Ramazan bayramı və Qələbə günü ilə əlaqədar ölkədə mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. Sözügedən 7 günlük tətil ölkədaxili turizmi də canlandırıb. Belə ki, müxtəlif bölgələrdə hotellərə və fərdi evlərə tələbatda artım müşahidə olunur. Tələbdə qeydə alınan artım isə qiymətlərə təsir göstərib.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Ölkə.az”a açıqlamasında bildirdi ki, bölgələrdə kirayə mənzil bazarında canlanma müşahidə olunur:
“Kirayə evlər üçün müraciətlərin sayında artım var. Adətən, qiyməti yay mövsümündə müəyyən olunan kirayə evlərə indiki halda tələb artıb və qiymət də müvafiq olaraq dəyişir. Ümumiyyətlə, qiymət artımı qeyri-iş günləri və bayram tətillərində daha aktiv şəkildə qeydə alınır”.
Ekspertin sözlərinə görə, turizm üçün əlverişli olan dağlıq və dağətəyi rayonlarda orta təmirli, 1 otaqlı, kommunal təchizatı olan evlərdə qiymətlər 25-30 manatdan başlayır. Burada qiymətlər otaq sayından, evlərin yerləşdiyi ərazidən və digər amillərdən asılı olaraq dəyişir. Aylıq kirayə zamanı isə ümumi qiymətdə müəyyən güzəştlər tətbiq oluna bilir:
“Bölgələrdə adi vaxtlarda 30 manat olan fərdi yaşayış evləri hazırda bazara 40 manata təklif olunur. Bu dövrdə hotellərin rezervasiya qiymətlərində də artım müşahidə olunur”.
Bu ərəfədə bölgələrdə fərdi evlərin günlük kirayə haqlarında 30%-ə qədər qiymət artımı müşahidə olunur.
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi “Ölkə.az”a açıqlamasında bildirdi ki, daxili turizmin məhdudlaşdırılması ilə bağlı qərarlar olmadığı üçün hotel sifarişlərində canlanma müşahidə olunur:
“Regionlarda canlanma daha çox beşulduzlu hotellərə şamil edilə bilər. Artıq gələn həftə üzrə hotellərdə otaq sifarişləri 80-85%-dir. Düşünürəm ki, bazar gününə qədər satışlar 100% olacaq və bir çox hotellər satışları saxlayacaq”.
Espert əlavə etdi ki, beşulduzlu hotellərdə otaq rezervasiya qiymətləri 175-180-210 manat arasında dəyişir: “Müştərilər tərəfindən daha çox 170-190 manat arasında olan otaqlar rezervasiya olunur. Orta və kiçik biznes subyektlərində, yəni orta və kiçik hotellərdə satışlar elə də böyük deyil”.
“Yay aylarında epidemioloji vəziyyət yaxşıya doğru getdikcə daxili turizm də canlana bilər. Xarici turizmin bərpası isə sərhədlərin açılması, vizaların verilməsi, aviaşirkətlərin bilet satışını bərpa etməsi ilə bağlı olacaq ki, bu da daha uzun müddət tələb edir”, - deyə ekspert vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.