xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 10:40 – Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil 

“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”

Bugün, 10:09 1 dəfə baxılıb

“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”


Hürüşmə səsi hələ küçənin başından eşidilir. Sanki Yaşma bağlarının sakitliyini yüzlərlə itin səsi pozur. Tozlu yolla irəlilədikcə anlayıram ki, axtardığım ünvan uzaqda deyil. Bir neçə dəqiqə sonra Sumqayıtın Yaşma bağları adlanan yaşayış massivində, 400-ə yaxın itin sığındığı kiçik bir "dünyanın" qapısı qarşısındayam. Darvazanı açan kimi özümü dörd ayaqlı "qarşılama komitəsinin" arasında tapıram. Biri maraqla ayaqlarıma sığınır, digəri addım-addım arxamca gəlir, bir neçəsi isə tanımadıqları qonağa etirazını hürməklə bildirir. Burada səssizlik yoxdur – hər itin öz səsi, öz hekayəsi var.

Sığınacağın əməkdaşları məni kiçik otağa dəvət edirlər. İçəridə ilk diqqətimi çəkən uşaq beşiyində uzanan "Qar qız" adlı it olur. Bir küncdə isə ayağı amputasiya olunmuş "Zeytun" sakitcə uzanıb. Çöldə fasiləsiz davam edən hürüşmə otağın içində də eşidilir. Bu səs-küyün arasında sığınacağın yaradıcısı Ramin Namazovu gözləyirəm.

Deyirlər ki, itlərə yem almağa gedib. Çox keçmir, ət dolu maşınla qayıdır. Torbaları yerə qoyan kimi onlarla it onun ətrafına yığışır. Ramin hərəsini adı ilə çağırır, yem paylayır, sığallayır. Elə ilk dəqiqələrdən də hiss olunur ki, bu münasibət sadəcə heyvansevərlik deyil – iki ilə yaxındır ki, qurduğu bu sığınacaq onun həyatının ayrılmaz hissəsinə çevrilib. Onunla söhbətimiz də elə bu mənzərənin fonunda başlayır.
49 yaşlı həmsöhbətim əslən Qərbi Azərbaycandandır. O, 1988-ci ildə ailəsi ilə birlikdə Göyçə mahalının Qaraqaya kəndindən deportasiya olunaraq Sumqayıta köçüb. İkinci qrup əlil olan, dörd övlad atası Ramin Namazov bu gün həyatının böyük hissəsini küçələrdən topladığı sahibsiz itlərə həsr edir. Onun üçün bu sığınacaq sadəcə hasarla əhatələnmiş bir ərazi deyil, taleyin küçələrə atdığı yüzlərlə canlının son ümid yeridir. İndi isə gəlin, onu öz dilindən tanıyaq.

-Əvvəllər taksi sürücüsü kimi fəaliyyət göstərirdim. Lakin boynumda yaranan problemlər səbəbindən artıq maşın sürmək mənə çətinlik yaradır. Əlilliyimə görə pensiya alıram. Gəncliyimdə isə idmançı olmuşam, təxminən 18 il karate ilə məşğul olmuşam və yaxşı nəticələrim var.


-Heyvanlara, xüsusən də itlərə olan bu böyük sevgi sizdə haradandır?

-Mənim heyvanlara sevgim uşaqlıqdan başlayıb. Bizim həmişə qapımızda it-pişik olub. Hətta əsgərlikdə olanda da heyvanlarım var idi, hərbi xidmət dövründə çəkilən şəkillərimdə də onlar əks olunub. Küçələrdə maşın vuran, köməksiz qalan heyvanları görəndə dözə bilmirdim. Əvvəllər onları pullu heyvan sığınacaqlarına yerləşdirirdim. Sonra baxdım ki, hər ay onlara 2000-3000 manat ödəniş edirəm, amma heyvanların sayı getdikcə çoxalır. Məcbur qalıb özümüz bir qrup yaratdıq. Sosial şəbəkələrin, xüsusən də “TikTok”un köməyi ilə böyük bir kütlə toplandı. Təxminən 5-6 ildir ki, bu qrup var. 100-dən çox heyvansevər yığışdıq və kredit götürərək bu əraziləri satın aldıq.

-Tam olaraq nə qədər ərazi almısınız və bu işi necə maliyyələşdirirsiniz?


-Təxminən 24 sot ərazi almışıq. Sığınacağın ərsəyə gəlməsinə 100 000 manatdan çox pul xərclənib. Qrupumuzda təxminən 100-ə yaxın aktiv heyvansevər var. Biz tam şəffaf şəkildə fəaliyyət göstəririk: sığınacaq üçün nə ödənilirsə, qəbzlər dərhal qrupa atılır. Mənim etdiyim bütün xərclər də insanların gözü qarşısındadır. Kim nə ianə edirsə, hamısını çəkib göstərirəm. “TikTok” və digər şəbəkələrdən gələn dəstəklərlə yanaşı, bəzən dostlarımdan, hətta burada çalışan işçilərimdən borc pul götürüb heyvanlara yem alıram, sonra isə gələn yardımlarla o borcları qaytarıram. Sığınacaq xərclərini qarşılamaq üçün özümə də buradan ayda kiçik bir işçi maaşı — günə 15-20 manat ayırıram ki, ailəmi dolandıra bilim. Çünki kommunal xərclər, işıq pulu, işçilərin yeməyi, heyvanların xəstəxana xərcləri hamısı böyük məbləğlər tələb edir. Bildiyiniz onun-bunun etdiyi ianə hesabına sığınacağı saxlayıram. Elə gün olur ki, heç ianə də olmur. Bilmirəm ki, itlərin ərzaqını necə alım. Çox çətindir.
-Hazırda sığınacaqda neçə it var və onların qidalanmasını necə təşkil edirsiniz?

- Bu sığınacaqda itlərin sayı artıq 400-ə çatır. Dəqiq saymaq çox çətindir, çünki buradan ora qaçışırlar və say itir. Bundan əlavə, kənarda, küçələrdə yem verdiyim itlər var. Həmçinin Qızıldaş qəsəbəsində də sığınacaq kimi yerimiz var, orada da 200-dən çox itə baxırıq. Onlar üçün hovuzlar, 40-a yaxın yuva və 4 böyük kölgəlik tikmişik.
Yeməklərə gəlincə, hər gün bura təxminən 500 kiloqram yemək gəlir. Toyuq fabriklərindən toyuğun belini, dabanını, ayaqlarını ucuz qiymətə — 20-25 qəpiyə alıram. Onları bişiririk, içinə çörək, makaron doğrayıb veririk. Yay aylarında yemək tez qıcqırdığı üçün bu proses daha da çətin olur. Həmçinin iki gündən bir Qızıldaşdakı itlər üçün də 500 kiloqram yemək aparıram. Yaxınlarda bir firma bizə 10 ton toyuq əti vermişdi, mən də sosial şəbəkədə elan verdim ki, kimin heyvanı çoxdursa, gəlib aparsın, digər heyvansevərlərlə bölüşdük.
-İtlərin müalicəsi ilə bağlı hansı klinika ilə əməkdaşlıq edirsiniz? Çətinlikləriniz varmı?

-Hazırda bir özəl klinikaya borcumuz çoxdur. Klinikada sümüyü qırılan, ayağına mil qoyulan çoxlu itlərimiz var. Elə xaricdən gələn xüsusi dərmanlar var ki, onlar nə Azərbaycanda, nə də Türkiyədə tapılmır, məcburən sifarişlə gətirdirik. Hazırda klinikaya 1700 manata yaxın borcumuz yaranıb və onu ödəməkdə çətinlik çəkirik.
Ümumiyyətlə, klinika xərcləri çox bahadır. Lakin Leyla Əliyeva xanımın açdığı "İdea" Heyvanlara Qayğı Mərkəzindən çox razıyıq. Orada bizə demək olar ki, hər şeyi pulsuz edirlər: rentgen, dərmanlar, orada qalmaq və əməliyyatlar (məsələn, amputasiya) tamamilə ödənişsizdir. Ən əsası, biz sığınacaqdakı itlərin hamısını orada pulsuz qısırlaşdırırıq. Özəl klinikalarda isə qısırlaşdırma əməliyyatını itin çəkisinə görə edirlər — kilosunu 15 manatdan hesablayırlar. Məsələn, 30 kiloluq bir it üçün 450 manat pul tələb olunur, çünki narkoz və dərmanlar itin çəkisinə uyğun istifadə edilir. "İdea" bu baxımdan bizə çox böyük dəstək olur.


-Cəmiyyətdə tez-tez itlərin insanlara, xüsusən də uşaqlara hücum etməsi ilə bağlı xəbərlər yayılır. Buna münasibətiniz necədir?


