xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 

Nisgillə böyüyən, iki il universitetdən kəsilən xalq artisti: “Bizə ehtiyac duymadılar…” – MÜSAHİBƏ

16-09-2019, 09:57 109 dəfə baxılıb

Nisgillə böyüyən, iki il universitetdən kəsilən xalq artisti: “Bizə ehtiyac duymadılar…” – MÜSAHİBƏ

Müsahibə üçün dəfələrlə vədələşmişik, alınmayıb, ya onun başqa işi çıxıb, ya mənim. Axır ki, zamanı az qala tutub saxlayıb, necə deyərlər, sındırdıq yazıq şeytanın qıçını.

Beləliklə, Lent.az -ın budəfəki müsahibi xalq artisti Pərviz Məmmədrzayevdir.

Qonaq otağında oturmuşuq. Söhbət edə-edə diktofonu qoşmaq üçün əyilirəm. Elə bilir ki, nə isə axtarıram.

– Neynirsən, “şparqalkaya” baxırsan görüm nə suallar verəcəm? – deyə ilk sualı o verir.

– Yox, ilk sualım belə olacaq: “Bir daha dünyaya gəlsəydiniz bu sənəti seçərdinizmi ?” (Ucadan gülür) Hələ Gənc Tamaşaçılar Teatrının pilləkənlərində mahnı oxuya-oxuya gəzən vaxtlarından tanıdığım adama sualları “şparqalka” etməyə ehtiyacım yoxdur.

– Hə, indi də elə oxuyuram. Adam olmadım da.

– Bu, adam olub-olmamaq deyil, istedaddır, yanğıdır…

– Axır ki, tapdım yerimi, gedib çıxdım Musiqili Teatra.

– Ona qədər amma çox dolanbac yollar keçdin, dağ çayı kimi özünü qayadan qayaya vurdun.

– Keşməkeşli yollar…

– …indi məcraya düşmüsən?

– Yox, hələ də axtarışdayam. Sən demiş, dağ çayıyam. Bir yerdə qalsam, iy verərəm. Dayanmaq qocalıq əlamətidir. Fiziki qocala bilərəm, mənən qocalmaq istəmirəm. O yer içimdə nəyəsə mane olursa, dəyişəcəm. Ruhum rahat olsun. Ruhuma ziyan varsa, maddi ziyana düşsəm də ordan çıxıb gedəcəm. Ruhuma xəyanət etməyim. Mehriban Ələkbərzadə indi yeni tamaşa qoyur Musiqili Teatrda. Bolqar yazıçının əsəridir – “Avtobus”. Çox zövq alıram bu işdən. Hər məşqdə nə isə təzə bir şey öyrənirsən. Hesab edəndə, iddia edəndə ki, hər şeyi bilirsən, öyrənməyə ehtiyac yoxdur, o zaman bitmiş olursan.

– Amma xoşbəxtlik də ondadır ki, özünü təkrarlamağa sövq etməsinlər səni, qarşında yeni yollar, istiqamətlər açsınlar, ona imkan yaratsınlar.

– Ay sağ ol. Mehriban Ələkbərzadə ilə ikinci işimizdir. Birincisi Ceyhun Hacıbəylinin həyatından bəhs edən “Nuri-didə” oldu. Çox sevdiyim tamaşadır, çünki potensial üçün çox şey verdi mənə. Bəyənən də oldu, bəyənməyən də. Bir yerdə iş varsa, orda söz-söhbət də olar. Adını çəkmək istəmədiyim, müsəlmanın sevmədiyi bir canlıya deyirlər, get çəmənlik haqqında məqalə yaz. Yazır ki, burda nohur yox, palçıq yox…

– Ona niyə tapşırılır ki, çəmənlikdən yazmaq?

– Məsələ bu. Zər qədrini zərgər bilər də.

– Pərviz, istəyirəm lap əvvələ qayıdaq, Adəmlə Həvvaya yox e, sənin ömür yolunun əvvəlinə. Haqqında yazılar universitet təhsilindən başlayır. Bəs, ondan əvvəl, məsələn, harada, hansı ailədə doğulmusan, ata-anan kimdir, neçə uşaq olmusunuz?

– 1971-ci ildə qarlı qış günündə, fevral ayında Bakıda doğulmuşam. Olmayan əziyyətlə.

– Yollar buz bağlamışdı.

– 1977-ci ildə altı yaşımda məktəbə getmişəm, 87-də bitirmişəm.

– Niyə tələsirdin məktəbə getməyə? İnkişafda irəli gedirdin?

