Zəfərlərimiz həm idman arenalarında, həm də savaş meydanında öz sözünü deyir
25-03-2022, 11:43
67 dəfə baxılıb
Azərbaycan xalqının dastan və nağıllarında, yazılı abidələrində güləş yarışlarından çox bəhs olunur. Tarixin qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarında güləşlə yanaşı, başqa təkbətək mübarizə növlərindən də geniş bəhs olunur. Bu mübarizələrin çox vaxt yarış məqsədi daşıması açıq-aşkar qeyd olunur. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı. Bəli, güləş Azərbaycanda qədim dövrlərdən bəri yayılmış ənənəvi idman növü olmuşdur.
Ölkəmizdə bu idman növü geniş yayılıb. Azərbaycan milli güləşinin tarixi çox qədimdir. 1937-ci ildən milli güləş üzrə rayon, şəhər və respublika yarışları keçirilir.
Hazırda Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq yarışlara deyil, eyni zamanda qitə və dünya çempionatlarına da ev sahibliyi edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu turnirlərdə qazanılmış hər bir uğur sadəcə olaraq hansısa bir qələbə deyildir: "Hər dəfə milli bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı qürur hissi ilə bu gözəl anları yaşayır. Çünki ölkənin qələbəsi, idmançıların qələbəsi, bizim uğurlarımız hər bir vətənpərvər vətəndaşı sevindirir. Ancaq idman sadəcə olaraq idman yarışlarında əldə edilən qələbə deyildir. İdmanın cəmiyyətdə çox geniş, çoxşaxəli təsiri vardır. Bir daha qayıtmaq istəyirəm əvvəlki fikrə, adətən, inkişaf etmiş ölkələrdə idman da inkişaf edir və inkişafdadır. Yəni idmanın inkişafı ölkələrin ümumi inkişafının göstəricisidir".
Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. İdmançılarımız yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Hətta komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülmüşdür. Bu çox sevindirici və qürurlandırıcı qələbədir.
Bu gün idmançılarımız qalib gəlmiş ölkəni təmsil edirlər. Zəfərlərimiz həm idman arenalarında, həm də savaş meydanında öz sözünü deyir. Bir vaxtlar biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Hər dəfə sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də. Əlbəttə, məlum idi ki, beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək.
Ümumiyyətlə, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Həm ölkə rəhbərliyi, həm ziyalılar, həm digər müstəvilərdə çalışan vətəndaşlarımız məhz bu yoldan çıxaraq çalışırdıq ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun. Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi Vətən müharibəsində əsas rol oynadı. Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir.
Bir sözlə, idmanımız durmadan inkişaf edir, beynəlxalq aləmdə mövqeyini getdikcə möhkəmlədir. Bu isə o deməkdir ki, biz qarşıdakı illərdə də idmançılarımızın beynəlxalq turnirlərdə bir-birindən möhtəşəm qələbələrinin şahidi olacağıq. Hazırda Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra dünyada idman ölkəsi kimi də tanınır.
Uzun illər öncə ümummilli liderimizin idman haqqında dediyi sözləri xatırlayıram: “İdman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni zamanda, həm gənclər üçün, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir. Güman edirəm ki, bu dönüş, yəni bu hadisə gələcək üçün çox gözəl əsasdır və bizim millətimizin, xalqımızın fiziki sağlamlığı üçün, təkcə fiziki sağlamlığı deyil, zehni sağlamlığı üçün, sağlam gənc nəsil yetirməsi üçün çox gözəl əsasdır və biz hamımız bu sahəni bundan sonra daha da inkişaf etdirməliyik”. Və budur, indi biz o gələcəyik- sağlam gənclik!
Qoy həmişə müdrik xalqımızın şanlı üçrəngli bayrağı istər idman yarışlarında, istərsə də döyüş meydanlarında yüksəklərdə dalğalansın!
Abdulla Əliyev,
Sarvan kənd tam orta məktəbin hərbi rəhbəri,
Vətən müharibəsi iştirakçısı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR