İtalyan tarixçisi Paolo Covio 1551-ci ildə Şah İsmayıl Səfəvinin şöhrəti, hərbi qüdrəti və şəxsiyyəti haqqında diqqətçəkən fikirlər qələmə alıb.
Paolo Covionun 1551-ci ildə nəşr edilmiş “Hərbi şücaəti ilə şöhrət qazanmış kişilərə təriflər” (“Elogia virorum bellica virtute illustrium”) əsərindən olan bu tarixi qeydlər “Milli Kimlik” səhifəsində paylaşılıb.
“İsmayıl Səfəvi öz dövründə bütün dünyanı şöhrətinin sədası ilə doldurmuşdu. Parlaq, nurlu və hökmdarlıq əzəməti ilə dolu siması ilə o, hətta öz xalqı arasında belə digərlərindən daha heyrətamiz və daha əzəmətli insan təsiri bağışlayırdı.
O, böyük hökmdar Uzun Həsənin nəvəsi, Uzun Həsənin qızından doğulan Heydərin oğlu idi. İsmayıl gənclik illərini gizlilik və təcrid şəraitində keçirmişdi. Buna baxmayaraq, artıq həmin dövrdə gözəl görünüşü ilə bütün yaşıdlarını üstələyirdi.
Yetkinlik yaşına çatdıqda möhkəm və güclü bədən quruluşu, at sürmək və ox atmaq məharəti ilə seçilir, bu bacarıqlarda bütün döyüşçüləri geridə qoyurdu.
İllər keçdikcə dövlət işlərinin incəliklərinə və hərb sənətinin sirlərinə o qədər dərindən yiyələndi ki, həyatı boyunca çatdığı zirvələr adi insan imkanlarının hüdudlarını çox aşırdı. Buna görə də ona qeyri-adi dərəcədə böyük ehtiram göstərilirdi.
Onun müharibələrdə göstərdiyi şücaətlər həqiqətən heyrətamiz idi – həm qazandığı qələbələrin sayı və miqyası, həm də bir qələbədən digərinə keçdiyi fasiləsiz sürət baxımından.
Həqiqətən də, heç bir silahlı qüvvə Səfəvilərin qüdrəti qarşısında dayana bilmirdi.
Nəhayət, şöhrətinin zirvəsində olan, ətrafındakı düşmənlərini məğlub edən və hər yerdə sülh və əmin-amanlıq yaradan İsmayıl gələcəyə böyük ümidlə baxdığı, hələ uzun ömür sürəcəyini düşündüyü bir vaxtda ağır ov zamanı yoluxduğu ölümcül xəstəlikdən bir neçə gün sonra vəfat edib”, – deyə müəllif bildirib.musavat.com
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.