Ramil Bayramov: Zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir
22-02-2021, 12:35
930 dəfə baxılıb
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
Artıq 13 ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir.
Qeyd edək ki, cəmiyyətin balansında 1316 ədəd körpü, ümumi istifadədə olan 17542,6 km uzunluqda avtomobil yolu var ki, bunun da 4385 km-i Respublika əhəmiyyətli, 13157,6 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bu yollara işğaldan azad edilmiş doğma Qarabağımızın ərazisində olan 2661 km uzunluğunda avtomobil yolu və 90 ədəd körpü də daxildir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR..
29 saylı Yol İstismar idarəsi rəisi Ramil Bayramov - Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, nəqliyyat-yol kompleksi, eləcə də yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ötən illərdə ölkəmizin bütün regionlarında, həmçinin paytaxt Bakıda bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Məhz bunun nəticəsidir ki, son illər ölkəmizin yol infrastrukturu xeyli dəyişmiş, bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülmüşdür.
Ölkəmizdə nəqliyyat-yol infrastrukturunun yenidən qurulması işi, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr hazırda da uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən, “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2020-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində xeyli iş görülmüşdür. Paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidlərinin inşasını buna misal göstərmək olar.
Son illər dünyanın ən yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilmiş Bakıda nəqliyyatın intensivliyinin artması küçə və yollarda tıxacların yaranmasına səbəb olmuşdur. Ölkə başçısı İlham Əliyev bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı konkret tapşırıq vermişdir. Məhz bunun nəticəsidir ki, son illər paytaxtda yol qovşaqlarının və piyada keçidlərinin tikintisi intensiv xarakter almışdır.
Hazırda beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət yetirilir. Elə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının başlıca hədəflərdən biri də yol təsərüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılmasından ibarətdir. Prezident İlham Əliyev sözügedən dövlət sənədlərinin uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini bildirərək demişdir: “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil”. Ölkə Prezidenti son illər dəfələrlə bölgələrə səfər etmiş, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, həttə ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi üçün konkret tapşırıqlar vermişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində yol qurgularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir.
Göründüyü kimi, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. Təkcə onu qeyd etmək kifayətdir ki, “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq” deyən Prezident İlham Əliyev son on iki il ərzində avtomobil yollarının və yol qurğularının açılışı ilə bağlı çoxsaylı mərasimlərdə iştirak etmiş, işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini vermişdir. Dövlət başçısının diqqət və qayğısına əməli işlə cavab verən ölkənin yol təsərrüfatı işçiləri daha yüksək nailiyyətlərin əldə olunması üçün bütün imkanları səfərbər etmişlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR