Nə qədər qəribə də olsa, Ukraynada işğalçılıq müharibəsi aparan Kreml sahibi Vladimir Putin Ermənistanla "siyasi bazarlıq" üçün Rusiyanın deyil, məhz Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini seçib... Rəsmi Bakı isə Azərbaycan ərazilərinin toxunulmazlığı və başqalarının "siyasi bazarlığı" üçün müzakirə predmeti olmayacağı barədə sərt xəbərdarlıq etdi...
ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda rəqabəti getdikcə, daha amansız xarakter alır. Bunun real nəticələri isə məhz regional sülh prosesinə göstərilən kənar müdaxilələr ilə ortaya çıxır. Və Rusiya hazırda "zəif bənd" vəziyyətinə düşdüyü üçün Kreml ilk dəfə Cənubi Qafqazı tamamilə itirmək təhlükəsi ilə üzləşib.
Kreml situasiyanı xilas etməyə çalışır. Bunun üçün bütün mümkün vasitələrdən istifadə etməyə can atır. ABŞ və Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq planında məhz Ermənistan "geopolitik alət" rolunu oynadığından Kreml açıq-aşkar rəsmi İrəvanı yenidən öz tərəfinə çəkməyə cəhd göstərir. Və Rusiya prezidenti Vladimir Putinin son açıqlamalarında Kremlin rəsmi İrəvan qarşısında nə qədər aciz duruma düşdüyü açıq şəkildə nəzərə çarpır.
Məsələ ondadır ki, Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını dəstəklədiyini vurğulayan prezident Vladimir Putin Kremlin rəsmi İrəvana hər hansı variantın qəbulunu təlqin etməyəcəyini deyib. Onun sözlərinə görə, Rusiya "Dağlıq Qarabağ məsələsi"ni nizamlanmasını dəfələrlə təklif edib: "Vaxtilə biz təklif etdik ki, Azərbaycanın Ermənistan tərəfindən nəzarətdə saxlanan 7 rayonundan 5-ni geri qaytarmaq lazımdır. Ermənistanın "Dağlıq Qarabağ" ilə əlaqə saxlaması üçün 2 böyük rayon kifayət edə bilərdi. Bu mövzuda Azərbaycan ilə hansısa mərhələdə anlaşmaq olardı. Ancaq Ermənistan rəhbərliyi fərqli yol tutdu və indiki vəziyyət yarandı".
Göründüyü kimi, Kreml sahibi SSRİ dağıldıqdan sonra birmənalı şəkildə Ermənistanın maraqlarına uyğun mövqe tutduğunu açıq şəkildə etiraf edir. Azərbaycanın beynəlxalq hüquq normaları ilə tanınmış ərazilərində Ermənistanın işğalçılıq siyasətini dəstəklədiyini qabardır. Ancaq rəsmi İrəvanı səhvə yol verərək, böyük itkilərə səbəb olduğuna eyham vurur. Və bu, Rusiyanın son 30 ildə Azərbaycana qarşı necə təhlükəli oyunlar oynadığını rəsmən ifşa edir.
Prezident Vladimir Putin açıq şəkildə Rusiyanın ənənəvi olaraq, həmişə Ermənistanı dəstəklədiyini, Azərbaycan ərazilərində qurulmuş qondarma erməni dövlətinin təhlükəsizliyi üçün bütün zəruri addımları atdığını da gizlətmir. Əslində, o, bunu gizlədə də bilməz. Çünki, Azərbaycanda hər kəs çox gözəl bilir ki, "Dağlıq Qarabağ problemi" məhz Rusiya tərəfindən uydurularaq, yaradılmışdı. Keçmiş SSRİ dağılarkən Azərbaycan əraziləri Rusiya ordusunun iştirakı ilə işğal olunaraq, Ermənistanın nəzarətinə verilmişdi. Sonrakı illərdə Rusiya Ermənistana külli miqdarda silah-sursat və hərbi texnika "hədiyyə" etmişdi. Və ona görə də, prezident Vladimir Putin deməsə belə, Rusiyanın Azərbaycana qarşı Ermənistanın arxasında gizlənərək, savaş apardığı indi hər kəsə məlumdur.
Təbii ki, Azərbaycan ordusu 44 günlük savaş dövründə Ermənistanla yanaşı, həm də Rusiyanı məğlub edib. Rusiyanın son 30 ildə Azərbaycana qarşı apardığı səhnəarxası savaşın nəticələrini aradan qaldırmağa nail olub. Ona görə də, hazırda Rusiyanın vaxtilə Azərbaycana qarşı atdığı addımlarla yanaşı, Kremlin indiki mövqeyi böyük önəm daşıyır. Və prezident Vladimir Putinin açıqlamalarından belə anlaşılır ki, bu məsələdə elə də çox şey dəyişməyib, Rusiya yenə də Ermənistanın yanındadır.
Məsələ ondadır ki, Kreml sahibi sülh sazişi üzrə "Vaşinqton sənədi"nin "Dağlıq Qarabağ" üzərində Azərbaycanın suverenliyinin tam şəkildə təmin etdiyini xüsusi olaraq, vurğulayıb. O, rəsmi İrəvanın həmin sənədi imzalamasının yolverilməz olduğuna eyham vurub: "Əgər, Ermənistan rəhbərliyi Azərbaycanın "Qarabağ" üzərindəki suverenliyini tanımaq lazım olduğunu düşünürsə, biz də bunu dəstəkləyirik. Yox, əgər, Ermənistan rəhbərliyi "Qarabağ"ın özəl xüsusiyyətlərin olduğunu və onların müzakirə edilməsinin vacibliyini düşünürsə, bu da mümkündür. Azərbaycan ilə müzakirə etmək lazımdır. Bu, çox qəliz məsələdir. Ancaq Ermənistan Rusiyanın strateji müttəfiqidir. Biz Azərbaycanın maraqlarını da əhəmiyyətli dərəcədə nəzərə almaqla, Ermənistan nə təklif edərsə, onun üzərində dayanmağa çalışacağıq".
Belə anlaşılır ki, Rusiyaya xəyanət edib, Ermənistanı Qərbə yaxınlaşdırmağa çalışan baş nazir Nikol Paşinyan Kreml sahibi Vladimir Putini əsl "siyasi akverçi" durumuna düşünməyə nail olub. Nə qədər qəribə də olsa, Ukraynada işğalçılıq müharibəsi aparan Kreml sahibi Vladimir Putin "siyasi bazarlıq" üçün Rusiyanın deyil, məhz Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini seçib. Və prezident Vladimir Putin deyəsən, unudur ki, 44 günlük savaşdan sonra şəxsən açıqlama vermişdi, "Dağlıq Qarabağ"ın beynəlxalq hüquq normalarına görə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu rəsmən bəyan etmişdi.
Prezident Vladimir Putin onu da unudur ki, onun Azərbaycan əraziləri ilə bağlı qərar vermək və ya "siyasi bazarlıq" etmək hüququ yoxdur. Azərbaycan dövləti öz ərazilərini nə Rusiyanın, nə də hər hansı digər ermənipərəst ölkənin özəl maraqları üçün "siyasi bazarlıq" predmetinə çevrilməsinə imkan verməz. Və tezliklə Azərbaycan dövlətinin Rusiya prezidentinin "qırmızı cizgiləri" keçən açıqlamalarına lazımi cavabı verəcəyi qətiyyən şübhə doğurmur.
Hələlik isə Azərbaycanın baş naziri Əli Əsədov MDB hökumət başçılarının toplantısında ilkin reaksiya verib. O, bildirib ki, rəsmi Bakı Ermənistan ilə sülh sazişinin imzalanmasına hazırdır: "Ancaq Azərbaycanın suveren əraziləri müzakirə predmeti ola bilməz. Azərbaycan ərazisində hər hansı "Dağlıq Qarabağ" mövcud deyil. Azərbaycan ərazilərinin bir qarışını belə, heç kimə verməyəcəyik".
Göründüyü kimi, Rusiya Ermənistanı öz orbitində saxlaya bilmək üçün "Dağlıq Qarabağ mövzusu"nu yenidən gündəmə qaytarmağa cəhd göstərir. ABŞ və Qərbin Ermənistana nəzərəti ələ keçirəcəyi təqdirdə, Rusiyanın Cənubi Qafqazı tamamilə itirəcəyini anlayan Kreml Paşinyan hakimiyyətinə reallaşmayacaq vədlər vermək məcburiyyətində qalıb. Halbuki, bu, Kreml üçün daha ciddi problemlər yarada bilər.
Məsələ ondadır ki, Kremlin Azərbaycana təzyiq mexanizmləri artıq işləmir və öz əhəmiyyətini də itirib. Rəsmi Bakının Kreml sahibinin açıqlamalarına ilk reaksiyası da qətiyyətli və prinsipial xarakter daşıyır. Azərbaycanın rəsmi dairələri birmənalı şəkildə anlatmağa çalışırlar ki, əgər, Rusiya və Ermənistan arasında bir "siyasi bazarlıq" varsa, onu bu iki ölkəyə aid olanlarla aparmaq lazımdır. Azərbaycan əraziləri toxunulmazdır və başqalarının "siyasi bazarlığı" üçün müzakirə predmeti ola bilməz. Bununla da, rəsmi Bakı əslində, Kremlə "qırmızı cizgiləri"n keçilməsinə görə həddini bildirmiş olur. Və yaxın vaxtlarda rəsmi Bakının daha sərt reaksiya verəcəyi də qətiyyən şübhə doğurmur.(Yeni Müsavat)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.