xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:02 – İlham Əliyev Davosda Ukrayna Prezidenti ilə görüşüb 
  • 10:15 – Generallar Şəhidlər Xiyabanında - Foto, Video 
  • 09:11 – Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım etdi 
  • 12:17 – Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib 

Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin qalib ölkənin rəhbəri kimi öz ölkəsi və öz xalqı ilə necə fəxr etməsi barədə səsləndirdiyi ifadələr bütün dünya azərbaycanlıları üçün sonsuz qürur mənbəyidir”

Bugün, 09:30 0 dəfə baxılıb

Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin qalib ölkənin rəhbəri kimi öz ölkəsi və öz xalqı ilə necə fəxr etməsi barədə səsləndirdiyi ifadələr bütün dünya azərbaycanlıları üçün sonsuz qürur mənbəyidir”


ƏVVƏLİ BURADA

Bugünkü buraxılışımızda Azərbaycanın 2024-cü ili başa vurduğu iqtisadi göstəricilər, keçən il beynəlxalq müstəvidə ölkəmizin əldə etdiyi uğurlar, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Eldar müəllim, elə mövzunun davamı olaraq cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması prosesində yaranan boşluqlar və boşluqların Türk və müsəlman ölkələri tərəfindən doldurula bilmə ehtimalı barədə səsləndirdiyi fikirlərə münasibətinizi bilmək istərdim...


- Siz də bilirsiniz ki, möhtərəm dövlət başçımızın istisnasız olaraq bütün müsahibə və çıxışlarında səsləndirdiyi fikirlər, təqdim etdiyi açıqlamalar hər zaman dərin və hərtərəfli təhlilə, danılmaz faktlara əsaslanır. Həqiqətən də bu gün qlobal siyasi arenda yeni dünya nizamı formalaşdırılır. Lakin bu proses bir çox ciddi təzadlarla, qarşıdurmalarla, silahlı münaqişələrlə müşayiət olunur. Həmçinin son illərə qədər dünya miqyasında aparıcı güc statusunu daşıyan bir çox Qərb ölkələri ilk növbədə öz daxillərində gedən ictimai-siyasi proseslər, həmçinin düşünülmədən aparılan xarici və daxili siyasət nəticəsində öz mövqelərini sürətlə itirməkdədirlər. Bu isə yeni yaradılan dünya nizamında açıq-aşkar boşluqların yaranmasına səbəb olur. Cənab Prezident İlham Əliyevin son dərəcə düzgün qeyd etdiyi kimi, İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və digər dağıdıcı hadisələr aşkar şəkildə göstərir və bu proseslər aparıcı Qərb ölkələrində yaşanan siyasi və mənəvi böhranlar fonunda davam edir. Uzun illərdən bəri dünyaya mütərəqqi Qərb modeli kimi təqdim olunan bu sistem artıq tükənib. Məhz buna görə yaranan və getdikcə daha da genişlənən boşluqların doldurulması üçün qlobal arenaya yeni ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir. Möhtərəm dövlət başçımız açıq və aydın mətnlə öz fikrini bəyan edərək bildirdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır. Həmçinin cənab Prezident D-8 təşkilatının da bu boşluğu doldura biləcək bir potensiala sahib olduğunu vurğuladı və Azərbaycanın məhz bu gündəliklə təşkilata üzv olduğunu vurğuladı. Bu yanaşma bir daha göstərir ki, Azərbaycan bütün müsəlman ölkələrinin və Türk dövlətlərinin maraqlarını dailm öz maraqları kimi qəbul edir.

- Zənnimcə məhz yeni dünya nizamının qurulması baxımından dünyada və Cənubi Qafqaz regionunda gedən prosesləri müqayisə etsək, burada maraqlı bir anaogiya müşahidə edə bilərik. Bu gün, dediyiniz kimi, qlobal arenada öz mövqelərini itirməkdə olan müəyyən Qərb dövlətləri dünyada Türk və müsəlman ölkələrinin getdikcə daha çox həmin mövqelərə sahib olmaq şansı əldə etdiklərindən narahat olduqları kimi, Azərbaycanın da Cənubi Qafqazda ən böyük və nüfuzlu regional güc olmasını həzm edə bilmirlər. Necə bilirsiniz, bu gün Ermənistanın sürətlə silahlandırılmasını da məhz Azərbaycana qarşı yeni bir təsir vasitəsi əldə etmək cəhdi kimi qiymətləndirə bilərikmi?