-Xanım, inanın ki, it heç vaxt durduğu yerdə insana hücum etməz. İt yalnız bir neçə halda aqressiv ola bilər: yeməyini qabağından çəkəndə, balasını qorumaq instinkti oyananda və ya cütləşmə dövründə dişi iti qorumaq istəyəndə. Uşaqlara gəlincə, adətən o uşaqdan qabaq kimsə həmin itə daş atır, itin yaddaşında o qorxu qalır və o, özünü qorumaq üçün əvəz çıxır. Sığınacağımızda olan itlərin hamısı qısırlaşdırılıb və qulaqlarında birka var. Birka olan it onsuz da aqressiyadan uzaqdır və heç bir təhlükə törətmir. Bizim elə insanlar var ki, itlərlə çox pis rəftar edirlər. Bizə deyirlər ki, kilosu 20 qəpiyə itə ət alınca, gedin kasıb adama kömək edin. 20 qəpiklik əti heyvana çox görürülər. Anlamırlar ki, bu, mərhəmətdir, bu ürəkdən gəlir.


- İnsanlar tərəfindən heyvanlara qarşı edilən hansı vəhşiliklərlə qarşılaşırsınız?


-Təəssüf ki, çox dəhşətli hallarla qarşılaşırıq. Elə cadugərlər, baxıcılar var ki, fal və cadu məqsədilə pişiklərin gözlərini çıxarır, caynaqlarını kəsirlər. İtlərin arxa dişlərini çıxarıb canavar dişi adı ilə satırlar. İnanc adı altında yeni doğulmuş küçüklərin üzərindən tullanaraq heyvanları tələf edirlər. Bizə elə itlər gəlir ki, dərisi soyulub, üzərinə yazılar yazılıb. Çöllərdə gördüyünüz göyərçinlərin çoxunun bir ayağının olmaması da bu cadu əməllərinin nəticəsidir. Bu heyvan düşmənləri ən çox da qara pişikləri hədf alırlar, onları "şeytan" sayaraq gözlərini çıxarır, ayaqlarını kəsirlər. Biz sığınacaqda bu cür işgəncə görmüş, maşın vurmuş, kor və şikəst heyvanları toplayıb onlara sahib çıxırıq. Hətta zibil yeşiklərinin içindən gözü açılmamış neçə-neçə küçüklər götürmüşəm. Anaları küçədə onları fəryad edərək axtarır, südləri daxildə qalır və heyvanlar xərçəng xəstəliyinə yaxalanırlar. Bu heyvanlara edilən zülmlərin qanunda cəzası var, Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən, heyvanlara qarşı şiddət və zülm cinayət məsuliyyəti yaradır. Lakin bunun üçün əlinizdə foto və ya video sübutlar olmalıdır ki, polisə şikayət edəndə işə baxsınlar.


- Bəs ailəniz, həyat yoldaşınız bu fəaliyyətinizə necə yanaşır? Evdə çətinliklər yaranırmı?


- Mənim həyat yoldaşım özü əczaçıdır, artıq 25 ildir bu sahədədir. O, yaralı bir heyvanın və ya çarəsiz bir canlının nə demək olduğunu çox yaxşı anlayır. Bəzən qonşular və ya yaxınlar "evdən it-pişik iyi gəlir, iyrənmirsiniz?" deyə soruşurlar, amma yoldaşım mənə həmişə dəstəkdir. Gecə saat 3-də, 4-də də zəng gəlsə, durub köməyə gedirəm və o, heç vaxt mənə "getmə" demir. Böyük oğlum da mənimlə birlikdə gəzir, heyvanları çox sevir, itlərin böyük-kiçikliyinə baxmadan hamısını qucaqlayır. Kiçik oğlum Amin Namazlı isə Azərbaycanın ən gənc şairlərindəndir, 14 yaşında Prezident mükafatı alıb, hazırda yazıçıdır. Qızımın da evdə öz pişiyi var, ona qulluq edir. Yəni bütün ailəmdə heyvanlara qarşı böyük bir sevgi var.


-Son olaraq, cəmiyyətə mesajınız nə olardı?


-Peyğəmbərimiz pişiyi Müəzzə onun əbasının üzərində yatanda onu oyatmamaq üçün ətəyini kəsib götürübsə, biz niyə bu canlılara qarşı bu qədər qəddar olmalıyıq? Quranda "Əshabi-Kəhf" surəsində itlərin adı çəkilir, onlar 300 il mağaranın qapısını qoruyublar. İt yeganə heyvandır ki, sədaqətinə görə sorğu-sualsız cənnətə gedəcək. İnsanlar da bu canlılara qarşı mərhəmətli olmalıdırlar. Bu dünyadan heç kim heç nə aparmır - ən zəngini də, ən kasıbı da eyni ağ kəfənə bükülüb gedir. İnsandan geriyə qalan yalnız onun etdiyi xeyirxah əməllər və qazanılan rəhmətdir. Heyvanı sevən insandan heç vaxt cəmiyyətə ziyan gəlməz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi