Ermənistan böyük sülhə hazırlanır - “üç bənd”də nələr var? Politoloq: “Bakı bir daha Qarabağı İrəvanla müzakirə etməyəcək...”
Vətən müharibəsindəki zəfərimizin ilk ildönümünə cəmi 20 gün qaldı. Bu ərəfədə siyasi gündəmi zəbt edən mövzulardan biri də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması yönündə müzakirələrlə bağlıdır.
Ötən həftəsonu Qarabağda yaşanan növbəti erməni təxribatı böyük sülh anlaşmasının nə dərəcədə önəmli olduğunu qabarıq şəkildə ortaya qoydu. Bu isə ən çox kapitulyant ölkəyə gərəkdir, çünki siyasi və hərbi analitiklərin yekdil rəyincə, növbəti müharibə Ermənistanın özünün dövlət kimi yox olmasına gətirəcək.
Keçən həftə həmçinin Ermənistanın üzv olduğu “Rus NATO-su”dan İrəvanı məyus edən açıqlamanın verilməsi ilə yadda qaldı. Belə ki, KTMT Birləşmiş Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov bildirdi ki, Qarabağla dair razılaşmalar (10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli sazişlər nəzərdə tutulur) bölgədə yekun siyasi həll üçün kifayətdir.
Xatırladaq ki, adıçəkilən sənədlərdə heç bir status söhbəti yoxdur və “Dağlıq Qarabağ” münaqişə tərəfi kimi göstərilməyib. Onu da yada salaq ki, hazırda KTMT-yə müvəqqəti sədrliyi elə Ermənistan edir. Lakin aydındır ki, blokda həlledici söz sahibi Rusiyadır. General Sidorov da məhz Moskvanın sözünü deyir. Bu da o anlama gəlir ki, Rusiya 10 noyabr üçtərəfli sazişin ona qazandırdığı unikal siyasi-diplomatik və hərbi dividentləri heç kimlə, həmçinin satellit Ermənistan naminə bölüşmək fikrində deyil.
Rəsmi İrəvan isə məlumdur ki, Rusiyanı və ATƏT-in Minsk Qrupunun digər iki həmsədr ölkəsini - ABŞ və Fransanı sinxron şəkildə təzədən “Minsk prosesi”nə qaytarmağa çalışmaqla yeni reallıqda Qarabağ erməniləri üçün mümkün maksimumu əldə eləməyə ümidlidir. Buna status cəhdləri də demək olar.
*****
Nikol Paşinyan eyni zamanda tələsir. Nədən ki, “Qarabağ yükü” ona ölkədə dərin siyasi-iqtisadi islahatlara getməyə imkan vermir. İnqilabçı baş nazir bu “yük”dən birdəfəlik qurtulmağa çalışır ki, öz xalqına verdiyi vədlərin heç olmasa, bir qismini reallaşdırsın. Əks halda, onun üçün İrəvanda “dar ağacı” da qurula bilər.
Lakin Ermənistanın hazırkı rəhbərliyi də, onun müxalifəti və cəmiyyəti də artıq anlayır ki, Qarabağda qalan bir ovuc erməniyə “dövlət” statusu, yaxud “öz müqəddəratı təyinetmə” haqqı tələb eləmək, yumşaq desək, qeyri-ciddilik, hətta səfehlikdir. Ona görə ki, Azərbaycan Vətən müharibəsi ilə bölgədə tam yeni bir gerçəklik yaradıb və bu gerçəklik bir-iki aylıq və ya bir-iki illik deyil, həmişəlikdir.
İkinci yandan, ABŞ, Fransa və Rusiya da daxil, beynəlxalq birlik ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Bunu 44 günlük müharibədə ermənilər də gördü. Bir azca Fransa prezidenti atılıb-düşdü, Fransa parlamenti hoqqabazlıq elədi, ancaq onlar da unudulub getdi. Rusiya prezidenti Putin isə müharibənin gedişində iki dəfə açıq və birmənalı bəyan elədi ki, müharibə Ermənistanın yox, Azərbaycanın ərazisində gedir.
*****
O da maraqlıdır ki, sentyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə götürən “France 24" telekanalının müxbiri ona ”Siz Qarabağa muxtariyyət verməyə hazırsınızmı" sualı ünvanlamış, belə bir cavab almışdı: “Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk Qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman ”yox" deyirdilər - yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır".
Fransız telejurnalistin “Yəni onlara muxtariyyət verilməyəcək, bu, artıq müzakirə mövzusu deyil?” dəqiqləşdirici sualını isə İlham Əliyev “Tamamilə doğrudur, bu, artıq müzakirə mövzusu deyil” şəklində cavablandırmışdı.