– Yox, yox, yalan deyərəm. Anam işə çıxmaq istəyirdi, ona görə. Sorğu-sual elədilər, qane elədim, onları götürdülər məktəbə. Aktyor olmaq arzusu ilə çırpınmırdım. Şəmsiyyə adlı ingilis dili müəlliməm vardı. İngilis dilində səhnəciklər hazırlayırdı. Rolları bölürdü, biz oynayırdıq. Mən də bəzi rollarda oynamışam. Şəngülümdə, Şüngülümdə…

– Müxtəlif xarakterli obrazlarda yəni)

– Hə. İngilis dilini yaxşı bilirdim. İstəyirdim dil mütəxəssisi olum. Şəmsiyyə müəllimə qoymadı. O, dedi, mən dedim. Dedi, aktyor olacaqsan, ingilis dilini başqaları da öyrənə, öyrədə bilər. Axır ki, yolumdan döndərdi məni. Nəsildə də aktyor nümunəsi yox idi. Mən, sadəcə, Şəmsiyyə müəlliməyə təslim oldum. Məni göndərdi Lütfi Məmmədbəyovun aktyorluq dərnəyinə. Düz iki ay Şəhriyar adına mədəniyyət evinin qapısına qədər gedib-qayıtmışam, utanmışam içəri keçməyə. Axırda qapıçı soruşdu ki, a bala, sənə kim lazımdı? Dedim, dərnəyə yazılmağa gəlmişəm, Lütfi müəllimin dərnəyinə. Bir kişi dayanmışdı pəncərədən bayıra baxırdı, döndü mənə ötəri bir nəzər atdı. Sən demə, Lütfi Məmmədbəyov imiş. Çağırdı məni yanına, dedi gələrsən baxaraq. Əvvəl gəlib kənarda oturub, baxırdım. Bir gün Şahin Cəbrayılov soruşdu ki, bala, sən gəlib sakitcə oturursan, nə istəyirsən? Dedim, deyirlər məndən yaxşı aktyor olar, bilmirəm. Balaca rol verdilər mənə. Heç demədilər kimsən, nə oynayırsan, elə deyirlər bu sözləri de. Yavaş-yavaş, döyülə-döyülə bərkidim, öyrəndim. İki il universitetdən kəsildim, dedilər sən aktyor olmayacaqsan.

– Kim dedi?

– Onu deməyəcəm, ikisi də böyük sənətkardır. Onların qarşıma qoyduğu baryer olmasaydı, bu gün bu yerdə olmazdım. Valentin Qaft deyib ki, sağ olsun qarşımda çətinlik yaradanlar, mənə mən olmağımda köməkçi oldular. İki il zavodda çilingər, tokar köməkçisi, su idarəsində fəhlə, Rus Dram teatrında dülgər kimi vəzifələrdə işləmişəm. Sonra Dram Teatrında səhnə maşinisti işinə gəldim.

– Üçüncü il qəbul olundun?

– Kamal Əzizovdan qiymət aldım. O da sıxıb suyumu çıxartdı, sonra qiymət yazdı. Üç imtahandan keçdim, 51 adam qəbul olunmuşdu, 51-ci mən idim. Bu dəfə kütləvi rejissorluğa vermişdim qorxumdan ki, aktyorluqdan yenə kəsərlər. Çox hazırlaşmışdım, tarixi, ədəbiyyatı oxumaqdan gözlərim zəifləmişdi. Firdovsi Naibovun tələbəsi idim. Köhnə fikirli idim, teatr mənim üçün yalnız sözdən ibarət idi.

– Teatrla bağlı köhnə fikirli? Yəni pafos, Otello?

– Hətta Otellonu özüm hazırlamışdım, rejissor da bəyənmişdi. Firdovsi müəllim məni tamam dəyişdi, öz mövqeyimi vermək istəmirdim. Göndərirdi məni, deyirdi get filan kitabı oxu, filan əsəri oxu, tamaşaya bax.

– Elə bilirdim Bəxtiyar müəllimdən öyrənmisən…

– Bəxtiyar müəllimlə artıq 92-ci ildə başladıq. Bir dəfə səhnədə özüm üçün oynayırdım, Bəxtiyar müəllim girdi içəri. Dayandım. Dedi, davam et. Baxdı və dedi ki, mən elə bilirdim sən yalnız idmançısan, amma sən aktyor imişsən. Mən o vaxtlar idmanla məşğul olurdum. Söhbət etdik, sonra məni Elmanla, Siyavuşla, Rövşən İsaxla görüşdürdü. Bir-birimizə isinişdirdi. Sözdən plastikaya keçdim. Klassikaya aid işlərim artıq vardı. Diplom işim Pantomima teatrının repertuarına daxil edildi.

– İlk iş yerin ora oldu?

– İlk iş yerim Gənc Tamaşaçılar Teatrında köməkçi heyət idi. Allah rəhmət eləsin, Kamal Əzizov teatrın direktoru idi. Məni sınaq müddətinə götürmüşdü. Bir tamaşada oynadım, sonra Vaqif Əsədov “Mağara” tamaşasına dəvət etdi. 93-cü ildən, 4-cü kursun sonundan aktyor fəaliyyətim başladı.

Atam mühəndis idi, maşınqayırma zavodunda işləyirdi. Anam xalçaçı idi.

Əslimiz Lahıcdandı axı. Sənətkar nəsliyik. Atam dəmirçi nəslindən idi. Dörd qardaş idik evdə. Günümüz qırğınla keçirdi.

– Təbii. Neçənci qardaşsan?

– Üçüncü. Böyük qardaşım zərgərliyə meylləndi, sonra yarımçıq qoydu. İkinci qardaşım sürücüdü, mən belə avaragor (gülür), kiçik qardaşım zərgərdi.

– Pantomima Teatrı deyəndə yada düşən ilk adlardan biri Pərvizdir. Pərviz də deyəndə Pantomima yada düşür. Amma tez ayrıldın.

– Ayrılmalı idim. Ayrılmağın zamanı gəlmişdi. Bəxtiyar müəllim mənə çox dəstək olub, arxamda durub. Hər bir quş öz qanadları ilə uçmalıdır. Çox hörmətlə, izzətlə halallaşıb, çıxdım.

– Hörmətlə ayrıldığın teatrın yubileyinə gəlmədin.

– Hə, gələ bilmədim, əvvəldən planlaşdırılmış məşqlər, işlər vardı. Yoldaşım getmişdi. Mənim fiziki imkanım olmadı. Yalançı olmağı sevmirəm.

– Yoldaşım demişkən, səhnəni bir plastik, gözəl aktrisadan məhrum etmisən, onu da səhnədən. Bayaq dedin ki, köhnə düşüncəli idim, bu tərəfdən də köhnəliyin var?

– O baxımdan köhnə düşüncəli deyiləm. Uşaqlıqdan anam işləyib, mənim anam sağ ola-ola ana nisgilim vardı. Anamı doyunca görmürdüm, işdən o gələndə mən yatmalı olurdum. Evimizdə ana istiliyi olmurdu. Qardaşlarımla hər işi özümüz görürdük, ev işləri, yemək bişirmək, özümüzə, hətta qonağa biz qulluq edirdik. Əvvəldən xanımıma dedim ki, sən işləməyəcəksən, mənim uşaqlarım doyunca ana nəvazişi, istiliyi görməlidir. Evdə ana olanda hər şey başqa cür olur, olmayanda suyu sovulmuş dəyirman olur ev.

– İki övladın var?

– Üç. İki oğlan, bir qız. Qızım Dillər Universitetində oxuyur. Oğlum bu il İqtisad Universitetinin maliyyə və audit fakültəsinə qəbul olundu. Balacanın 6 yaşı var. Analıq ən böyük vəzifədir.

– Ay maşallah. Yaxşı aktrisa idi, sizin “Leyli və Məcnun” tamaşanız gözlərim önündədir. Özü istəmir səhnəyə qayıtmaq?

– İstəyir, amma uşaqlara görə özü də getmir. Bir dəfə mən də razılıq verdim, özü düşündü, imtina etdi ki, Əli balacadı, əziyyət çəkəcək.

– Bir “Simsar” teatrı yaratdın, sonra bağlandı.

– Maddiyyat ucbatından bağlandı.

– Sonra birini də yaratdın – “Human” .

– Onu da İsrafil müəllimin dəvəti ilə Dram Teatrında yaratdıq. Sonra rəhbərlik dəyişdi, bizə ehtiyacları olmadı.

– Teatra prodüsser lazmdır. Ümumiyyətlə, o məktəb yoxdur bizdə, kino, teatr bu sarıdan əziyyət çəkir. Onu yaratmadan teatr yaratmaq lazım deyil, çünki iflasa məhkumdur. Özünüz üçün yaradırsınız, “mən gəlirəm, “bradyaqa” gəlir…”, amma alınmır.

