Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında xalqımızın ədalət savaşı tarixi zəfərlə başa çatdıqdan sonra dövlət başçısının tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, iyul ayının 8-də Qubadlı və Laçın rayonları ərazisində DSX-nin 2 yeni hərbi hissəsi xidməti istifadəyə verilib.
Bununla əlaqədar təşkil olunmuş mərasimlərdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə yeni hərbi hissə komplekslərinin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təbrik etmişdir.
Çıxışdaölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraqbu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunmuş, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması bildirilmişdir.
Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizəsinə cavabdeh olacaq yeni hərbi hissələrin fəaliyyətə başlamasının xüsusi əhəmiyyət kəsb etməsi qeyd edilmiş, Vətən Müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanmışdır.
Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocəvənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunmuşdur.
Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olunmuş, o cümlədən zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbarlara, döyüş texnikasına, silah və texniki vasitələrə baxış keçirilmişdir.
Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş, xatirə fotoşəkilləri çəkilmiş, Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestrinin və rəqs ansamblının ifasında konsert proqramı şəxsi heyətə təqdim olunmuşdur.
Tədbirdən sonra “Qubadlı” əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi tapşırıqların icra vəziyyəti, xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər haqqında vəzifəli şəxslərin məruzələri dinlənilmiş, dövlət sərhədinin müdafiəsi və mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilmişdir.
Hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə görülən işlər yoxlanılmış, sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülmüş, hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitlərinə baxış keçirilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.