Bakıda küçə və prospektlərdə 2025-ci ilin gəlişini bildirən posterlər quraşdırılmağa başlayıb. Paralel olaraq petarda partlayışlarının səsi artıb, axşam düşəndə göydə uçuşan fişənglər də diqqət çəkməyə başlayıb.
Hər Yeni il bayramı ərəfəsində pirotexniki vasitələri ölkəyə gətirib satan şəxslər Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aşkar edilib cəzalandırılır. Eyni zamanda belə vasitələri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməyə çalışanlar Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşları tərəfindən ifşa edilirlər.
Son belə əməliyyat dekabrın 7-də baş tutub. DGK Əməliyyat-İstintaq Baş İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdikləri birgə tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DGK-nın məlumatına görə, Gürcüstan istiqamətindən “Qırmız körpü” gömrük postu ilə ölkə ərazisinə daxil olan, mal müşayiət sənədlərində qeyd olunan kartof yükündən gizlətmə vasitəsi kimi istifadə edilən yük avtomobilinin qoşqusundan 185 min 729 qutu pirotexniki vasitə və 2 min 485 ədəd fişəng aşkar edilib.
Bütün xəbərdarlıqlara və görülən tədbirlərə baxmayaraq, ölkənin, demək olar, bütün ərazilərində, xüsusilə bayram ərəfəsində pirotexniki vasitələrin istifadəsi adi hala çevrilir.
Musavat.com xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) pirotexniki vasitələrin ölkə ərazisinə qanuni idxalının mümkün olduğunu açıqlayıb.
TALEH.jpg (41 KB)
Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin böyük müstəntiqi Taleh Məhərrəmov Oxu.az-a deyib ki, bunun üçün xarici iqtisadi fəaliyyət iştirakçısı Fövqəladə Hallar Nazirliyindən (FHN) xüsusi icazə sənədi almalı, ardınca isə Nazirlər Kabinetinə müraciət edərək, müvafiq sərəncam əldə etməlidir:
“Daha sonra gömrük qanunvericiliyinə əsasən, idxal fəaliyyətini həyata keçirməklə, pirotexniki vasitələrin ölkə ərazisinə idxalı təşkil edilə bilər. Amma bunun satışı pərakəndə şəkildə aparılmır. Qanunvericiliyə görə, dövlət və bəzi özəl müəssisələr həmin sahibkarla müqavilə bağlayır və məhsulu əldə edirlər. Aldıqdan sonra da pirotexniki məmulatların xüsusi yerlərdə istifadəsinə icazə verilir”.
Müstəntiq onu da qeyd edib ki, son 2 il ərzində ümumilikdə bir milyondan çox pirotexniki vasitə gömrük orqanları tərəfindən aşkar edilərək götürülüb və qanunamüvafiq tədbirlər görülüb.
Xatırladaq ki, dəyəri 50 min manata qədər olan pirotexniki vasitə aşkar edildikdə qanunu pozan şəxs barəsində inzibati qaydada cərimə tətbiq edilir. Dəyəri 50 min manatdan yuxarı olduqda isə cinayət işi başlanır.
Bununla belə, pirotexniki vasitələrin ölkəyə gətirilməsini durdurmaq mümkün olmur.
Dükan və bazarlarda pirotexniki vasitələrə tələbat iş adamlarını qadağalardan yan keçib qazanc əldə etməyə sövq edir. Kartof kisələrinin altında ölkəyə pirotexniki vasitələrin daşınması buna sübutdur.
Bəs necə edək ki, pirotexniki vasitələr ölkəyə qanuni şəkildə gətirilsin, bazarın tələblərini qarşılasın?
Tələbi qarşılayanlar da qazandıqlarından cərimə ödəmək məcburiyyətində qalmasınlar.
NATİQ.jpeg (75 KB)
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycanda qanunlar bazar iqtisadiyyatının qanuni inkişafına yol açmalıdır:
“2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti pirotexniki vasitələrin qadağan edilməsi ilə bağlı sərəncam vermişdi. Üstündən 23 il ötüb, amma problem həll edilməmiş qalır. Ölkəyə qaçaq yolla pirotexniki vasitələr gətirilir. Ölkə daxilində pirotexniki vasitələri istehsal edən sex, fabrik yoxdur. Deməli, belə vasitələr ölkəyə xaricdən gətirilir. Qadağan etmək işin ən asan tərəfidir. Fişəng və petardalardan əsasən gənclər və yetkinlik yaşına çatmayan uşaqlar istifadə edirlər. Həm də bayramqabağı istifadə olunur və qutarır bitir. 23 illik mübarizə nəticə verməyibsə, deməli, məsələyə yanaşma dəyişməlidir”.
N. Ələsgərovun sözlərinə görə, iş adamlarına imkan verilməlidir ki, leqal yolla ölkəyə pirotexniki vasitələri gətirib satsınlar:
“Qadağan edilmiş hər bir vasitəyə maraq daha yüksək olur. Məsələn, icazə vermək olar ki, bayram atəşfəşanlığı üçün partlayış səsi daha az olan, əsəblərə toxunmayan petardalar, çox da hündürlüyə qalxmayan, yenə də partlayış səsi qulaqbatırmayan fişənglər satılsın. Qadağa etməklə nəzarət altına alına bilməyən belə vasitələrin leqal satışı və qiymət siyasəti ilə məsələni kökündən həll etmək olar”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.