- Əslində bu kursun, yəni Ermənistanın silahlandırılması siyasətinin ikinci bir məqsədi heç yoxdur da. Azərbaycan bildiyiniz kimi, Türkiyə və Mərkəzi Asiyanın digər Türk dövlətləri arasında Xəzər dənizi vasitəsilə bir bağlantı missiyasını daşımaqla çox əhəmiyyətli rola malikdir. Ümumiyyətlə Qərb və Şərq arasında körpü rolunu oynayan ölkəmizin mövqeyi hər zaman böyük dünya gücləri üçün önəmli olub. Buna görə də həmin güclər daim Cənubi Qafqazda öz maraqlarını və mövcudiyyətlərini təmin etməyə çalışıblar. Təəssüflər olsun ki, bu gün də Ermənistan hökuməti hələ də qlobal güclərin əlində adi bir marionet olduğunu anlamaq istəmir. Qərb dairələri isə bu ölkədə şovinizmi və revanşizmi alovlandırmaqla yalnız və yalnız regional destabilliyə nail olmağa çalışırlar. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev öz müsahibəsində keçən ilin aprelində tarixdə ilk dəfə olaraq yaradılmış Amerika, Avropa İttifaqı və Ermənistan əməkdaşlıq platformasının qəribəliyini xüsusi qeyd etdi. Təbii ki, Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda hansısa regional əhəmiyyətli məsələnin həllinə nail olmaq mümkün deyil. Bu dəfə də yeni destruktiv təşəbbüs nəticə etibarı ilə həm Avropa Komissiyasını, həm də Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırılmasına səbəb oldu. Bu da təbiidir çünki, vasitəçilik missiyasına sahib olmaq istəyən ölkə və ya beynəlxalq təşkilat tərəf tuta bilməz. Məhz buna görə keçən ilin dekabr ayında Azərbaycan Amerika Dövlət katibinin üçtərəfli görüş keçirmək barədə xahişini rədd etdi. Ermənistanın silahlanmasına gəlincə isə, əlbəttə ki, bu proses təcili olaraq dayandırılmasa, böyük ehtimalla yeni gərginliyə gətirib çıxaracaq. Möhtərəm Prezidentimizin dediyi kimi, biz bunu istəmirik. Biz sülh istəyirik. Amma təəssüflər olsun ki, nə Ermənistanın özü, nə də onun yeni havadarları barədə bunu demək olmur. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq regional təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Bu təhlükəni aradan qaldırmağın yeganə yolu da bu gün Ermənistanda hakim mövqelərə sahiblənə bilmiş faşist ideologiyasını məhv etməkdən ibarətdir. Bunu kimin edəcəyi isə, artıq Ermənistanın öz seçimi olacaq.

- Eldar müəllim, məlumdur ki, bu gün Ermənistanın silahlandırılması prosesində daha çox fəallığı ilə seçilən ölkələr Fransa və Hindistandır. Bu iki ölkənin Azərbaycana qarşı belə mövqe tutmalarını şərtləndirən hansısa ümumi məqamları qeyd edə bilərsinizmi?

- Hindistanın bu destruktiv mövqeyini mən deyərdim ki, bu ölkənin Azərbaycan-Pakistan əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etməsinə bir etiraz reaksiyası kimi qiymətləndirə bilərik. Fransaya gəldikdə isə, burada tamam başqa amillər əsas rol oynamaqdadır. Mən yenə də cənab Prezident İlham Əliyevin işlətdiyi bir ifadəni sitat kimi gətirmək istərdim: “Fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminində olur.” Həqiqətən də bu gün həm Fransa hökuməti, həm də hakimiyyətə gəlməyə iddialı olan qüvvələr məhz Azərbaycana münasibətdə nümayiş etdirdikləri yanaşma tərzinə görə bir-birilərindən qətiyyən fərqlənmirlər. Hələ Rusiya sülhməramlılarının Qarabağa mövcud olduğu dövrdə bizim ərazilərimizə qanunsuz səfərlər edənlər də Fransanın indiki prezidentinin rəqibləri idi. Onların arasında Paris meri də, Parisin daxil olduğu regionun qubernatoru da və bu yaxınlarda qısa müddətdə Baş nazir vəzifəsini tutmuş cənab Barnye də var idi. Dövlət başçımız tamamilə dəqiq qeyd etdi ki, islamofobiya və prinsipcə ksenofobiya fransız siyasi sinfinin fərqli cəhətləridir.

