![Səttar Möhbalıyev: “Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda malik olduğu etibarlı mövqeyini getdikcə gücləndirir”](https://aia.az/uploads/posts/2025-02/1738240924_1736929233_1734693936_16931346211709643437_1200x630.jpg)
“Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 20 yanvar tarixində Davosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibəsində bir çox önəmli məsələlərlə bağlı ətraflı açıqlamalar təqdim etmişdir. O cümlədən dövlət başçımızın çoxqütblü dünyada ölkəmizin tutduğu yerə dair aparıcının sualına verdiyi cavab dərin məntiqi ilə diqqəti cəlb edir. Bu sualı cavablandırarkən, cənab Prezident ilk növbədə bildirdi ki, Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur və ölkəmiz müstəqilliyi bərpa ediləndən bəri olduğu yerdədir. Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan güclü, özünü təmin edən iqtisadiyyat qurmağa müvəffəq oldu. Bu gün ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi cəmi 6,9 faizdir. Güclü iqtisadiyyat öz növbəsində ölkəmizə imkan verdi ki, regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirsin və aid olduğu Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutsun. Dövlət başçımızın dediyi kimi, Azərbaycan özünün milli maraqlarını, həyat tərzini və müstəqil siyasətini qəti şəkildə müdafiə edib və məhz bu əsaslar üzərində bir çox uğurlara imza atıb. Bu isə o deməkdir ki, cəmiyyətdə sabitlik, birlik varsa, dövlət ölkənin və xalqın maraqlarını müdafiə edə bilər. Ölkəmizin son bir neçə ildə əldə etdiyi nailiyyətlərdən bəhs edən cənab Prezident təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etməyin böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük uğur olduğunu bir daha vurğuladı. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət oldu ki, namizədliyimizi təqribən 200 ölkə və beynəlxalq təşkilat yekdilliklə dəstəklədi. Bundan əvvəl Azərbaycanın 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etməsi də onu göstərir ki, möhtərəm Prezidentimizin dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan uğurlu xarici siyasəti həqiqətən də beynəlxalq arenada dəstəklənir.”
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Millət vəkili həmçinin qeyd edib ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun durmadan artması və ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsi ilk növbədə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi şaxələnmiş xarici siyasətin nəticəsidir: “Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ölkə rəhbərlərinin görüşündən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Digər tərəfdən isə Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Həmçinin ölkəmiz Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayıb. Öz müsahibəsində bu məsələlərə xüsusi toxunan cənab Prezident bildirdi ki, bu şaxələnmiş xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, həm də mahiyyətə əsaslanır. Ölkəmizin hər bir sahədə əməkdaşlıq proqramları və əməli işlərin nəticələri var. Azərbaycan təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə töhfələr verir və bu, artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizə bu yanaşmanı təmin edən ən mühüm amillərdən biri də budur ki, Ölkə Prezidenti cənab İlham Əliyev indiyədək bütün verdiyi sözləri hər zaman yerinə yetirib. Bu, dövlət başçımızın istər öz xalqına verdiyi vədlərə, istərsə də xarici tərəfdaşlarımızla əldə olunmuş bütün razılıq və anlaşmalara istisnasız aid olunur. Siyasi həyatda tək bircə hal belə olmayıb ki, cənab Prezident İlham Əliyev verdiyi sözün arxasında dayanmasın. Buna görə də möhtərəm Prezidentimizin dövlət siyasəti nəticəyönlülüyü ilə seçilir.”
Daha sonra deputat bildirib ki, Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlıq əlaqələrinin durmadan artması ölkəmiz üçün önəmli göstəricidir: “Azərbaycan Orta Dəhliz layihəsi ilə bağlı Çinin təşəbbüslərini hər zaman dəstəkləyib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bu layihənin bir iştirakçısı olaraq artıq öz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurub. Lakin Azərbaycanın perspektiv planlarına həmçinin enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq daxildir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Bu bir daha ölkəmizdə əlverişli biznes şəraitinin yaradıldığını və müsbət investisiya mühitinin mövcudluğunu təsdiq edir. Azərbaycanda xarici və yerli investisiyalar lazımınca qorunur. Bu gün ölkəmizdə neft-qaz sektorundan əldə olunan gəlirlərlə yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya qoyulur. Cənab Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, bu sahədə 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Həmçinin qeyd olundu ki, bu layihələrə sərmayə yatıran xarici investorlar və yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Eyni zamanda da Çin şirkətləri hazırda təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.