Böyük ehtimalla, muxtariyyətlə bağlı sual ölkə başçısına həm də Fransadakı erməni lobbisinin adından ünvanlanmışdı. Ayrı sözlə, indi Fransa da, oradakı erməni diasporu da, ümumən dünya erməniliyi də anlayır ki, “artsax” üçün dövlətcik oyunu bitib. Odur ki, “muxtariyyət” söhbətini ortaya atmağa başlayıblar...
*****
Ötən həftənin yadda qalan siyasi olaylarından biri də Fransanın Ermənistana yeni təyin olunmuş səfiri Ann Luyonun “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində işlətdiyi belə bir fikir olmuşdu: “Fransa, Rusiya və ABŞ-la birlikdə Qarabağla bağlı uzunmüddətli sülh müqaviləsinin imzalanması üzərində işləyir”.
Lakin səfir detalları açıqlamamışdı. Bəs Bakı və İrəvan arasında imzalanması imperativə çevrilən sülh anlaşması özündə nələri əhatə edə bilər?
"Ölkə.Az" “Yeni Müsavat”a istinadən bu xüsusda diqqəti Armenianreport.com-dakı redaksiya məqaləsinə yönəldir.
“Gəlin realist olaq: bizim üçün əsas odur ki, mövcud vəziyyətdə problem yalnız erməni tərəfinin fundamental güzəştləri hesabına həllini tapa bilər. Ehtimal eləmək olar ki, Fransa səfirinin bəhs etdiyi, Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsi üç əsas bənddən ibarət olacaq”, - deyə sayt qeyd edir.
Məqalədə həmin bəndlər belə sıralanır: “Birincisi, sənədi imzalayan tərəflər bir-birinin ərazi bütövlüyünü tanımaq, bütün dövlətlərarası kommunikasiyaların açılması və təhlükəsiz işləməsini təmin etmək, habelə SSRİ-nin dağılması zamanına kimi iki respublika arasında mövcud olmuş inzibati sərhədləri əsas götürməklə sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamaq öhdəliyini götürürlər.
Müqavilənin ikinci bəndində onu imzalayacaq tərəflər öhdəlik götürür ki, 44 günlük müharibədən sonra təhlükəsizliyi Rusiya sülhməramlıları tərəfindən təmin edilən ərazidəki insanların hüquqları ilə bağlı məsələlərin həllini Minsk Qrupunun himayəsi altında axtarmağa davam edəcəklər. Və bu problemləri həll etmək üçün yenə Minsk Qrupunun himayəsi altında ikitərəfli (Azərbaycan-Ermənistan - red.) komissiya yaradılır.
Nəhayət, üçüncüsü, Rusiya sülhməramlı kontingenti komissiyanın işi bitənə və bütün məsələlər razılaşdırılana qədər ərazinin təhlükəsizliyini təmin etmək üçün mandat alır".
*****
Bu bəndlərdən ən önəmlisi və reallığa yaxın olanı yəqin ki, birincidir. Çünki Ermənistan ərazi bütövlüyümüzü qeyd-şərtsiz tanımayınca bölgədə nə daimi sülh bərqərar olacaq, nə də onun özü iqtisadi-sosial böhrandan çıxa biləcək.
O ki qaldı Qarabağdakı ermənilərə hansısa əlavə hüquqların tanınmasına, Azərbaycan Prezidentinin yuxarıdakı sitatından göründüyü kimi, belə bir şey olmayacaq, gözlənilmir. Yəni Bakı İrəvanla bir daha masa arxasında Qarabağı, özünün daxili inzibati bölgüsünü müzakirə eləməyəcək, çünki bu, bizim daxili işimiz, qanuni ərazimizdir.
Politoloq Fərhad Məmmədovun “Kommersant”a açıqlamasında haqlı vurğuladığı kimi, erməni tərəfi “Dağlıq Qarabağ”ın gələcək statusu ilə bağlı məsələ qaldıra bilməyəcək. “Bakının məntiqi ondan ibarətdir ki, Qarabağ erməniləri Azərbaycanın yurisdiksiyasındadır və biz bunları Ermənistanla müzakirə etməyəcəyik. ”Qarabağ" və “Ermənistan” sözlərinin birlikdə çəkildiyi son sənəd 10 noyabr tarixli üçtərəfli saziş idi. Azərbaycan təmsilçiləri bir daha belə bir sənədə imza atmayacaqlar", - deyə o qeyd edib.
Nəhayət, Rusiya hərbçilərinin Qarabağda nə qədər qalacağına da məhz Bakı qərar verəcək, hansısa ikitərəfli komissiya və ya Minsk Qrupu yox...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.