- Amma düşünürəm ki, Cənubi Qafqaz regionunda geosiyasi vəziyyəti formalaşdıran əsas məqamlardan danışarkən Gürcüstan amilini də diqqətdən kənarda qoymaq olmaz. Bu baxımdan qonşu ölkənin Baş nazirinin bu günlərdə Azərbaycana etdiyi səfərini necə şərh edə bilərsiz ?

- Sözsüz ki, bu gün Azərbaycan və Gürcüstan iki qonşu dövlət və strateji tərəfdaş ölkələr olaraq bir-biriləri üçün xüsusi əhəmiyyət kəsb edirlər. Lakin bu əlaqələr heç də son bir neçə il ərzində formalaşmayıb. Mövcud əlaqələr ölkələrimiz və xalqlarımız arasında tarixən mövcud olmuş səmimi dostluq və qonşuluq münasibətləri əsasında qurulub. Eyni zamanda da etiraf olunmalıdır ki, bu gün ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasında Azərbaycan və Gürcastanın ölkə rəhbərlərinin səyləri misilsiz töhfələr verir. Bu fakt öz əksini Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin cari ilin 17 yanvar tarixində Azərbaycana rəsmi səfəri zamanı cənab Prezident İlham Əliyevin və Gürcüstanın Baş nazirinin mətbuata bəyanatla çıxışlarında da öz təsdiqini tapıb. Cənab Prezident son 10 ay ərzində cənab Kobaxidzenin Azərbaycana artıq üçüncü dəfə səfər etdiyini vurğulayaraq bildirdi ki, bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir. Bu səfərin xüsusi əhəmiyyətini önə çəkən daha bir məqam da budur ki, Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Baş nazirin ilk xarici səfəridir. İlk səfərin məhz Azərbaycana həyata keçirilməsi təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Önəmli məqamlardan biri də budur ki, ölkələrimiz arasında energetika sahəsindəki əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan üçün deyil, həm də çox sayda başqa ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. O cümlədən birgə neft-qaz layihələri bu gün bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan-Gürcüstan dostluq və əməkdaşlıq əlaqələri Cənubi Qafqazda sülhün, sabitliyin və inkişafın davam etməsi üçün ən vacib amillərdən biri kimi çıxış edir.

- Eldar müəllim, son olaraq mən 2024-cü ilin Azərbaycan üçün ən önəmli hadisələrdən biri, Qazax rayonunun dörd kəndinin Ermənistan tərəfindən ölkəmizə təhvil verilməsi barədə fikirlərinizi eşitmək istərdim...

- İlk növbədə deməliyəm ki, Qazax rayonunun dörd kəndinin bir güllə belə atılmadan erməni işğalından azad edilməsi bir başa cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən möhtəşəm diplomatiyanın növbəti böyük uğurudur. Möhtərəm dövlət başçımız hələ 2020-ci ildə Üçtərəfli Bəyanatın bağlanması şərtlərinin razılaşdırılması zamanı Qazax rayonunun işğal olunmuş kəndləri mövzusunu da qaldırmışdı. Əlbəttə ki, Ermənistanı bu gün həmin kəndləri hərbi əməliyyat aparılmadan qaytarmağa vadar edən bir neçə amil var. Birincisi, Vətən müharibəsi və onun nəticələridir. İkincisi, antiterror əməliyyatı. Cənab Prezident Qazaxın dörd kəndi ilə bağlı son tələbini Ermənistanın baş naziri qarşısında ötən ilin fevralında qoyumuşdu. Bu mövzu İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra daim gündəlikdə olub. Aartıq həmin kəndlərə cənab Prezident İlham Əliyev tərəfindən mütəxəssislərdən ibarət qrup ezam olunub. Orada erməni yaşayış məntəqələrinə yaxınlıq məsələsi və eskalasiya olacağı təqdirdə müəyyən təhdidlər olduğundan cənab Prezident tapşırıq verib ki, bu kəndlərin sakinləri üçün mənzil fondunun tikintisi məqsədilə daha çox müdafiə olunan yer seçilsin, onların təhlükəsizliyi təmin edilsin. Bu çox önəmli bir məsələdir və düşünürəm ki, Azərbaycanın 2024-cü ildə əldə etdiyi ən önəmli nailiyyətlərdən biridir.

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.

- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.

Söhbətləşdi: Azər Məmmədov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi