"Mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək".
Bunu Prezident İlham Əliyev mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib: "Mən qeyd etdiyim kimi, bu sahədə aparıcı beynəlxalq təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı bizim işlərimizə yüksək qiymət verir. Təkcə o qalıb ki, vətəndaşlar məsuliyyət və nizam-intizam göstərsinlər. Əlbəttə, nəzarətedici mexanizm daha da təkmilləşdirilməlidir. Əlbəttə, karantin rejimi yumşaldıqca, nəzarət etmək üçün də müəyyən problemlər yaranır. Ancaq buna baxmayaraq, bütün müvafiq orqanlara göstəriş verildi ki, onlar nəzarəti gücləndirsinlər. Amma yenə də deyirəm ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyəti olmalıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq. Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik. Biz buna qətiyyən yol verə bilmərik. Ona görə mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək".
"Mən əminəm ki, biz buna nail olacağıq. Çünki artıq neçə aydır ki, bu pandemiya bütün dünya üçün böyük problemdir. Amma bu günə qədər vəziyyəti nəzarət altında saxlamaq doğrudan da böyük nailiyyət hesab oluna bilər. Xüsusilə qeyd etməliyəm ki, indiki şəraitdə cəmiyyətdə mövcud olan həmrəylik bəlkə ən yüksək səviyyədədir. Çünki bütün cəmiyyət bu mübarizədə birləşib.
Fürsətdən istifadə edərək özəl sektorun nümayəndələrinə, ictimai təşkilatlara, ayrı-ayrı adamlara bir daha təşəkkürümü bildirmək istəyirəm, həm ianələrə, həm vətəndaşlara göstərdikləri yardımlara, həm də bu qısa müddət ərzində tibbi sənayeni bizim maraqlarımıza uyğun şəkildə təşkil etdiklərinə görə. Bu gün ehtiyac içində yaşayanlara da özəl sektor, ictimai təşkilatlar tərəfindən yardım göstərilir. Onların arasında birinci yerdə əlbəttə ki, Heydər Əliyev Fondu dayanır. Fond, ayrı-ayrı adamlar ehtiyacı olan insanlara kütləvi surətdə kömək göstərirlər, kimin imkanı nəyə çatır etməlidir. Bu, bizim xalqımıza xas olan ən yüksək keyfiyyətləri bir daha göstərir. Ümid edirəm ki, pandemiya gec-tez sona çatacaq, ondan sonra bu həmrəylik ovqatı, həmrəylik əhval-ruhiyyəsi cəmiyyətimizdə daha da güclənəcək", - İlham Əliyev qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.