ABŞ və Qərbin dəstəklədiyi gürcü müxalifəti seçkilərdə qalib gələrsə, yaxud kütləvi iğtişaşlar və “rəngli inqilab” ssenarisi üzrə hakimiyyəti ələ keçirə bilərsə, onda Cənubi Qafqazda daha fərqli və təhlükəli situasiya yaranacaq... Belə ki, bu halda, Ermənistanla yanaşı, Gürcüstana da nəzarəti ələ keçirəcək ABŞ və Qərbin Cənubi Qafqazda təsir dairəsi genişlənmiş olacaq və bundan ən çox rəsmi İrəvan revanşist məqsədlərlə faydalanmağa çalışacaq...
"Yeni Müsavat" bildirir ki, Cənubi Qafqaz yeni mərhələyə keçid ərəfəsinə yaxınlaşır. Bu keçid mərhələsinin keyfiyyat və məzmunu böyük ölçüdə Cənubi Qafqazda sülh prosesinin gələcək taleyindən birbaşa asılıdır. Belə ki, əgər, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması reallığa çevrilərsə, regional sabitlik və inkişaf perspektivlərinin ön plana keçirilməsi təmin ediləcək. Və Cənubi Qafqaz yeni mərhələdə daha çox geoiqtisadi layihələrin icra edilərək, böyük inkişaf dövrü keçirən regiona çevrilə bilər.
Ancaq onu da qeyd etmək lazımdır ki, bunun tamamilə əksi də baş verə bilər. Belə ki, Ermənistan sülh prosesindən yayınmaqda davam edərsə, Cənubi Qafqazda hərbi-siyasi gərginlik qaçılmaz ola bilər. Bu haldasa, regionda hətta yeni savaşın baş vermə ehtimalı ön plana keçər, geopolitik xaos təhlükəsi reallığa çevrilər. Və Cənubi Qafqazın məhz belə təhlükəli situasiya ilə qarşı-qarşıya qalmasında maraqlı olan regiondan kənar güclər də mövcuddur.
Məsələ ondadır ki, ABŞ, Avropa Birliyi və Fransa israrla Cənubi Qafqaza yerləşərək, bu regionda geopolitik oyunçuya çevrilməyə can atır. Üstəlik, Cənubi Qafqaza heç bir aidiyyatı olmayan bu beynəlxalq güclər bu regionda öz hədəflərinə çatmaq üçün məhz Ermənistanı “geopolitik alət” olaraq, seçiblər. Bu regionda sülh prosesinin uğur qazanmasında maraqlı olmayan ABŞ, Avropa Birliyi və Fransa yeni savaş vəziyyətinin yaradılması üçün Ermənistanı silahlandırır, bu ölkəni hərbi-siyasi avantüralara cəsarətləndirir. Və bu baxımdan, indi Cənubi Qafqaz üçün əsas təhlükə məhz “Qərb üçlüyü”nün regional hədəflərindən qaynaqlanır.
Maraqlıdır ki, Cənubi Qafqaza nəzarət uğrunda mübarizə son vaxtlar amansız xarakter almağa başlayıb. ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasının əhatə dairəsi də genişlənməkdə davam edir. Hər halda, Qərb siyasi dairələri bu qarşıdurmada yalnız Ermənistana nəzarət imkanları ilə kifayətlənmək niyyətindən uzaqdırlar. Və indi Qərb siyasi dairələrinin əsas hədəfləri sırasına Gürcüstan da yerləşdirilib.
Xüsusilə də, rəsmi Tiflisin “xarici agentlər” barədə qanunu qəbul edərək, Gürcüstan parlamentində təsdiqlətməsindən sonra ABŞ və Qərbin bu ölkəyə münasibəti radikallaşıb. Hətta son vaxtlar Qərb siyasi dairələrinin Gürcüstana qarşı aqressiv mövqedən çıxış etməyə üstünlük vermələri də müşahidə olunur. Hər halda, rəsmi Tiflisə qarşı sanksiyaların gündəmə gətirilməsi, Gürcüstanın Avropa Birliyinə inteqrasiya prosesi üzrə müzakirələrin tamamilə dayandırılması, maliyyə dəstəyinin dayandırılması olduqca ciddi və sərt addımlardır. Və rəsmi Tiflisin Qərbdən gələn bu təzyiqlərə tab gətirməsi o qədər də asan deyil.
Onu da qeyd etmək lazımdır ki, hazırda rəsmi Tiflisə qarşı xarici və daxili təzyiqlər tədricən mərkəzləşdirilmiş prosesə çevrilməyə də başlayıb. Belə ki, ABŞ və Qərb Gürcüstandakı təsir dayaqlarını hərəkətə gətirməyə cəhd göstərir. Əsas məqsəd isə yaxın günlərdə keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu” Partiyasına qarşı ölkədaxili etiraz dalğasını maksimum həddə çatdırmaqdan ibarətdir. Və bununla da, Gürcüstanda “seçki inqilabı”nın törədilməsinə cəhd göstərildiyi artıq inkaredilməz reallıqdır.
Ona görə də hesab etmək olar ki, Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərinin yekun nəticələri yalnız bu ölkənin deyil, eləcə də, bütövlükdə Cənubi Qafqazın gələcək taleyinə birbaşa təsir göstərə bilər. Belə ki, əgər, “Gürcü arzusu” Partiyası qalib gələrsə və hakimiyyətini qorumağı bacararsa, bu halda, ABŞ və Qərbin Cənubi Qafqaza yerləşmək cəhdləri müəyyən problemlərlə üzləşə bilər. Belə olacağı təqdirdə, ABŞ və Qərbin Ermənistanı “geopolitik alət” kimi gücləndirmək cəhdləri də öz effektivliyini itirməyə başlayacaq.
Təbii ki, əgər, hadisələr bu ssenari üzrə inkişaf edərsə, onda, rəsmi İrəvan Cənubi Qafqazda ABŞ və Qərbin for-postu funksiyalarını yerinə yetirməkdə çətinlik çəkəcək. Ona görə də, regionda Qərbin dayaq məntəqəsi olaraq, təklənmiş və ümid etdiyi dəstəyi tam ala bilməyən Ermənistan Azərbaycanla yekun sülh sazişini rəsmi Bakının şərtləri çərçivəsində imzalamaq məcburiyyətində qalacaq. Və bu, həm də Azərbaycanın böyük geopolitik qələbəsi anlamı daşıyacaq.
Ancaq ABŞ və Qərbin dəstəklədiyi gürcü müxalifəti seçkilərdə qalib gələrsə, yaxud kütləvi iğtişaşlar və “rəngli inqilab” ssenarisi üzrə hakimiyyəti ələ keçirə bilərsə, onda Cənubi Qafqazda daha fərqli situasiyanın yaranacağı qətiyyən şübhə doğurmur. Belə ki, bu halda, Ermənistanla yanaşı, Gürcüstana da nəzarəti ələ keçirəcək ABŞ və Qərbin Cənubi Qafqazda təsir dairəsi genişlənmiş olacaq. Və bundan ən çox Ermənistan faydalanmağa çalışacaq.
Məsələ ondadır ki, ABŞ və Qərbin Cənubi Qafqazda mövqelərinin genişlənməsi və möhkəmlənməsi Ermənistanı yeni revanş hədəfli savaşa cəsarətləndirə bilər. Qərb siyasi dairələrinin elə indidən savaşa hazırladığı Ermənistanın təhlükəli təxribatlara əl ata biləcəyi qətiyyən istisna deyil. Yəni, ABŞ və Qərb üçün Cənubi Qafqazda yeni savaşın törədilməsi və regional xaosun yaradılması imkanları genişlənə bilər. Və bu baxımdan, Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərinin yekun siyasi nəticələri indi bütövlükdə Cənubi Qafqaz regionu üçün taleyüklü xarakter daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.