Azərbaycanın su təchizatında əsas mənbə sayılan Kür çayında suyun səviyyəsi kəskin azalması ilə bağlı məlumatlar insanlar arasında narahatlıq doğurub. Qeyd olunur ki, bu səbəbdən hazırda Salyan və Neftçala rayonlarının Kür çayı boyunca yerləşən kəndlərində ciddi içməli su problemi yaşanır.
Əkin sahələrində yaz suvarmasına başlanıldıqdan sonra problemin miqyası daha da böyüyəcəyi ehtimal edilir.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev də Kürün suyunun son illərdə 20-25 faiz azaldığını təsdiqləyib.
Son illərdə nəinki ölkəmizdə, bütün dünyada gələcəkdəki mümkün su qıtlığı ilə bağlı həyəcan təbili çalınır. İqlim dəyişikliklərindən qaynaqlanan su böhranı ilə mübarizə aparmaq üçün müxtəlif yollar təklif olunur.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan Xəzər Universiteti Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov su probleminin səbəbləindən biri kimi kənd təsərrüfatının genişlənməsini görür:
“Kürdə suyun kəskin azalması və qurumasının səbəbi çox müxtəlifdir. Təbii ki, burada biz nəzərə almalıyıq ki, Kür transsərhəd çaydır və iqlim dəyişikliklərinin kəskin dəyişmələrinə məruz qalır. Bu, böyük çay olduğu üçün həm Türkiyə, ərazisində, həm Gürcüstanda, həm də Azərbaycanın özündə Kürdən su götürmələri getdikcə artmaqdadır. Azərbaycanda kənd təsərrüfatı sahələrinin sahəsi sürətlə artır ki, bu da suya olan tələbatın da artmasına səbəb olur”.
Kənd təsərrüfatında su itkilərinə yol verildiyini deyən ekspert suya qənaətlə bağlı bir sıra təkliflər də irəli sürüb:
“Çox təəssüf ki, bu da ona səbəb olub ki, Kür çayı hazırda bu vəziyyətə düşüb. Biz təcili olaraq su itkilərini azaltmalıyıq. Bundan ötrü müasir suvarma texnologiyalarına keçid lazımdır. Bundan əlavə, torpaq kanallar betonlaşdırılmalı, açıq arxlar boru ilə əvəz olunmalı, fermlərdə suya qənaətə təşəbbüsü yaradılmalıdır. Ən nəticədə sayğaclaşdırma işləri aparılmalıdır ki, su itkilərinin qarşısı alınsın. Biz suyu damla-damla istifadə etməliyik. Kənd təsərrüfatında az suya qane olan bitkilər əkilməli, daha dözümlü kənd təsərrüfatı yaradılmalıdır”, - deyə o əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.