HƏMAS liderinin ölümündən sonra Yaxın Şərq yeni lokal və ya genişmiqyaslı müharibənin başlanması təhlükəsi ilə qarşı-qarşıyadır. Belə bir qarşıdurmanın baş verməsi qaçılmazdır. Amma bu necə və hansı formada, nə zaman baş verəcək demək çətindir.
Qonşu Yaxın Şərqdə, xüsusən də İranın cəlb olunduğu bu durumun Cənubi Qafqaza, həmçinin Azərbaycana da təsirləri qaçılmazdır. Baş verən proseslərin həm mənfi, həm də müəyyən müsbət cəhətləri istisnasızdır. Ən azından regional gərginlik baxımından. Qonşu bölgədəki istənilən böhranların, xüsusən də hərbi qarşıdurma ilə müşayiət olunan böhranlar birbaşa və dolayı yolla mənfi təsirlər göstərir. Bu, ilk növbədə qonşu ölkələrin təhlükəsizliyinə, ictimai-siyasi sabitliyinə, ticari-iqtisadi əlaqələrinə hansısa formada mənfi təsirlərini göstərir.
Yaxın Şərqdəki münaqişədə birbaşa və dolayı iştirak edən güclərin Cənubi Qafqazda ciddi maraqlarının olduğunu nəzərə alsaq, o zaman mənzərə tam aydın olar. Nəticə etibarilə Yaxın Şərqdə baş verən proseslər Cənubi Qafqaza təsirsiz ötüşməyəcək. Amma Azərbaycan Yaxın Şərqdəki proseslərdən öz milli maraqları naminə faydalana bilər.
Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının əsas şərtlərindən biri Naxçıvanla birbaşa əlaqənin yaradılması məqsədilə nəzərdə tutulan "Zəngəzur dəhlizi" ideyasının reallaşdırılmasıdır.
"Zəngəzur dəhlizi"nin reallaşmasına maneçilik yaradan bölgədə marağı olan İran, Fransa, Hindistan olmaqla bəzi digər Qərb ölkələridir. Buna görə də bu ölkələr hər vasitə ilə Ermənistanı sürətlə silahlandırırlar. Bu planın da arxasında Ermənistanı gücləndirmək yox, Zəngəzur uğrunda gedən mübarizə dayanır.
Orta dəhlizin tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılmasında Türkiyə, Rusiya, Çin, İsrailin, İngiltərənin mövqeyi aydındır. ABŞ də prinsipcə bunun əleyhinə deyil. Sadəcə, bir az fərqli yanaşması mövcuddur.
Onlar bölgədə maraqlarını təmin etmək üçün Zəngəzur faktorundan faydalanmağa çalışırlar. Lakin mövcud vəziyyətdə Bakı Zəngəzur məsələsində maraqları toqquşan güclərin hamısı da olmasa, əsas aktorların maraqlarını uzlaşdırmaqla məsələni həll edə bilər. İranın diqqəti daha ciddi şəkildə İsraillə münaqişəyə cəlb ediləcəksə, o zaman Tehran İrəvana lazımi dəstəyi verə bilməyəcək.
İranın hazırda üzləşdiyi vəziyyətdə Ankara və Bakıya böyük ehtiyac duyduğu anda Tehranı bu məsələdə razı salmaq olar. Moskva və Pekin isə Tehranı yola gətirə bilər.
Yaxın Şərqdə vəziyyət gərginləşən xətt üzrə inkişaf edəcəksə, o zaman bölgədə marağı olan ABŞ-nin də diqqəti həmin bölgəyə yönələcək. Burada digər amil də ondan ibarətdir ki, Amerikada seçki ərəfəsində olduğundan Ağ Ev Cənubi Qafqaza lazımi diqqət yetirə bilməyəcək. Ağ Ev prinsipcə Ermənistanın Qərb-Şərq dəhlizinə inteqrasiyasında maraqlı olduğundan Zəngəzur dəhlizinin reallaşmasının tam əleyhinə çıxış etmir. Ağ Ev rəsmisi O`braynın Senatda dinləmələr zamanı Ermənistanın Orta Asiyaya nəqliyyat çıxışını təmin etməsində maraqlı olması barədə son açıqlaması da bunu deməyə əsas verir.
Bura Rusiya-Ukrayna münaqişəsini əlavə etsək bölgədəki mənzərə tam aydın olar. Sadəcə olaraq Fransa burada müəyyən mənada dirəniş göstərə bilər. Əgər digər oyunların mövqelərinda uzlaşma yaratmaq mümkün olarsa, o zaman Fransanın dirənişinin ciddi nəticəsi olmayacaq.
Onu da qeyd etmək laızmdır ki, uzun müddətdir bəzi mərkəzlər Ermənistanla Azərbaycan arasında növbəti qarşıdurmanın olacağını istisna etmirlər. Hətta payızda belə bir toqquşmanın olacağını da proqnozlaşdırırlar. Təbii ki, belə bir toqquşma baş verəcəksə, bu, ancaq Zəngəzur uğrunda ola bilər. Amma rəsmi Bakı bu istiqamətdə diplomatik səylərini və hərbi-psixoloji təzyiqini davam etdirərsə, o zaman məsələni danışıqlar yolu ilə İrəvana diktə etdirmək olar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.