda da haradasa mənim altmış yaşım olardı.



- Teatrdan da buna görə uzaqlaşdınız?

- Özüm ərizəmi yazıb teatrdan çıxdım. Dedim ki, xəstəyəm, müalicə olunmalıyam. Məni heç kim çıxarmadı. Hətta Əlabbas (Əlabbas Qədirov S.Ə) məni qoymurdu teatrdan çıxmağa. Bir ay məni teatrda saxladı. Dedi, get, dincəl, müalicəni elə, qayıt, gəl teatra. Əlabbas doğurdan da mənim teatrda qalmağımı istəyirdi. Deyirdi, gələn cavanları kim öyrədəcək? Mən də çəkinən adam deyildim. Mərahim Fərzəlibəyova deyirdim ki, tamaşadakı qulluqçular qulluqçu kimi yox, xanım kimi oynayırlar, onların dırnaqlarında qırmızı lak olmamalıdır. Hər halda mən də üç dəfə qulluqçu obrazı ifa etmişdim. Heç birində dırnaqlarım manikürlü olmayıb, heç dodaq boyasından da istifadə etməmişəm. Belə şeyləri qeyd etdiyim üçün məndən acıqları gəlirdi. Öz aralarında deyirdilər ki, onu teatrdan rədd edin, təqaüd yaşı çoxdan çatıb. Onlar altdan-altdan Əlabbası qızışdırdılar. Əlabbasla mən neçə tamaşada tərəf müqabili olmuşdum, o, mənim potensialımı, necə aktrisa olduğumu da bilirdi, ona görə də məni teatrdan uzaqlaşdırmağı özünə ayıb bilirdi. Amma mən özüm ərizəmi onun masasının üstünə qoyub teatrdan getdim. Çünki çıxmasaydım, orda başıma nə isə gələcəkdi, hansısa zədə alacaqdım, məni həmin zədə ilə oradan çıxaracaqdılar. Əlabbas isə dediyini elədi. Bir ay məni teatrda saxladı. “Hökmdar və qızı” tamaşasındakı rolum teatrdakı son rolum oldu.

- Hansı aktyorlarla tandeminiz yaxşı alınırdı?

- Həsən Turabovla, Səməndər Rzayevlə. Həsənlə biz orta məktəbi bir oxumuşuq, sonra da bir teatrda işlədik. Turabov gözəl aktyor idi. Onun bir çox tamaşalarda çox incə işləri, tapıntıları vardı. Hətta “Sevil” tamaşasında tərəf müqabili olanda ondan çəkinirdim. Çünki aktyor kimi unikal işləri olurdu. “Hamlet”də o, Hamleti mən də Ofeliyanı oynamışam. Tamaşada onun üçün xüsusi dəmir pilləkən hazırlanmışdı. O pilləkəndən ancaq Həsən istifadə edirdi. Səməndər isə əla aktyor, əvəzolunmaz insan və fitri istedad sahibi idi. Çox yumşaq, həlim oğlanıydı. Rasim Balayevə xalq artisti adı verdilər, ona yox. Səməndər fikirdən o günə düşdü. Bir gün işdən çıxıb evə gedəndə gördüm fikirli-fikirli teatrın həyətində başını tutub gəzir. Yaxınlaşıb çağırdım. O qədər fikirli idi ki, məni eşitmədi. Bir xeyli onu danladım, dedim, sən böyük aktyorsan, insanlar səni sevir, dərdin olanda da üzə vurma, içində çək. Mənə dedi ki, axı bu elə işdir ki, mənə toxunur. Rasim gözəl aktyordur, amma onu teatra mən gətirmişəm, lazım gələndə onunla mən məşq eləmişəm. Bəs niyə ona məndən qabaq ad verilir, amma mənə yox. Ona təskinlik verdim, özümü misal çəkdim. Çünki mənim adımı da on il əvvəldən xalq artistliyinə versələr də, hər il siyahıdan silirdilər.

- Kinoda çəkilməyinizə mane olurdular?

- Əlbəttə, daxilən paxıllıq edənlər olurdu, amma üzə vurmurdular. Orda-burda deyirdilər ki, bizi çağırmırlar, Səfurəni çağırırlar, yəqin adamı var. Amma vallah heç kimim yox idi. “Arxadan vurulan zərbə” filmində Amaliyanın ifa etdiyi Ziba roluna Arif Babayev məni çəkmək istəyirdi. Çünki Arif müəllim məni “Alma almaya bənzər” filmində görmüşdü. Ordakı rolum xoşuna gəlmişdi, mənə demişdi ki, səni “Arxadan vurulan zərbə” filminə də çəkəcəm. Amma Amaliya rəhmətlik qoymadı, dedi ki, bəsdirin də, hər rola onu çəkdiniz, bu rolu da mənə verin. Mən öhdəsindən gələcəyəm. Allah üçün deyim ki, gəldi də. Mənim onun oradakı Ziba obrazı çox xoşuma gəlmişdi. Adil İskəndərov da məni “Sevil” filmində Dilbər roluna çəkilməyə qoymurdu. Deyirdi ki, “qadam, Səfurə birbaşa Sevil, ya da Gülüş roluna çəkilsin, amma Dilbər roluna yox. Dilbər rolunu ya Amaliyaya, ya da Şəfiqəyə verin”. Rejissor isə Şəfiqəni çəkmək istəmirdi. Deyirdi, mən filmə qadın gözəlliyi olan aktrisanı çəkmək istəyirəm, Şəfiqədə isə bu, yoxdur. Adil müəllim də sonralar mənə dedi ki, sən Sevili gözəl ifa etdin. “Gün keçdi” filminin sınaq çəkilişlərinə də məni çağırmışdılar, amma sonradan Leyla Şıxlinskayanı çəkdilər. Bilirsiniz, vaxtıilə məni səhnədə itəliyib qabağa keçən aktrisaların çoxu artıq həyatda yoxdular. Allah hamısına rəhmət eləsin.



- Bir müddət ailəli olsanız da, sonradan həyat yoldaşınızdan ayrılmısınız. Ayrılmağınıza nə səbəb olmuşdu?

- Mən beş il ərdə olmuşam. O, adamla qanuni və dini nikahım vardı. Onunla bir-birimiz sevmişdik. Yaraşıqlı, ağıllı oğlan idi. Amma övladımız olmadığı üçün beş ildən sonra ayrıldıq. O vaxtı həm də aktrisaya xor baxırdılar, ailə qurmağına belə ciddi yanaşmırdılar. Amma mən aktrisa olsam da o, mənə qarşı heç vaxt hörmətsizlik etməmişdi. Hətta deyirdi ki, uşağımız olmasa da, uşaq evindən götürərik. Sonradan evimdə qalan, mənim paltarlarımı geyinən baldızım üstümə hücum çəkdi, dedi ki, qardaşımdan əl çək, imkan ver, başqası ilə ailə qursun. Yoldaşım mənimlə ailəsinin razılığı olmadan evlənmişdi. Anası ona demişdi ki, ölümümə bir gün qalsa da, səni qoymaram onu alasan. Mən ərimin xalası qızı ilə nişanlı olduğunu sonralar bildim.

Uşağımız olmadı, getdikcə o da məndən soyumağa başladı, deyəsən qısqanırdı da. Bir gün onunla dalaşdıq. Ona dedim ki, mən sənə qarşı həmişə düzgün olmuşam. Nə zaman eşitsən ki, sənə xəyanət etmişəm, qanım sənə halaldır, mənə nə istəsən edərsən. Amma səninlə ailəli ola-ola heç vaxt xəyanət etmərəm.

- Sizə inanırdı?

- İnanırdı. Amma aktrisa idim, tamaşadan çıxıb evə gələnə qədər gecə saat on iki olurdu. Mən zinət əşyası taxmağı sevmirdim. Teatra gedəndə nişan üzüyümü özümlə götürüb yolda barmağıma taxırdım, teatra çatanda çıxarıb çantama qoyurdum. Axşam evə qayıdanda da metroya girən kimi üzüyü barmağıma taxırdım. Əlimi də elə tuturdum ki, nəzərə çarpsın, mənə heç kim söz atmasın. O məni bir neçə dəfə izlətdirmişdi də. Yəni ona qarşı sədaqətli olmuşam. Ancaq bizimki alınmadı, o getdi, başqası ilə ailə qurdu. Bir dəfə oğlu ilə bizə gəlmişdi. Qapqara oğlan uşağı idi. Ailəli olsa da, mənə çox yalvardı ki, onunla yenidən bir yerdə yaşayım, amma mən razılaşmadım. Sonuncu dəfə hardasa on beş, iyirmi il əvvəl gəlmişdi. Ondan sonra bir universitet müəllimi ilə münasibət qurdum. Bir ildən sonra hiss etdim ki, onunla mənimki alınmır. Tez-tez içirdi, gəlirdi evimə, qapımı döyüb qışqırırdı. Bu da nə mənə, nə də qonşularıma xoş gəlmirdi. Ona görə də ondan da ayrıldım. Sonralar da rollar, çəkilişlər başımı qatdı, təkliyə də alışdım. İndi öz təkliyimdə rahatam. Düzdür, yaş artıq gedib, səksəni haqlamışam. Amma bu da mənim taleyimdir.

- Yaşınız artsa da, gözlərinizdəki parıltı, simanızdakı nəciblik olduğu kimi qalır...

- Mən həmişə sağlam qidalanmağa üstünlük vermişəm. İllərlə ət yeməmişəm. Aylarla evimdə xəstə yatmışam, evdən bayıra çıxmamışam. Çıxanda da üzümə heç nə vurmamışam. İndi də mənim üzümdə heç bir bəzək yoxdur. Amma kənardan baxanlar elə bilirlər ki, kremləri üst-üstə çəkirəm. Yaşadığımız illər, məşğul olduğumuz sənət dərimizin təravətini, gözəlliyini bizdən alıb aparıb. Bu, həm də Allahın var olmasına işarədir. Tanrı insana verdiklərini özü də yavaş-yavaş geri alır. Onu dünyadan getməyə hazırlayır.

- Səfurə xanım, indi səhnəyə çıxa bilərsiniz?

- Yox, qızım. Bir dəfə möhkəm yıxıldım, ondan sonra ayağım bərk zədələndi. İndi dayandığım yerdə ayağım titrəyir. Doğrusu teatrdan getməyim, sonralar səhnəyə çıxmamağım barədə hansısa peşmanlığım da olmayıb. Arzusunda olduğum bütün rolları ifa etmişəm.



- Bəs aktrisa olduğunuz üçün nə vaxtsa peşman oldunuz?

- Mən bu gün də təbabət haqqında nəsə görəndə, eşidəndə onu öyrənməyə can atıram. Həqiqətən də həkim olmağı çox istəmişdim. Sonralar da yadıma düşəndə həkim ola bilmədiyim üçün ağladığım məqamlar olub. Amma bu gün hər şeyə görə teatra borclu olduğumu da yaxşı bilirəm.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi