Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda, ticarət məkanlarında cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib.
"Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakinləri Dilşad Ağammədova və bacısı Fəridə saxlanılıblar.
Onların ətraflarında həyata keçirilən tədbirlərlə bu şəxslərin ayrı-ayrı vaxtlarda paytaxt ərazisində fəaliyyət göstərən müxtəlif marşrut xətləri ilə hərəkət edən avtobuslarda, həmçinin ticarət obyektlərində 10-a yaxın şəxsin cibindən pul, mobil telefonlar və digər qiymətli əşyalar oğurladıqları məlum olub.
Qeyd edək ki, hər iki bacı ifadələrində cibgirlik edən zaman kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiklərini bildiriblər. Onların törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. D.Ağammədova və F.Ağammədova cibgirlik yolu əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra həmin əşyaları və içində olan sənədləri tulladıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarını qeyd ediblər.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı avtobuslarda cibgirliklə məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunan Sumqayıt şəhər sakini Yaşar Məmmədli tutulub. Əldə edilən kamera görüntülərindən və bu şəxsin ətrafında aparılan əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, o, hər gün Sumqayıtdan Bakıya gələrək paytaxt ərazisində avtobuslarda cibgirliklər edib.
Qeyd edək ki, saxlanılan zaman Yaşar Məmmədlinin üzərindən heroin və cibgirlik edən zaman əldə etdiyi bank kartlarından bəziləri aşkar olunaraq götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, onların ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Dilşad Ağammədova, Fəridə Ağammədova və Yaşar Məmmədlinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.