xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Kimlər hansı halda sərhəddən buraxılmır? - Ölkədən çıxışa qadağa

30-08-2019, 14:11 58 dəfə baxılıb

Kimlər hansı halda sərhəddən buraxılmır? - Ölkədən çıxışa qadağa

Daxili İşlər Nazirliyi ölkədən çıxışa qadağa qoyulub-qoyulmadığını müəyyənləşdirmək üçün vətəndaşlara növbəti dəfə müraciət edib.

Müraciətdə 2017-ci ildə Daxili İşlər Nazirliyinin rəsmi veb saytında (www.mia.gov.az) yaradılaraq istifadəyə verilmiş xüsusi interaktiv pəncərə vasitəsilə vətəndaşlar adlarının mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu kimi axtarışda, eləcə də sərhədkeçməyə məhdudiyyət siyahısında olub-olmaması barədə məlumat əldə edə biləcəkləri bildirilib və bunun üçün detallar qeyd olunub.

Maraqlıdır, vətəndaşlara hansı hallarda ölkədən çıxış qadağan edilir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən hüquqşünas Əsabəli Mustafayev ilk növbədə borca görə məhkəmə qərarı ilə şəxsin ölkədən çıxışına qadağa qoyulduğunu və burada borcun məbləğinin qərarda heç bir rol oynamadığını qeyd edib:

“Məlumatda göstərilir ki, əgər borcla bağlı qadağa qoyulubsa, sistemdən bu haqda məlumat almaq olar. Ümumilikdə ölkədən çıxışa qadağa məhkəmə qərarı ilə olur. Məsələn, aliment, vergi, kredit borcu və ya hər hansı bir şəxsə olan mülki borca görə ölkədən çıxışa qadağa qoyulur. Məhkəmə qərarı varsa ki, bu adamdan bu qədər pul tutulsun və həmin şəxs bu borcu ödəmirsə, icraçının təqdimatı ilə həmin şəxsin ölkədən çıxışına qadağa qoyulur və məlumatlar sistemə yerləşdirilir. İstənilən şəxs sistemə daxil olaraq qadağa qoyulub-qoyulmadığına baxa bilər. Borcun məbləği isə müəyyənləşdirilməyib, yəni qadağa borcun məbləğindən asılı deyil”.

Hüquqşünas eyni zamanda dövlət sirrinin daşıyıcısı olan şəxslərin də ölkədən çıxışına qadağa qoyulduğunu, onların xüsusi icazə ilə ölkədən çıxa bildiklərini diqqətə çatdırıb:

“Borcdan əlavə bir sıra hallar da var ki, o zaman vətəndaşın ölkədən çıxışına qadağa qoyulur. Miqrasiya haqqında qanunda göstərilib ki, əgər hər hansı bir insan təqsirləndirilən şəxs qismindədisə , dövlət sirrinin daşıyıcısıdırsa, bu hallarda da qadağa tətbiq olunur və o zaman şəxs ancaq xüsusi razılıqla ölkədən çıxa bilər”.

Əsabəli Mustafayev qanunda göstərilməyən hallarda da şəxslərə ölkədən çıxışın qadağan edildiyini və bunu sistemdən öyrənməyin mümkün olmadığını vurğulayıb:

“Həmçinin bizdə qanunda göstərilən hallardan başqa bir sıra hallar da var ki, ölkədən çıxışa qadağa qoyulur. Bunun bir örnəyi də mətbuatda yayılmışdı. Vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərlərinə, jurnalistlərə qanunsuz olaraq istintaq orqanları tərəfindən qadağalar qoyulmuşdu. Hətta mənə də ölkədən çıxışa qadağa qoyulmuşdu. Bir həftədir ki, Baş Prokurorluq tərəfindən götürülüb. Bu qadağalara məhkəmə qərarı lazım olmur, bunu istintaq orqanı özü tətbiq edir. Bəhanələri də o olur ki, bu şəxs hər hansı bir məsələdə bizdə şahid qismində gedir. İstintaq deyir ki, mən bu şəxsi şahid qismində danışdırmışam və ya danışdıracam, mənə onun ölkədə olması lazımdır. Ancaq bunların hamısı bəhanədi, həmin şəxslərin cəzalandırılmasının bir növüdür. Məsələn, məni vəkil kimi, jurnalisti yazdığı tənqidi məqalələrə görə, vətəndaş cəmiyyətinin rəhbərini həyata keçirdiyi hüquq müdafiət fəaliyyətinə görə cəzalandırmaq istəyir. Nə təqsirləndirilən, nə də şübhəli şəxs sayılır, sadəcə şahid kimi göstərilir. İstintaq orqanının özü tərəfindən sistemə girilərək qadağa qoyulur və bu qadağa qoyulan şəxs tərəfindən görülmür. Məsələn, mən sistemə girib baxa bilmirəm ki, barəmdə qadağa var, yoxsa yoxdur? Mən hava limanına getdim, orada gömrükdən keçdim, Sərhəd Xidmətini keçəndə məlum oldu ki, çıxışıma qadağa qoyulub və geri qayıtmalı oldum”.

Vəkil qanunsuz qadağanı qaldırmaq üçün ilk əvvəl yerli məhkəməyə, son həddə isə Avropa Məhkəməsinə müraciət edilməli olduğun bildirib. Avropa Məhkəməsinin qərarından sonra isə şəxsə kompensasiya ödənilir:

“Mənə qadağa 2014-cü ildə tətbiq olunub və indi götürüblər. Bilet üçün ödənilən məbləği də dərhal məhkəməyə müraciət etdikdə geri qaytarmırlar. Nəticədə biz kompensasiya ala bilmirik. Lakin az əvvəl dediyim şəxslərin çoxu və mən Avropa Məhkəməsinə məsələ ilə bağlı müraciət etdik və qərarlar da çıxıb. Keçən ilin dekabrın 13-də bir qrup jurnalist və vətəndaş cəmiyyətinin rəhbəri barədə qərar çıxdı. Qərara əsasən, 6-8 min həcmində onlar üçün kompensasiya nəzərdə tutulub. Mənə də müəyyən kompensasiya ödənilir. Düzdür, 2018-ci ilin dekabrında qərar çıxıb və hökumət qərar çıxan kimi dərhal kompensasiyanı ödəməli idi, amma hazırda da hissə-hissə ödənilir. Qanunsuz qadağanı götürülməsi üçün öncə məhkəməyə müraciət etmək lazımdır ki, qadağanın qanunsuz olduğundan məlumatları olsun. Əgər müraciətə baxılmasa, qadağanı götürməsələr, Avropa Məhkəməsinə müraciət olunur və Avropa Məhkəməsinin qərarından sonra hökumət məcbur olub qadağanı götürür. 2018-ci ildəki qərarda 13 nəfərin adı var idi. Hamının qadağası ləğv olundu, hətta o qərardan sonra təxminən əlavə 10 nəfərin də qadağası götürüldü”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi