Pakistanla Əfqanıstan arasında münasibətlər yenidən təhlükəli mərhələyə daxil olub. Son günlər sərhəd bölgəsində baş verən silahlı insidentlər, Pakistan ordusunun genişmiqyaslı əməliyyatları və tərəflər arasında qarşılıqlı ittihamlar regionda sabitliklə bağlı narahatlıqları artırıb. Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəd boyunca həyata keçirdiyi əməliyyat zamanı 29 nəfəri zərərsizləşdirib. Bundan əvvəl isə Karaçi şəhərində reyncerlərin qərargahına hücum nəticəsində üç hərbçi həlak olub. Hücumda iştirak edən şəxslərdən birinin Əfqanıstan vətəndaşı olması İslamabadın Kabilə yönəltdiyi ittihamları daha da gücləndirib.
Bəs Pakistanın son hərbi əməliyyatları və sərhəd bölgəsində silahlı qruplaşmalara qarşı zərbələri iki ölkə arasında münasibətlərin hansı mərhələyə çatdığını göstərir? Son hadisələr fonunda sərhəddə daha genişmiqyaslı hərbi eskalasiya ehtimalı nə qədər real görünür?
Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.
Politoloq qeyd edib ki, iki dövlət arasında gərginliyin azalacağını ehtimal etmək çətindir:
"Pakistan ordusu eyni zamanda sərhəd bölgəsində yerləşən silahlı qruplaşmaların sığınacaqları və düşərgələrinə dəqiq zərbələr endirib. Pakistan rəsmiləri bildiriblər ki, İslamabad ölkənin təhlükəsizliyinə qarşı xaricdən dəstəklənən təhdidləri tamamilə aradan qaldırmaq məqsədilə davam etdirəcək. İki dövlət arasında gərginliyin azalacağını ehtimal etmək çətindir. İl ərzində iki ölkə arasında tez-tez toqquşmalar baş verir və bu zaman hər iki tərəfdən itkilər olur. Ölənlər arasında mülki insanlar da az deyil. Görünür, Əfqanıstanla Pakistan arasında problemləri həll etmək üçün güclü vasitəçiyə ehtiyac var. Maraqlıdır ki, ABŞ ilə İran arasında gərginliyin aradan qaldırılmasında əsas vasitəçi elə Pakistandır. İslamabad bölgədə müharibə istəmir, eyni zamanda qonşu Əfqanıstanla müharibə vəziyyətindədir".
Elxan Şahinoğlu vurğulayıb ki, mövcud vəziyyətdən digər bölgə ölkələri də narahatdır:
"Təsadüfi deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalatbek Masadıkov Tacikistan prezidenti Emoməli Rəhmonun dəvəti ilə bu ölkəyə işgüzar səfər edib. Baş katib səfər çərçivəsində Tacikistan-Əfqanıstan sərhədindəki bir sıra əraziləri ziyarət edib. O, təşkilatın məsuliyyət zonasının cənub sərhədindəki vəziyyətlə yerində tanış olub və buraxılış məntəqələrində olub. Səfər zamanı Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunlarının komandanı, general-leytenant Murodali Rabjadzoda ilə görüş keçirilib. Görüşdə KTMT-nin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsinə dair Məqsədli Dövlətlərarası Proqramının icra vəziyyəti müzakirə olunub. Bundan əlavə, baş katib Şuroabad istiqamətində, çətin keçidli dağlıq ərazidə inşa edilən sərhəd yolunun tikinti gedişatını da nəzərdən keçirib. Taliban hərəkatı Əfqanıstanda hakimiyyətdə olsa da, bu ölkədə müxtəlif silahlı qrupların mövcudluğu qonşu ölkələrdə, o cümlədən Tacikistanda narahatlıq yaradır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.