xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

İki ölkə arasında əlaqələrin dinamikası çox müsbətdir

24-12-2022, 10:05 78 dəfə baxılıb

İki ölkə arasında əlaqələrin dinamikası çox müsbətdir



Azərbaycanın bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimada əsaslanan münasibətlər qurduğu dövlətlər sırasında Serbiya Respublikası xüsusi yer tutur. Azərbaycanla Serbiya arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Noyabrın 23-də Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri və bu ayın 21-də Serbiya lideri Aleksandar Vuçiçin respublikamıza işgüzar səfəri bunun bariz ifadəsidir. Səfər çərçivəsində iki ölkə prezidentlərinin təkbətək, həm də geniş tərkibli görüşləri keçirilmiş, dövlət başçıları mətbuata birgə bəyanat vermişlər.
Azərbaycan-Serbiya diplomatik əlaqələri 25 illik bir tarixə malik olsa da, ölkələrimiz arasında bir sıra strateji əməkdaşlıq sənədləri imzalansa da, iki ölkə arasında münasibətlərin intensivləşməsi gələcək üçün daha genişmiqyaslı perspektivlər vəd edir. "Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman biri-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq",- deyən Prezident İlham Əliyevin Serbiyaya səfərindən bir ay belə keçməmiş Serbiya Prezidentinin ölkəmizə səfəri, iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması ilə bağlı memorandumun imzalanması iqtisadi münasibətlərin inkişafı üçün etibarlı siyasi zəmin formalaşdırır.
İqtisadi münasibətlər siyasi münasibətlər üzərində qurulur və burada ölkə liderləri arasındakı dostluq münasibətləri çox önəmlidir. Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərsə də, hazırkı iqtisadi münasibətlər mövcud potensiala uyğun deyil. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi 8,1 milyon idxal, 1,7 milyon ixrac olmaqla 10 milyon ABŞ dollarına yaxındır, Serbiya Azərbaycanın ticarət tərəfdaşları içərisində 68-ci yerdədir. Təbii ki, bu göstəricilər özündə ölkələr arasındakı siyasi dostluğu tam mahiyyəti ilə ehtiva etmir. Amma cari ilin yanvar-oktyabr aylarında, əvvəlki ilin müvafiq dövrünə nisbətən ticarət dövriyyəsi 28 faizə yaxın artıb ki, bunu da Serbiya-Azərbaycan iqtisadi əlaqələrinin uzunmüddətli perspektivinin ilk işartısı hesab etmək olar. Mövcud rəqəmlər o qədər cəlbedici olmasa da, iki ölkə arasında iqtisadi münasibətlər üçün çox geniş imkanlar mövcuddur.
Ölkələrimiz arasında energetika və qaz ixracı ilə bağlı artıq razılaşmalar imzalanıb, bu istiqamətdə perspektivlər var, reallaşdırılması üzrə danışıqlar aparılır. Bir neçə gün əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün Qara dənizin dibi ilə kabel çəkilməsi üzrə razılaşma imzalanıb ki, bu da Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunu daha da artıracaq.
Azərbaycan-Serbiya iqtisadi əməkdaşlığının qeyri-enerji, qeyri-neft sahəsinə dair də geniş imkanlar mövcuddur. Azərbaycan Avroatlantik məkanın aparıcı nəqliyyat-tranzit qovşağına çevrildiyi kimi, Serbiya da Avropanın çox mühüm nəqliyyat qovşağıdır. Serbiyanın ərazisindən 2 mühüm ümumavropa nəqliyyat dəhlizi keçir, dəmir yolu və su (çay) nəqliyyatı yüksək inkişaf göstəricilərinə malikdir və sair. Bu baxımdan, Azərbaycan-Serbiya nəqliyyat-logistika əlaqələri uzunmüddətli perspektivlər vəd edir və ölkəmizin Serbiya üzərindən Avropada daha geniş bazara çıxış imkanlarını artıra bilər. Prezidentlərin mətbuata birgə bəyanatında da səsləndiyi kimi, artıq uyğun istiqamətlərdə, o cümlədən nəqliyyat-logistika sahəsində müvafiq qurumlar təmas yaradıbdır və nəticəəsaslı fəaliyyətə başlanılıb.
Serbiyanın müdafiə sənayesi sahəsində ciddi uğurları var. Bu istiqamətdə də Azərbaycan-Serbiya münasibətləri perspektivlidir. Azərbaycan daim öz hərbi-iqtisadi gücünü artıran, sülhməramlı dünyəvi bir dövlətdir. Ona görə də ölkəmizdə müdafiə sənayesinin inkişafı, müasir avadanlıqların alınması və sair baxımından da Serbiya-Azərbaycan münasibətləri cəlbedicidir.
Serbiya ilə dostluq münasibətlərinin inkişafı bu dövlətin işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasına da yolunu açır. Yaxın gələcəkdə Serbiya şirkətlərinin də Qarabağda, Şərqi Zəngəzurda fəaliyyətlərini görə bilərik. Bir sözlə, Azərbaycan-Serbiya iqtisadi münasibətləri üçün zəngin perspektivlər və etibarlı siyasi dayaq mövcuddur. Azərbaycan öz imkanlarını, potensialını bölüşməyi bacaran və ən əsası potensial imkanlarını siyasi təsir vasitəsinə çevirməyən, multikultural bir dövlətdir. Bütün bunlar yaxın gələcəkdə Azərbaycan-Serbiya iki və çoxtərəfli əlaqələrinin sürətlə inkişaf edəcəyinə əminlik yaradır.



Ramil Bayramov,
Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi