Sentyabrın 9-da NATO Parlament Assambleyasının Təhlükəsizliyin Milli Ölçüsü Komitəsinin videokonfrans formatında iclası keçirilib və iclasda Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvü Kamran Bayramov iştirak edib.
Milli Məclisdən “Ölkə.Az”a verilən xəbərə görə, tədbirə NATO PA-ya üzv və assosiativ ölkələrin nümayəndələri qatılıb.
Gündəliyə “Çin və qlobal liberal quruluş”, “NATO haqqında məlumatın və təhsilin artırılması” barədə hesabat layihələri və təşkilati məsələlər daxil edilib.
Tədbirdə çıxış edən üzv ölkələrin nümayəndələri müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər, qeyd və təkliflərini veriblər.
İclasda çıxış edən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, NATO haqqında məlumatın və təhsilin artırılmasına dair hesabat layihəsində nəzərdə tutulan bütün məsələlər və bu istiqamətdəki səylər, Alyansın yanaşmaları və təşəbbüslərinə xeyli yer ayrılmış, bununla bağlı üzv olan dövlətlərin fəaliyyətinin müstəsna əhəmiyyəti dolğun şəkildə əksini tapıb. Azərbaycanlı millət vəkili əmin olduğunu bildirib ki, ayrıca dövlətlər misalında konkret nümunələrin verilməsi də NATO haqqında ictimaiyyət arasında məlumatlılığın artırılması işində öz dəyərli töhfəsini verəcək.
Deputat hesabat layihəsinin NATO-nun əlaqələri və “COVİD-19 pandemiyası” adlı IV bəndinə dair təklif verdi. Bu bənddə deyilir ki, NATO böhranla mübarizədə üzv olan dövlətlərin əldə etdiyi qabaqcıl təcrübənin mübadiləsini təşviq edir.
Təklif bu cümləyə “üzv olan dövlətlər” sözlərindən sonra “assosiativ üzvlər” sözlərinin daxil edilməsindən ibarətdir. Çünki məsələn, NATO-nun assosiativ üzvü olan Azərbaycan dünyada pandemiyanın başlandığı andan koronavirusa qarşı mübarizədə regional və qlobal səviyyədə zəruri təşəbbüslər irəli sürür və məqsədyönlü addımlar atır, ölkəmiz COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi ÜST-yə könüllü ianə ayırmış, dünyanın 30-dan çox dövlətinə humanitar yardım göstərib.
Hesabat layihəsinin məruzəçisi Angel Tilvara Kamran Bayramovun bu təklifini bəyəndiyini və komitənin növbəti iclasında təklifin müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.
Sonra Kamran Bayramov bildirib ki, COVİD-19 pandemiyası ilə mübarizədə beynəlxalq həmrəyliyin təmin edilməsi, bu sahədə qabaqcıl təcrübənin mübadiləsinin təşviq edilməsi məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə sədri olduğu Qoşulmama Hərəkatının 2020-ci il mayın 4-də Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş videokonfrans formatında Zirvə Görüşü təşkil edildi. Görüşdə Prezidentimiz BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatının üzv ölkələri arasında yekdilliklə razılaşdırıldı və 130-a qədər BMT-nin üzv dövlətləri bu təklifə rəsmi dəstək verib.
Deputat Kamran Bayramov bununla əlaqədar NATO Parlament Assambleyası tərəfindən COVİD-19 pandemiyası ilə mübarizədə NATO-nun rolu və əhəmiyyətinə həsr olunan ayrıca xüsusi video konfransın keçirilməsi, konfransda koronavirusla mübarizədə NATO-ya üzv olan dövlətlərin və assosiativ üzvlərin arasında həmrəyliyin nümayiş etdirilməsi, onlar arasında qarşılıqlı fəaliyyətin təmin edilməsi, qabaqcıl təcrübənin mübadiləsi, bu təhdidə qarşı qlobal cavabın tapılması və digər əhəmiyyətli məsələlərin həmin konfransda müzakirəyə çıxarılması təklifini irəli sürüb. Bununla da NATO Parlament Assambleyasının Təhlükəsizliyin Milli Ölçüsü Komitəsinin videokonfrans formatında keçirilən iclası başa çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.