Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər günü kimi qeyd olunur.
"Ölkə.Az" xəbər verir ki, bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.
Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda AÇG-nin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkədən olan 11 xarici neft şirkəti arasında müqavilənin imzalanması ilə bağlıdır. İlkin olaraq 30 il müddətinə imzanlanmış AÇG sazişi 2 dekabr 1994-cu il tarixində Milli Məclis tərəfindən qəbul olunub və 14 dekabr 1994-cu il tarixində qüvvəyə minib. Bu saziş keçmiş Sovet İttifaqının hər hansı bir ölkəsinə Qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və “Əsrin müqaviləsi” kimi tanınır.
Saziş ratifikasiya olunduqdan sonra sazişi SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq ABƏŞ altı ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkətindən (BP, “Amoco”, “Unocal”, “LUKoil”, “Statoil”, “Exxon”, TPAO, “Pennzoil”, “McDermott”, “Ramco” “Delta Nimir”) təşkil olunmuşdu.
1999-cu ilin iyun ayından etibarən, BP ABƏŞ üzrə operatorluq fuksiyasını öz üzərinə götürüb.
Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (30,37 faiz), SOCAR (25,0 faiz), “Chevron” (9,57 faiz), INPEX (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz).
AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2000-3500 m dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir.
Yatağın işlənməsi bir neçə mərhələdə həyata keçirilib: “Çıraq” yatağından hasilat İlkin Neft Layihəsi (İNL) çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca “Azəri” layihəsi “Mərhələ 1” – “Mərkəzi Azəri”dən hasilat 2005-ci ilin əvvəlində başlanıb. Sonrakı 2-ci faza “Qərbi Azəri” və “Şərqi Azəri” platformalarını əhatə edib. Orada hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-ci ilin axırlarında başlanıb. AÇG yatağının işlənməsinin növbəti 3-cü fazası çərçivəsində “Dərinsulu Günəşli” platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra “Qərbi Çıraq” platformasını əhatə edən Çıraq Neft Layihəsi davam edib. Həmin platformadan ilk neft 28 yanvar 2014-cü il tarixində əldə olunub. AÇG yatağının işlənməsi ilə əlaqədar ən sonuncu layihə “Mərkəzi-Şərqi Azəri” layihəsidir. Bu layihəyə 2019-cu ildə sanksiya verilib və o, bir hasilat platformasının tikintisindən ibarətdir. Bu layihə hazırda icra mərhələsindədir və orada ilk neft hasilatı 2023-cü ildə gözlənilir.AÇG yatağının işlənməsinin uğurunu nəzərə alaraq, Azərbaycan Hökuməti və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 14 sentyabr 2017-ci il tarixində imzalayaraq AÇG sazişinin müddətini əsrin ortalarına qədər uzadıblar.
Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard dollardan çox kapital qoymağa imkan verir.
Bu il "Əsrin müqaviləsi"nin imzalanmasının 25-ci ildönümü qeyd edilir. 2019-cu ilin birinci yarısının sonuna AÇG-yə ümumi investisiya həcmi 36 milyard dollardan çox olub. AÇG sayəsində Azərbaycan strateji enerji təchizatçısı kimi daha mühüm rol oynamağa başlayıb. AÇG ölkəyə 143 milyard dollardan çox gəlir qazandırmış unikal layihələrdən biridir. AÇG istismara veriləndən indiyə kimi 492 milyon ton neft və 161 milyard kubmetr qaz hasil edilib.
Hazırda AÇG yatağından gündə təxminən 550 min barel neft hasil olunur. Həmin neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutları ilə ixrac olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.