Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatlarının qarşısının alınması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başlanmış və Vətən müharibəsi 2020-ci il noyabrın 10-da düşmənin tam kapitulyasiyası, Azərbaycanın hərbi-siyasi tarixi qələbəsi ilə nəticələnmişdir.
2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilmiş, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əmaliyyat-istintaq tədbirlərinin nəticəsində, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.
Bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilmişdi ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafayev Elvin Fəxrəddin oğlu və əsgər Yusubov Orxan Allahverdi oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.