Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası 8 gündür davam edir.
Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır. Belə ki, dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var.
Bu gün səhər saatlarında Xankəndi tərəfdən Laçın istiqamətinə doğru Rusiya sülhməramlılarından birinin ailə üzvləri keçiblər. Aksiya iştirakçıları keçidə tam şərait yaradıblar.
Bu, bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır. Aksiya iştirakçıları buradan bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini bildirirlər.
Təəssüf ki, Ruben Vardanyan onları buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən feyk məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Dekabrın 16-da, Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.