– “Məni çıx…” (Gülür). Razıyam, onun üçün o düşüncədə insan olmalıdır, yaradıcı insan o düşüncədə olmur. Rəşad Əhmədzadə sağ olsun, teatrının səhnəsini təmənnasız olaraq verdi məşq etməyimiz üçün. Xəzər Universitetinin səhnəsində oynadıq, sağ olsun Hamlet İsaxanlı, şərait yaratdı. İş adamları hamısı o düşüncədə deyil. Şamil var, öz tələbəm olub, indi onunla bir yerdə çalışırıq. Deyirəm, heç olmasa sən bu işlərə bax, o da bacarmır, beynini yaradıcılıqla “xarab eləmişik” artıq.

– Necə oldu Musiqili Teatra gəlib çıxdın? Deyirsən öz yerimdəyəm həm də…

– Dram Teatrında Vaqif Səmədoğlunun “Generalın son əmri”ndə fərari rolunu oynadım. Mikayıl Mikayılov “Dədə Qorqud” əsasında “Basatın öküzü basdığı boy” etno-rok tamaşasını hazırladı. Özümüz oynayırdıq, rəqs edirdik. Sadəcə, rəhbərlik dəyişdi, bizi qəbul etmədi. Keçdik öz studiyamızı yaratdıq. Bir gün Mehriban Ələkbərzadə dəvət etdi Musiqili teatra. Ceyhun Hacıbəyli haqda hazırladığı tamaşanın mövzusu məni tutdu. Universitetdə dərs deyə-deyə gəlib məşq etməyimin çətinliyi vardı, sağ olsun teatr rəhbərliyi, nəzərə aldı, şərait yaratdı. İndi Hüqonu hazırlayırıq – “Paris, Notrdam kilsəsi” əsərini. Müzikl şəklində olacaq. Düşünürəm, maraqlı iş olacaq.

– Kinolara gəlmək istəyirəm. “Arxada qalmış gələcək” filmindən tutmuş, sonuncu çəkildiyin, yolunda palçığa girdiyin, saqqala batdığın filmə qədər. Üstəgəl, Ramiz Həsənoğlunun teletamaşaları.

– Hə, çox sevinirəm Ramiz Həsənoğlu yenə öz yerindədir. Teatrda əziyyət çəkirdi, öz qabında deyildi. “Buğac”a çəkilmişəm, “Nigarançılıq”, “Bəylik dərsi”, çoxdu teletamaşalarda rolum. Axırıncıda vokal da ifa etmişəm. Kinolarda isə ürəyimcə olan azdır. “Hökmdarın taleyi” filmində Fətəli şah sevdiyim obrazdır. “Düyün”, “Bir addım” filmləri ürəyimcədir. Şamil Nəcəfzadənin “Qala” filmindəki balaca Osman rolunu çox sevirəm. Qısametrajlı bir “Qala” filmi də var, ordakı rolum da yaxşıdır. Mənə çox aktyor imkanı verildi orda. Aktyor çərçivəni sevməz. Tələbələrimə də deyirəm, sən tök içini, mən cilalayacam. İçində saxladığın əleyhinə işləyəcək.

– Tələbələrim dedin, məqsədli şəkildə onlarla bağlı sualı sona saxladım. Müşahidələrim deyir ki, müəllim kimi daha uğurlu, sevilən və xeyirlisən, qalan sahələrdə hələ də işin qabaqdadır, deməmisən sözünü, göstərməmisən özünü. Tələbələrin baxımından daha irəlidəsən, yanılmıram ki?

– Razıyam. Onlarla qurduğum tamaşalarda özüm oynamıram. Deyərlər zəiflərin yanında özünü qabardır. Özümü həsr etdim pedaqoji fəaliyyətə. Qoy, görsünlər ki, mənim yetişdirdiklərim deyir mənim də sözümü. Tələbələrim üzümü ağardırlar, şükür. Universitetdə aktyorluqdan dərs deməyə dəvət aldım, öyrədirəm. Gələcək göstərəcək işimizi. Günüm olur ki, otağımla arası 15 addım olan bufetə gedib su içə bilmirəm, vaxt çatmır. Dəhlizdə də tutub nə isə soruşurlar, amma tələbələrim bunu duyur, bir də görürsən, çay gətirirlər auditoriyaya.

– Sənə uğurlar, amma sonda bir söz alım: Leyli səhnəyə qayıdacaq?

– Qismət. Uşaqlar böyüyər, özü qərar verər. Uşaq diqqətsiz qalmasın, öncə ailədir və ailə dəyərləridir. Onlar Allahın əmanətidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi