İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 87,7 milyon manat artırılaraq 1 milyard manatı keçdi. Bununla bağlı Dövlət Başçısı Fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87,7 milyon manatın ayrılması ilə mümkün olacaq.
Bəs, bu artım ipoteka krediti götürmək istəyənlərə nə vəd edir?
İqtisadçı Natiq Cəfərli Bizim.Media-ya bildirib ki, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının məbləği hər il az da olsa, artırılır. Lakin burada məsələ yalnız məbləğlə bağlı deyil:
“Əhali əsasən, az faizli güzşətli ipoteka almağa çalışır. Buna da Azərbaycanda haqqı çatan insanların sayı həddən artıq çoxdur. Çünki onların siyahısı genişləndirildi. Qarabağ qaziləri, müharibə veteranları, şəhid ailələri, gənc ailələr, dövlət qulluqçuları bu siyahıya əlavə edildi.
Ancaq bu siyahıyla müqayisədə ayrılan məbləğ azdır. Yəni aşağı faizlə sosial ipoteka üçün ayrılan məbləğ həddən artıq azdır. Doğrudur, burda 8 faizlik ipoteka da var, o da cəbedicidir.
Amma insanlar daha çox 4 faizli ipoteka götürməyə can atırlar. Ona görə də, bu məsələdə məbləğin artırılması ilə yanaşı bu insanlara alternativ təkliflər də edilməlidir”.
İqtisadçının fikrincə, 4 faizli ipotekaya haqqı çatan insanlar arasında yalnız Bakı deyil, bölgələrdə də ipoteka istəyənlər çoxdur:
“Bəzi insanlar Bakıda yox, başqa yerlərdə və daha tez ipoteka əldə etmək istəyir. Məsələn, Gəncədə, Şəkidə, Lənkəranda... Yəni bu məsələdə regionlara da üstünlük verilməlidir.
Bu, həm də regionlarda tikintini sürətləndirər, insanların Bakıya axınının qarşısını müəyyən qədər ala bilər. Regionlarda yeni iş yerləri, yeni fürsətlər yarada bilər. Yəni bu məsələlərə kompleks şəkildə baxmaq lazımdır ki, qərarlar bir-birini tamamlasın”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.